Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:46

Titul sadiqliyi… [Video]


Kulturoloq Elmir Mirzəyev, yazar İradə Tuncay və yazıçı Vaqif Səmədoğlu Əkrəm Əylislinin «Xalq yazıçısı» adından məhrum edilməsinə münasibət bildirirlər

-


İradə Tuncay:

- Bu əsər söhbəti də, bu müzakirələr də yetər. Bəsdir. Məni narahat edən cəmiyyətdə birdən-birə bütün toplumun bir nəfərin üstünə belə qalxmasıdır. Bu söhbətdə məni həm də o sevindirdi ki, bilindi ki, hələ də cəmiyyətdə ədəbiyyata maraq var. Ədəbiyyat söhbətləri, deyəsən, artıq hamını maraqlandırır. Mən artıq ümidimi üzmüşdüm. Deyəsən, ədəbiyyat, ümumiyyətlə, bu xalqın heç bir təfəkkürünə təsir edə bilmir.

Elmir Mirzəyev:

- Mən şübhə edirəm ki, bu, ədəbiyyat söhbətidir. Bu danışanların içərisində bu əsəri oxuyanları götürsək, yəqin ki, onların sayı olduqca azdır.

İradə Tuncay:

- Mən də bu əsəri oxumamışam. Çünki mənim üçün Əkrəm Əylisli bir yazıçı kimi neçə il bundan əvvəldən yoxdur. Mən onun sevdiyim əsərlərində obrazını yaşadıram. Buna görə də ona «Xalq yazıçısı» demək lazım deyil.

Elmir Mirzəyev:

- Bu ədəbiyyat söhbəti deyil axı. Bu, siyasi klişedirmi... Bu bir şoudur.

İradə Tuncay:

- Ədəbiyyatın kimə isə təsir etməsi, qorxutmasıdır.

Elmir Mirzəyev:

- Axı əsəri oxumurlar…

İradə Tuncay:

- Oxudular da. Bu, piar oldu əməlli-başlı.

Elmir Mirzəyev:

- Siz də oxumamısınız. Düzünü deyim, mən də oxumamışam. Oxudum yarısına qədər mənə maraqlı gəlmədi. Rezumesini başa düşdüm. Bu, ədəbiyyat söhbəti deyildi.

İradə Tuncay:

- Amma indiyə qədər, yəqin ki, ədəbiyyatın belə vasitə olması olmamışdı. Bu dəfə oldu.

Elmir Mirzəyev:

- Bu, əslində bizim cəmiyyətin, ictimai quruluşun göstəricisidir. İndi yazıçı nə yazıb, nə yazmayıb, bunu kənara qoyaq. Əslində bizim cəmiyyətdəki bu cür münasibətlər, bunu parlament səviyyəsində müzakirə etmək cəmiyyətdə olan anarxistik quruluşdan xəbər verir. Sovet bürokratiyası bəlli hadisələrdən 90-cı illərdə yenidən xortladı. Biz illüstrasiya keçirə bilmədik. Yəni, keçmiş dəyərlərin yenilməsi baş vermədi. Məsələn, elə bu fəxri adların özü anarxizmdir. Çünki böyük hərflə əməyə və xalqa apelyasiya edilir. Bu, fəxri adlardan imtina edilməli idi.

Vaqif Səmədoğlu:

- Adların, rütbələrin, ordenlərin, medalların verilməsində hüquqi qaydalar və qanunlar var. Geri alınmasında da. Amma məsələ bundadır ki, bu prosesin mənəvi mexanizmi yoxdur. Əkrəmin əlindən o «Xalq yazıçısı» adı alındı. Amma mexaniki Əkrəmin indi başqa adı var. Üstündən «Xalq yazıçısı» adı götürülmüş yazıçı. Nobel mükafatından imtina etmiş yazıçılar olub. Amma indi hamı onları Nobel mükafatı laureatı kimi tanıyır. Bunun mənəvi mexanizmi yoxdur. Adam çaş-baş qalır. Necə olur ki, Əkrəm Əylisli 14-15 il «Xalq yazıçısı» oldu, indi yazıçı olmadı? Əvvəla Əkrəm yazıçıdır, gözəl əsərlər yazıb. Məndə bütün bunlar təəssüf doğurur. Burda bir məsələ də var. Azərbaycanın adı, imici. Dünya ictimaiyyəti adlandırdığımız amorf bir məfhumu mən yaxşı tanıyıram. Qərbi Avropa və Amerikanı nəzərdə tuturam. Onlar heç nə oxumurlar. Onlar Əkrəmin romanını oxumayacaqlar. Necə ki burda o roman haqqında danışanların 80 faizi deyir ki, oxumamışam. Ancaq onlara nə lazımdır? Azərbaycanda bədii əsər üstə yazıçı təqib olunur, əlindən fəxri adı alınır, təqaüdü kəsilir. Bax, bu məsələni gərək düşünəydilər. Bunun Əkrəmə ziyanı ancaq mənəvidir, Azərbaycana isə siyasidir.

Şərhləri göstər

XS
SM
MD
LG