Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:17

Elçin İsmayıllı: «Mənə rüşvət təklif etdilər ki, bu hadisələri işıqlandırma...»


Elçin İsmayıllı

Elçin İsmayıllı

-
İsmayıllı hadisələri ilə bağlı heç bir jurnalist həbs olunmayıb. Amma «Azadlıq» qəzetinin müxbiri Elçin İsmayıllı hadisələrin ilk anından hədəfə alındığını və həbsinin bir addımlığında olduğunu bildirir. Dediyinə görə, ona qarşı müxtəlif addımlar atılıb. Məsələn, təklif ediblər ki, yanvarın 23-də və 24-də rayonda baş verənləri sosial şəbəkələrdə yaymasın, digər kütləvi informasiya vasitələrinə ötürməsin:

«Mənə rüşvət təklif etdilər ki, bu hadisələri işıqlandırma, kənarda dur, seyrçi ol. Dedilər, baş verənləri sosial şəbəkələrdə yaymağı dayandır. Bundan başqa, Bakıdan hüquq müdafiəçiləri və jurnalistlərin səfəri də rayon rəhbərliyinin xoşuna gəlməyib».

Jurnalistin dediyinə görə, hədə-qorxu və şirnikləndirici təkliflər fevralın 4-dək davam edib, bundan sonra taktika dəyişib:

«Jurnalist olduğum üçün mənim həbsim səs-küy sala bilərdi deyə, əvəzində qardaşımı həbs etdilər. Fikrimcə, bu, mənim fəaliyyətimlə bağlıdır. İndi baxıram ki, mənə qarşı təhdidlər, təzyiqlər səngiyib. Hesab edirlər ki, bununla artıq məni susdurublar».

«OĞLUMA 10 İL DƏ İŞ VERSƏLƏR, GERİ DURAN DEYİLİK»

65 yaşlı Salman İsmayıllı da ailəsinə son təzyiqləri oğlu Elçinin jurnalist fəaliyyətinə bağlayır. O da təzyiqləri oğlunun rayonda baş verən hadisələri anında sosial şəbəkələrdə, mətbuatda işıqlandırması ilə əlaqələndirir:

«İsmayıllı rayon Polis Şöbəsinin rəisi Nizami Qocayevin mənə münasibətindən belə anladım ki, ailəmizdən Elçinin qisasını alır. Jurnalist olduğundan ona bir şey edə bilmədilər. Əvəzində o biri oğlumu tutdular. Ailənin üzdə olanı Elçindir. Bu həbs ona və mənə qarşı təhdiddir. Bunların hamısı rayon rəhbərliyi tərəfindən aparılır. Bununla bizi sındıra bilməyəcəklər. Oğluma lap 10 il də iş versələr, geri duran deyilik».

İsmayıllı rayon Polis Şöbəsinin rəisi Nizami Qocayev ata və oğulun dediklərini qəbul etmir. O, Elçin İsmayıllının qardaşı Elşənin aksiyada iştirakına və yol verdiyi qanunsuzluqlara görə həbs edildiyini bildirir:

Elçin Behbudov

Elçin Behbudov

«O, həmin hadisələrdə iştirak edib, ordan görüntü var. Onu biz eləmirik, istintaq qrupu var – onlar aparırlar. Elçinin nəyinə görə onun qardaşını həbs etməliyik? Elçin onsuz da neçə illərdir burada istədiyini edir. Elçin kimdir ki? O, çox böyük fiqurdurmu ki, ona görə burada nə isə olsun? Deyilənlər absurddur. Bunun hamısını o, özü uydurur».

ƏN AĞIR CİNAYƏT

Hüquq müdafiəçisi Elçin Behbudova görə, jurnalist Elçin İsmayıllının dedikləri həqiqətdirsə və qardaşını ona görə həbs ediblərsə, bu, ciddi qanun pozuntusudur:

«Kimisə susdurmaq, təzyiq göstərmək üçün onun qardaş-bacısından, ata-anasından qisas almaq ən ağır qanun pozuntusu olmaqla yanaşı, həm də ən ağır cinayətdir».

Elçin İsmayıllı deyir ki, hazırda ona qarşı açıq təzyiqlər olmasa da, izləndiyini hiss edir:

«Hiss edirəm ki, məni izləyirlər. Göz qoyurlar ki, hara gedirəm, kiminlə görüşürəm. Bundan başqa, fəallar var, onları da təhdid edirlər ki, mənimlə oturub-durmasınlar».

Elçin İsmayıllı 2011-ci ildən jurnalistikadadır və elə həmin vaxtdan «Azadlıq» qəzetinin bölgə müxbiri çalışır. O, İsmayıllı hadisələrində bir çox foto və videoların müəllifidir.

Şərhləri göstər

XS
SM
MD
LG