Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:35

Ekspertlər korrupsiyanın Avropa demokratiyasını alt-üst edə biləcəyini deyirlər


Arxiv foto.
Arxiv foto.
-


AVROPA ŞURASI KORRUPSİYA SARIDAN QİTƏNİN ÜZ QARASINA ÇEVRİLİR

“Avropa Strategiyası” dərgisinin baş redaktoru Judy Dempsey fevralında 4-də “Nyu-York Times” qəzetində çap olunan məqaləsində korrupsiyanın Avropa demokratiyasının axırına çıxmaq qədər təhlükəli həddə çatdığını yazır.

Məqalədə qeyd edilir ki, xüsusilə Avropada insan haqlarının müdafiəsi, demokratik dəyərlərin yayılması məqsədilə 64 il əvvəl yaradılmış Avropa Şurası az qala Avropanın korrupsiya sarıdan bir üz qarasına çevrilib.

Məqalədə qeyd edilir ki, kommunizmin süqutundan sonra keçmiş Sovet bloku ölkələrinin Şura üzvlüyünə qəbulu korrupsiya problemini kəskinləşdirib. Xüsusilə də Mərkəzi Asiya ölkələri və Rusiya bahalı hədiyyələr və dəbdəbəli səfərlərin təşkili əvəzinə Avropa Şurasının Parlament Assambleyasında təsir əldə etməyə çalışırlar. Bu ölkələr həmçinin özlərində insan haqları problemlərinə görə tənqidlərdən yaxa qurtarmaq üçün lobbiçilər tuturlar.

Şuranın Baş katibi Thorbjorn Jagland məqalə müəllifinə etiraf edib ki, rəhbərlik etdiyi qurumdakı korrupsiya təhlükəli həddədir və bəzi dövlətlərin qurumdan kənarlaşdırılmasını da çıxış yolu hesab etmir:

“Şura indi hansı hədiyyələrin qəbul oluna biləcəyi barədə qaydalar hazırlayır. Əgər siyasi qurumlar korrupsiya ilə mübarizə aparmaq niyyətindədirlərsə, birinci elə özümüzdən başlamalıyıq.

Ən pisi də korrupsiyanın siyasi institutlara və demokratiyanın özünə də nüfuz etməsidir. Bu gün Avropada demokratiyanın ən böyük problemi korrupsiyadır. Bu, qanunun aliliyinə vətəndaşın etibarını ölüdürür.”

BÖHRAN VƏTƏNDAŞI KORRUPSİYA İLƏ DAHA BARIŞMAZ EDİB

Berlində yerləşən Hertie İdarəetmə Məktəbinin Anti-Korrupsiya Araşdırmaları Mərkəzinin direktoru Alina Mungiu-Pippidi də bildirir ki, bu qitədə korrupsiyanın miqyası ildən-ilə artır: “Avropa Birliyinə də məlumdur ki, infrastrukturun yaxşılaşdırılması üçün ayrılan vəsaitlər 27 birlik ölkəsinin bir çoxunda düzgün xərclənmir. Bəzi hallarda belə korrupsiya hallarına sadəcə dözümlə yanaşılır. Amma hazırkı maliyyə böhranı vətəndaşların bu məsələlərə yanaşmalarını xeyli dəyişib. Yunanıstan, İrlandiya, Portuqaliya və İspaniyada həyata keçirilən qənaət planları vətəndaşları korrupsiya ilə daha barışmaz edib.”

Avropa Birliyinin icraedici orqanı olan Avropa Komissiyasının son araşdırmalarına görə birlik ölkələrində vətəndaşların hər 4 nəfərindən 3-ü öz ölkələrində ən ciddi problem kimi korrupsiyanın adını çəkib. Rəyi soruşulanların yarıdan çoxu həm də bildirib ki, bu problem ildən-ilə daha da böyüyür.

KORRUPSİYA DEMOKRATİYANI ALT-ÜST EDƏ BİLƏR

Avropada lobbi qruplarına nəzarət edən LobbyControl təşkilatının nümayəndəsi Timo Lange hesab edir ki, korrupsiya demokratiyanı alt-üst edə bilər: “Əgər seçicilər siyasi partiyalar və hökumətlərin korrupsiyanı kəsmək üçün addımlar atmadıqlarını görsələr, mövcud ənənəvi siyasi sistemə inamlarını itirə bilərlər.”

Thorbjorn Jagland isə bundan da təhlükəli bir tendensiya haqqında xəbərdarlıq edir - dəyərlərin böhranı:

“Siyasi sistemdəki bu böhran və məyusluq hissi özünü ekstremizm, nifrət çıxışları, yeni millətçilik, köçkünlərin aşağılanması formalarında büruzə verir” – deyə Jagland bildirir.

Mungiu-Pippidi əlavə edir ki, pis olan həm də Avropada korrupsiya ilə mübarizə sahəsində atılan addımların səmərəsizliyidir. Onun fikrincə, belə mübarizəni aparan orqanların özləri çox çəkingən və bürokratikdirlər: “Avropa Şurasında vəziyyət çox utancvericidir. Bu Şura dəyərlərin müdafiəsində daha cəsarətli olmalı, üzv ölkələrdə qanunun aliliyinin təmin edilməsi, Şuranın dəyərlərinin müdafiəsi üçün səsini daha da ucaltmalıdır.

Avropa Birliyinin ayağına dolaşan isə özünün bürokratiyasıdır. Birlik demokratik dəyərləri inkişaf etdirdiyini deyib öyünsə də onun elə bu dəyərlər üçün atdığı addımlar bürokratik və qeyri-şəffafdır. Bu da proseslərin yaxşı idarə olunmasını təhlükəyə salır.”

Təhlilçilər hesab edirlər ki, Avropanı bürüyən maliyyə böhranına reaksiyalar ictimaiyyətin daha çox şəffaflıq və ədalət tələb etdiyini isbatlayıb. İndi sıra siyasətçilərin bu istəyə necə reaksiya vermələrindədir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG