Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:15
-


İSMAYILLI POLİSİNƏ XÜSUSİ SİYAHILAR PAYLANIB

«Yeni Müsavat» qəzeti yazır ki, «İsmayıllı üsyanı ilə bağlı yeni təqib dalğası başlayıb. Yanvarın 25-də İsmayıllıda keçirilən aksiyada iştirak edənlər polisə çağırılır.
24 yanvar aksiyası iştirakçılarının dindirmə adı ilə İsmayıllı Rayon Polis Şöbəsinə çağırılmasına başlanıb. Kameralara düşən adamlar sahə müvəkkilləri vasitəsilə istintaqa cəlb edilir. Polisə getməkdən imtina edənlər zorla aparılır. Sahə müvəkkillərindən biri etiraf edib ki, onlara xüsusi siyahılar verilib və adı siyahıda olanların gətirilməsi tələb edilir».

«BU HƏBSLƏR MÜXALİFƏTİ DAHA DA BİRLƏŞDİRƏCƏK»

AXCP sədri Əli Kərimli İlqar Məmmədovla Tofiq Yaqublunun həbsi ilə bağlı «Azadlıq» qəzetinə deyib ki, «Azərbaycanda son günlər artan gərginlik, etiraz hərəkatına qarşı hakimiyyət öz taktikasını müəyyənləşdirib: bundan sonra da yalnız repressiyalarla, öz haqqını tələb edən insanlara qarşı şər və böhtan üsuluyla, həbslərlə narazılıqları yatırmaq. Xalqı dinləmək, problemləri aradan qaldırmaq, ictimai siyasi çevrələrlə dialoq yaratmaq kimi niyyətlərinin olmadığını nümayiş etdirdilər».

Müsavat başqanı İsa Qəmbər isə qəzetə deyib ki, «bu ittihamlar yalan üzərində qurulub, tamamilə absurddur. Hakimiyyət repressiyanı dərinləşdirməklə müxalifəti, demokratik düşərgəni qorxutmaq, mübarizədən çəkindirməyə çalışır. Xüsusən də müxalifətin cəmiyyətlə, xalqla bütünləşməsindən qorxur. Ona görə də bu həbslərlə siyasətçilərə mesaj verməyə çalışır ki, gərginlik olan bölgələrə, xalqın ayağa qalxdığı əyalətlərə səfərlərdən çəkinsinlər».

KOR DÖYÜŞÜN DÖYÜŞÇÜLƏRİ

«Yeni Azərbaycan» qəzeti yazır ki, «son zamanlar özünü cəmiyyətə «demokratlar» kimi təqdim etməyə çalışan bir qrup müxalif hoqqabazlar cəmiyyətdə su bulandırmaqla, yersiz çığır-bağırları ilə ictimai fikri özlərinə yönəltmək istəyirlər. Özlərini gözə soxmaqla, öz mətbuatlarında, internet məkanında Azərbaycan dövlətinə, dövlətçiliyinə, dövlət başçısına qara yaxmaqla, böhtan atmaqla, cəmiyyəti qızışdırmaqla, xırda bir məsələni süni surətdə şişirtməklə, şişirdib də qəzetlərin ön səhifəsinə çıxardıb xalqı, oxucunu çaşdırmaq kimi iyrənc bir işlə məşğul olurlar.

Onların tərbiyəsiz davranışlarına kənardan baxarkən Vətənə, Dövlətə yad olduqlarını, ögey münasibət bəslədiyini, kin və paxıllıqlarını aydın görüb qoynumuzda neçə illərdən bəri ilanlar bəslədiyimizə bir daha əmin oluruq. Müxalifət sanki Azərbaycanda hərc-mərclik, xaos görmək, regionlarda gərginliyi artırmaq arzusundadır. Onlar üçün ailə, qohum-əqrəba, övlad, Vətən anlayışı sanki yaddır. Başa düşmürlər ki, cəmiyyətə od vurub sevinmək, öz yanan evinə qıraqdan baxıb sevinməklə eynidir. Yanan evdə öncə ailə əziyyət çəkirsə, dağılan cəmiyyətdə hamı əziyyət çəkəcək».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG