Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:40

Tofiq Yaqublu yenidən prokurorluğa çağırıldı


Fevralın 4-ü Müsavat başqanının müavini, «Yeni Müsavat» qəzetinin müxbiri Tofiq Yaqublu yenidən Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb.

Bu barədə «Media forum» saytı xəbər verib.

T. Yaqublu yanvarın 29-da istintaq idarəsində ifadə verib, «Yeni Müsavat» qəzetinin digər müxbiri Nemət Kərimli ilə birgə yanvarın 24-də İsmayıllıya getdiyini, jurnalist kimi araşdırma apardığını deyib. Sonda müstəntiq ona yazılı sual verib və onu cavablandırmağını istəyib. Sual belə olub: «İstintaq materialları ilə sübut olunub ki, siz Tofiq Yaqublu və İlqar Məmmədov (REAL hərəkatının sədri – red.) İsmayıllıda olarkən əhalini iğtişaşlara təhrik etmisiniz, polislərə daş atmağa, maşınların yolunu kəsməyə, yandırmağa təhrik etmisiniz».

Yanvarın 29-da Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri İsmayıllı hadisələri ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, Müsavat başqanının müavini Tofiq Yaqublu yanvarın 24-də İsmayıllıya gedərək rayon sakinləri arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamaq kimi ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar edib.

Yanvarın 31-də Tofiq Yaqublu baş prokuror Zakir Qaralova şikayət ərizəsi yazıb. O, baş prokurordan yanvarın 24-də İsmayıllı rayonunda üzləşdiyi zorakılıq faktının araşdırılmasını istəyib:

«Həmin gün mən İsmayıllıya əməkdaşı olduğum «Yeni Müsavat» qəzetinin tapşırığı ilə getmişdim. Məqsədim rayonda baş verənləri yaxından izləmək və olaylar haqqında reportaj hazırlamaq idi. Jurnalist həmkarlarımla birgə prosesləri sadəcə izləyərək qeydlər götürməklə məşğul idim. İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları mənə məhz həmin anlarda yaxınlaşıb onlarla birlikdə getməyimi istədilər. Bir müddət şöbədə saxladıqdan sonra isə məni rayondan çıxmağa məcbur ediblər. Mən Zakir Qaralovdan bu insidentin araşdırılmasını, bir jurnalist kimi peşə fəaliyyətimə mane olan şəxslərin cəzalandırılmasını istəmişəm».
XS
SM
MD
LG