Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:10

«Maaşımız ərzağa gedir»


Aylıq gəlirin nə qədərini yeməyə xərcləyirsiz?
Gözlə

No media source currently available

0:00 0:02:17 0:00

Aylıq gəlirin nə qədərini yeməyə xərcləyirsiz?

-
Təqaüdçü Tağı Babayev Bakı bazarlarının birindən kilosu 60 qəpiyə iki kilo kartof, kilosu 35 qəpiyə bir kilo soğan, kilosu 70 qəpiyə bir kilo alma alıb. Deyir, 2 manata duru yağ alacaq. Bazarlığını bununla bitirəcək. Aylıq 145 manat təqaüdü bundan başqa heç nəyə çatmır:

«Bu dəqiqə cibimdə 20 qəpiyim yoxdur. Evə də piyada gedəcəyəm. Dolan görək... Başda oturan özü də danışanda deyir bu qədər gəlirimiz var, neftdən bu qədər pullar gəlir, iqtisadiyyatımız, mən bilmirəm, neçə dəfə artıb. Hara gedir neftdən gələn pullar? Kasıbın, təqaüdçünün maaşını artır da. Niyə artırmırsan?».

«AYIN AXIRINDA YOLPULUMUZ QALMIR»

67 yaşlı Əminə Əliyeva da təqaüdçüdür. Bu günlərdə əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsindən sonra onun təqaüdü 40 qəpik
Foto: Arxiv
Foto: Arxiv
artıb:

«Ərzaq bundan qat-qat çox bahalaşıb. Ən ucuz ət 8 manatdır. Yazda, yayda nisbətən nəsə almaq olur. Qışda isə mən heç nəyə çatdırmıram. Pensiyalarımızı ayın 15-16-da verirlər. Ona qədər bir də görürsən yolpulu da qalmayıb, çünki hər şey bahadır».

Satıcı işləyən Dəmir Məmmədov deyir ki, bazara gələnlərin çoxu əsasən kartof, soğan, göyərti, meyvələrdən də daha ucuzunu – alma alır. Bahalaşmaya gəlincə, Dəmir deyir ki, ət, nar, heyva, portağal bahalaşıb:

«Şəxsən mənim alıcılarım azalıb. Çünki bahalıqdır. Keçən il, bu vaxta baxanda, hər şey bahalaşıb. Elə məhsul var 50 qəpik, eləsi var 1 manat qalxıb».

UCUZ OLAN ALMADIR

Valeh Tağıyev deyir ki, həmişə gəldiyi bu bazarda ən çox bahalaşan meyvədir:

«Meyvələrin hamısı od qiymətinədir. Bir az alma ucuzdur. Həmişə deyirəm ki, gələn dəfə bazara gələndə, uşaqlara daha çox meyvə alacağam. Ancaq olmur. İstədiyim qədər ala bilmirəm. Hər dəfə öz-özümü aldadıram».

İNFLYASİYA: 3-5, YOXSA 8 FAİZ?

Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev deyib ki, 2013-cü ildə Azərbaycanda inflyasiya 3-5 faiz səviyyəsində proqnozlaşdırılır. O söyləyib ki, 2011-ci illə müqayisədə 2012-ci ildə istehlak qiymətləri və xidmət tarifləri 1.1 faiz bahalaşıb.
Qubad İbadoğlu
Qubad İbadoğlu
Ərzaq mallarının qiymətləri 0.8 faiz artıb.

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu deyir ki, onlar hər ay Dövlət Statistika Komitəsi ilə eyni metodologiya əsasında qiymətlərin səviyyəsi və inflyasiya göstəricilərini hesablayırlar. Bu göstəricilər əvvəllər Statistika Komitəsinin məlumatlarından kəskin fərqlənmirmiş. Ancaq 2012-ci ilin yekunlarına dair hesablamalar arasında böyük fərq ortaya çıxıb:

«Onların hesablamalarında illik inflyasiya 1.2 faiz görsəndi. Ancaq bizim hesablamamızda həmin rəqəm 9.92 faiz olub. Ölkədə uzun illərdir ki, ərzaq inflyasiyası inflyasiyanın aparıcı xəttini təşkil edir. Ərzaq mallarının bahalaşması inflyasiya səbətində aparıcı xətt təşkil edəcək. İl ərzində inflyasiya səviyyəsini biz də yüksək proqnozlaşdırırıq. Ola bilər ki, bu ikirəqəmli olmasın. Ancaq bu il ərzində ölkədə 8 faizlik inflyasiya gözlənilir».

ŞƏKƏR UCUZLAŞIB, KARTOF BAHALAŞIB

Ərzağın bahalaşması indi çox danışılan mövzulardandır. Orta aylıq gəliri 400 manata yaxın olan Hafiz Kərimov deyir ki, az qala hər həftə ərzağın bahalaşmasını hiss edir:

«Hər gün nəsə alıram. Az qala, hər həftə qiymət artımını görürəm. Bahalaşma 2-3 qəpik də ola bilər. Ancaq nəticədə bahalaşma elə bahalaşmadır».

Bakıda bazar
Bakıda bazar
Bakının başqa sakinlərinin fikirləri:

- «Bahadır, ancaq axı yeməliyik. Ona görə, bahalaşsa da, ərzaq mütləq alırıq».

- «Maaşımız yeməyə gedir. Bahalıqdır, ancaq mən ailəmi korluq çəkməyə qoymuram».

- «Doyunca yemək yoxdur. Bu dəqiqə çörəyi çatdırmaq olmur».

- «Biz ancaq yemək üçün işləyirik. İstirahətə gedəsən, yaxşı pal-paltar alasan, belə şey yoxdur».

Builki bahalaşmanı hökumət də danmır. Dövlət Statistika Komitəsinin saytında yerləşdirilmiş məlumatda deyilir ki, bu ilin yanvarında ərzaq məhsullarının qiyməti 0.6 faiz artıb. Statistika Komitəsi bildirir ki, düyünün, toyuq ətinin, kərə yağının, şəkər və şəkər tozunun qiymətlərində ucuzlaşma, çörəyin, makaron məmulatlarının, təzə balığın, göyərtinin, xiyar və pomidorun, kartofun qiymətlərində bahalaşma gözə çarpıb.

İqtisadçı-ekspertlər bahalaşmanı daxili bazarda mövcud olan inhisarçılıq halları və hökumətin istehlak bazarına nəzarətinin zəif olması ilə də əlaqələndirir.
XS
SM
MD
LG