Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:39

İlham Əliyev Əkrəm Əylislini xalq yazıçısı adından məhrum etdi (Yazarın münasibəti)


Əkrəm Əylisli
Əkrəm Əylisli
-
Əkrəm Əylisli: "Mən bunu yalvarıb almamışam. Həm də adı mənə bu əsərimə görə verməyiblər axı".


Azərbaycan prezidenti İlham Əliyev qalmaqallı "Daş yuxular" romanına görə Əkrəm Əylislini "xalq yazıçısı" adından və prezident təqaüdündən məhrum etdi.

"Əkrəm Əylislinin (Əkrəm Nəcəf oğlu Naibovun) Azərbaycan Respublikasının “Xalq yazıçısı” fəxri adından məhrum edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının müstəqillik illərində dövlət mükafatlarına layiq görülmüş Əkrəm Əylisli (Əkrəm Nəcəf oğlu Naibov) xalqın ona göstərdiyi yüksək etimaddan sui-istifadə edərək, son əsərində Azərbaycanın tarixi ilə bağlı gerçəklikləri Azərbaycan yazıçısı adına yaraşmayan şəkildə təhrif etmişdir.

Azərbaycan xalqının antihumanist obrazını formalaşdırmağa cəhd göstərən, onu ümumbəşəri dəyərlər sisteminə zidd əməllərdə əsassız günahlandıran müəllifin xalqımızın ruhuna yad tərzdə yazdığı bu əsərdə Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti saxtalaşdırılaraq, uzaq və yaxın tarixi keçmişimizə qara yaxılmış, münaqişə nəticəsində doğma yurdlarından didərgin düşən bir milyondan çox soydaşımızın mənliyi təhqir edilmişdir.

Azərbaycan Respublikasının “Xalq yazıçısı” fəxri adını ləkələmiş bir şəxs kimi Əkrəm Əylislinin bu addan məhrum edilməsi barədə dövlət strukturlarının, ictimai qurumların və vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə”nin 15-ci bəndinin “b” yarımbəndinə uyğun olaraq qərara alıram:

1. Əkrəm Əylisli (Əkrəm Nəcəf oğlu Naibov) Azərbaycan Respublikasının “Xalq yazıçısı” fəxri adından məhrum edilsin.

2. “Xalq yazıçısı” fəxri adının verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 23 may tarixli 708 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 5, maddə 314) “Naibov Əkrəm Nəcəf oğluna” hissəsi ləğv edilsin".

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti"


Başqa bir sərəncamla İlham Əliyev Əkrəm Əylislini prezident təqaüdündən də məhrum edib. Ə.Əylisli təqaüdü 2002-ci ildən alırdı.

Əkrəm Əylisli sərəncamlarla bağlı AzadlıqRadiosuna bunu deyib:

Mən bunu yalvarıb almamışam. Həm də adı mənə bu əsərimə görə verməyiblər axı. Onu mənim digər əsərlərimə görə veriblər. İndi demək o əsərləri də ləğv edirlər. Mənim üçün bu gözlənilməz idi. Tutaq ki, “Daş yuxular”ı kimsə yaxşı başa düşməyib, kimsə heç bəyənməyib. Bu başqa məsələdir. Ancaq o mükafatlar mənim xeyli qabaqkı əsərlərimə görə verilib. Onda gərək o əsərləri də götürüb tullasınlar. Bu nə oldu ki... Həsənin adını Vəli qoymaq, Vəlinin adını Əli qoymaq”.

DÖVLƏT VERDİ, DÖVLƏT ALDI

Prezident İlham Əliyev qalmaqallı «Daş yuxular» romanına görə Əkrəm Əylislini «Xalq yazıçısı» adından və prezident təqaüdündən məhrum etdi.

«Xalq yazıçısı» adı almaq yəqin bir çox yazıçıların arzusudur. Bəs qazanılan bu addan məhrum edilmək necə? Bu addan məhrum edilməyə Azərbaycanın başqa yazıçılarının münasibəti necədir?

Gənc yazar Aqşin Yenisey Əkrəm Əylislinin «Daş yuxular» romanını oxumayıb. Odur ki, məsələyə münasibəti belə oldu:

«Əsərin nə haqda olduğunu bilmirəm. Ancaq bütün hallarda nə yazıçının, nə də oxucunun xalqı təhqir etməyə haqqı var. Romanda təhqir varsa, Əkrəm müəllimi qınayıram. Yox əsərdə, təhqir yoxdursa, buna görə Əkrəm Əylislini xalq yazıçısı adından məhrum ediblərsə, onda Əkrəm müəllimin tərəfindəyəm».

Yazıçı Seyran Səxavət «Daş yuxular» romanını oxuyub və bu qənaətdədir:

«Əkrəm Əylisli olayı ilə bağlı danışanların, yazanların hamısına demək istəyirəm ki, onun əsərini oxumuşam, amma bəyənməmişəm. Fikrimcə, biz onu tənqid etdikcə, üstünə getdikcə, məsələ beynəlxalq miqyasda daha da böyüyəcək. İstəməzdim belə olsun».

S.Səxavət fəxri adın geri alınması ilə bağlı bildirdi ki, «Vermisənsə, niyə alırsan? Alacaqdınsa, niyə verirdin?».

Gənc yazar Seymur Baycan o fikirdədir ki, Əkrəm Əylisli bir zamanlar tərəfində olduğu sistemin indi əsl üzünü görür:

«Bir tərəfdən baxanda, Əkrəm Əylisliyə nə ediblərsə, yaxşı ediblər. Çünki özünün əkib-becərdiyi sistemdir. Vaxtilə Cəbhə, Müsavat hakimiyyəti haqqında ağzına gələni danışırdı. Bu sistem onun «İstiqlal ordeni», «Şöhrət ordeni»” aldığı sistemdir. Bu gün Əkrəm Əylisli həmin sistemin əsl üzünü görməklə məşğuldur».

«Həmin mükafatı dövlət verib. Dünən layiq bilib, verib, bu gün layiq bilmir, alır. «Xalq yazıçısı» adı da, prezident təqaüdü də dövlət tərəfindən verilir. Onun tərəfindən də alındı», - bu sözləri də yazıçı Əjdər Ol dedi.

Əkrəm Əylislini xalq yazıçısı adından məhrum edilməsinə münasibətiniz?

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG