Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:53
-
3 il əvvəl İranda prezident seçkilərinin saxlatalaşdırılmasına etiraz edənlər kütləvi şəkildə həbs edilirdi. Tutulanlardan biri də Hooman Musavi idi. Onu Tehranın Evin həbsxanasına salmışdılar.

Musavini gözü bağlı üzü divara oturtmuşdular. Arxadan bir nəfər ona suallar verirdi.

Qəfildən məhbusun başına güclü zərbə dəyir. Arxadakı adam siyirməni açıb oradan bir kağız çıxarır və məhbusdan onu imzalamağı tələb edir.

Bu dəfə zərbə Musavi-nin sifətinə dəyir: Məhbus o günü belə xatırlayır:

“Bu sorğu-sual 18 saat çəkdi. Onun imzalamağımı istədiyi kağızda guya mənim kimlərləsə münasibətlərimin olduğu, hansısa mitinqlərə getməli olduğum, hansısa hesabatlar və məlumatlar hazırlamağım, onları kimlərəsə göndərməli olduğum yazılmışdı”.

Nəhayət sorğu-sual bitir və məhbusu aparıb 209 saylı təkadamlıq kameraya salırlar.

Onun əllərindəki qandalları divarın yuxarısındakı kandisionerə bağlayırlar

Elə yüksək yerdən bağlanır ki, məhbus otura bilmir. Getdikcə onun əlləri soyuyur və bənövşəyi rəngə çalmağa başlayır.

Hooman Musavi bacısı ilə

Hooman Musavi bacısı ilə

“Mən zəiflikdən əziyyət çəkirdim. Mühafizəçi qapını açar, yerə yemək qoyar və qapını örtərdi. Mən bircə əzələmi də tərpədə bilmirdim. Bir müddət huşumu itirdim, özümə gələndə əllərimə baxdım və dəhşətə gəldim. Əllərim tünd bənövşəyi idi. Çox qəribə vəziyyət idi. Çiyinlərim qıc olmuşdu, onları tərpədə bilmirdim”.

Musavi 2 il yarım həbsdə qalır. Onun günahı müxalifətdəki Yaşıl Hərəkatın seçki saxtakarlığına etiraz olaraq keçirdiyi mitinqlərə qatılması, aksiyanın fotolarını, videolarını çəkməsi idi. 2 il yarımın 7 ayını o, təkadamlıq kamerada keçirir.

Amma bu, ilk dəfə deyildi Musavi həbsə salınırdı.

O ilk dəfə həbsə anasının bətnində ikən düşmüşdü

1986-cı ildə Musavi Şirazın Adelabad həbsxanasında doğulub. Onun tekstil sexində çalışan atasını müxalifətyönlü Xalq Mücahidin Təşkilatı ilə əlaqədə suşlayıb tutmuşdular.

Həmin təşkilat ki, İrandakı İslamçı rejimə qarşı çıxırdı və 1980-88-ci illərdə İran-İraq müharibəsində Səddam Hüseyn ordusu ilə birlikdə İran qoşunlarına qarşı döyüşürdü.

Musavi-nin atası ilə yanaşı o zaman hamilə olan anasını da həbs etmişdilər. Beləcə Musavi həbsxanada dünyaya gəlir və həyatının ilk 2 ilini orada keçirir.

Hooman Musavi

Hooman Musavi

Xalam danışırdı ki, çox narahat körpə olmuşam, daim ağlamışam. Anamın südü kəsilmişdi. Ona görə də sağ qalmağım üçün həbsdəki başqa qadınlar – 5-6 nəfər növbə ilə mənə süd əmizdirirdi.

Amma

Musavinin valideynlərini edam edirlər və o, yetim qalır

Onu qohumları böyüdürlər və kasıblıq şəraitində böyüməyi öz yerində, təhlükəsizlik orqanları daim ona xatırladırlar ki, xalq düşmənlərinin övladı olduğu üçün özünü yaxşı aparmalı, siyasi fəaliyyətlə məşğul olmamalıdır.

2010-cu ildə həbsdə olarkən müstəntiqlər də ona deyirdilər ki, yüz faiz edam ediləcək, ata-anası kimi.

7 ay təkadamlıq kamerada saxlanandan sonra onu 350 saylı kameraya – siyasi məhbuslar üçün kameraya salırlar və daima başqaları ilə birlikdə şallaqlamağa aparırlar. Sinəsinə vururlar, göm-göy göyərənəcən.

2012-ci ildə Musavi-ni əvf edib azadlığa buraxırlar. O üç illik həbs müddətini axıracan çəkmir.

Deyir ki, hətta azadlıqda da təhlükəsizlik orqanları onu izləməkdə davam edirlər.

Hətta bir dəfə müstəntiq onu çağırıb xəbərdarlıq da edib ki, ikinci dəfə tutulsa, dar ağacından canını qurtara bilməyəcək.

Bu hisslə yaşamaqdan can qurtarmaq üçün o bir boğça əşyası ilə ölkədən qaçır. İndinin özündə də harada olduğunu gizli saxlamağa məcburdur.

Şərhləri göstər

XS
SM
MD
LG