Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:40

Naxçıvanlı sakin: «Uşaqlarımın başından bir tük əksik olsa…»


Əşrəf Həsənov və Taibə Həsənova

Əşrəf Həsənov və Taibə Həsənova

-
«12 nəfər ailə üzvümlə bərabər evimdən qaçaq düşmüşəm, heç kimimiz qalmayıb. Qapını bağlayıb gəlmişik burada sakitlik tapaq, buna da imkan vermirlər. İndi də qonşular zəng eləyib deyirlər ki, gəliblər, qapını-bacanı qırıb, içəri girərək evimizi axtarıblar. Bu qədər insafsızlıq olmaz, axı…».

Bu sözləri Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunda keçirilən mətbuat konfransında Naxçıvan sakini Taibə Həsənova söyləyib. O, Naxçıvanda təqib olunduğunu bildirən Əşrəf Həsənovun həyat yoldaşıdır.

Əşrəf Həsənov hələ yanvarın 11-də Bakıda keçirdiyi mətbuat konfransında bildirmişdi ki, onu bir neçə dəfə Naxçıvan MR MTN Babək rayon şöbəsinə apararaq işgəncə veriblər. MTN əməkdaşları ondan AzadlıqRadiosuna müsahibə verməməyi və İctimai Palatanın yığıncaqlarına qatılmamağı tələb ediblər. Əşrəf Həsənovun dediyinə görə, ondan AzadlıqRadiosunun əleyhinə ifadə vermək də istənib. Beləcə, təqiblərdən yaxa qurtarmaq üçün Bakıya gəlməyə məcbur qalıb. Amma Naxçıvana qayıtdıqdan sonra yenidən təqiblərlə üzləşdiyini bildirən Əşrəf Həsənov bu dəfə ailə üzvləri ilə birgə oranı tərk etdiyini deyir:

«Yanvarın 28-də Naxçıvana qayıtmalı oldum. Bir gün sonra yenə mənə zəng gəldi. Dedilər ki, Naxçıvan MR MTN Babək rayon şöbəsinin rəisi Məhəmməd Sultanov səninlə görüşmək istəyir. Mən də onlara rədd cavabı verdim. Yanvarın 30-da evimə basqın elədilər. Yoldaşımın, qızımın, gəlinimin köməyi ilə onların əlindən çıxa bildim. Daha sonra Nehrəm sakinləri yığışıb səhərədək evin ətrafında gözlədilər ki, məni aparmasınlar. Yanvarın 31-də İrandan keçib Bakıya gəldim. Bir gün sonra da ailə üzvlərim çıxıb gəldilər. Elə həmin gün axşam yenidən hasardan aşıb evə gəliblər, eyvanın qapısını sındırıblar, evdə axtarış aparıblar. Görəndən sonra ki, heç kim yoxdur, gediblər. Mən qorxuram ki, evə nə isə qoyarlar. Çünki birinci dəfə şöbəyə aparanda mənə demişdilər ki, evinə silah, narkotik atıb səni şərləyəcəyik. Bunlardan nə desən gözləmək olar».

Taibə Həsənova isə deyir ki, evlərinə hücum olan günü çox qorxub:

«10-12 nəfər gəlmişdilər. Qapını bağladım, meymun kimi divardan düşdülər. Əşrəfi yerə yıxıb təpiklədilər, amma əllərindən qaça bildi. Sonra bizi döydülər. Gəlinimin yaxasından yapışdılar, vurub yerə yıxdılar, sürüdülər. Üçaylıq hamilə olan gəlinim uşağını düşürdü. Bu qanunsuzluq harayadək sürəcək? Uşaqlarımın həyatı təhlükədədir. Buradan prezidentə müraciət edirəm. Mənim uşaqlarımın başından bir tük əksik olsa, Naxçıvan MTN-nin yüksək vəzifəli şəxsləri cavabdehdir».

Naxçıvan MR MTN Babək şöbəsi onlara qarşı səsləndirilən bütün ittihamları rədd edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG