Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:18
-
AzadlıqRadiosunun «İz» proqramı bu dəfə Əkrəm Əylislinin «Daş yuxular»ını yozmağa çalışıb. Tanınmış ziyalılar ölkədə hay-küy doğuran, hətta Milli Məclisdə müzakirə mövzusuna çevrilən «Daş yuxular»ı dəyərləndiriblər. Sualımız beləydi: Yazıçıya, ədəbiyyat adamına bir romanına görə bu cür münasibət söz azadlığı, insan haqları, tolerantlıq kimi bəşəri dəyərlərə nə dərəcədə sığır?

«HƏR 5-6 İLDƏN BİR TUTMASI TUTUR...»

Mehriban Vəzir, yazıçı-jurnalist:

«Əlbəttə, təəssüf doğurur... Əkrəm müəllim də gərək belə etməyəydi. Milli Məclisin də münasibəti düzgün deyil. Mən aksiyaçıların videosuna baxdım. Əslində, Əkrəm müəllim öz fikrini yazmaqda azad olduğu kimi, qınayanlar da qınamaqda azaddır. Amma mən kimin nə dediyindən daha çox Əkrəm müəllimə təəccüblənirəm. Çünki biz onu uzun müddətdir tanıyırıq. Əkrəm müəllim bəzi ağzıgöyçəklərin ifadə etdiyi kimi, xəyanətkar adam deyil. Amma qəribə xarakteri var onun. Hər 5-6 ildən bir sanki bu adamın tutması tutur, bütün cəmiyyəti üstünə qaldırır... Sonra zaman keçir, söz-söhbət səngiyir. Əkrəm müəllim yenə öz zirvəsində dayanır və... yenə başlayır həmin hörmət-izzət zirvəsində nə isə oyun çıxarmağa... Mən bunu onun xarakteri ilə bağlayıram. Amma onu ermənipərəst adlandıranlara qoşulmuram. O, məndən ötrü yenə hörmətli bir adamdır, gözəl yazıçıdır.

Niyə belə edir – onu başa düşə bilmirəm? Romanı hələ oxumasam da, yazılanları, yazıçının münasibətini bilirəm. Əkrəm müəllimin dediklərində bir həqiqət də var. Məsələn, əslində rus imperiyası erməni və Azərbaycan xalqının faciəsi üzərində Qafqazda qalmaqdadır... Və o imperiyanın tör-töküntüləri də bu faciənin üstündə, Əkrəm müəllim demiş, villalarını tikib, qazandıqlarını qazanıblar. Amma bu işin bir «əmma»sı da var. Əkrəm müəllim tək o tərəfi (faciənin üstündə villalar tikən, karyera quran) incitməyib, başqa tərəfləri də incidib...».

«BƏLKƏ TARİXİ HƏQİQƏT BELƏ DEYİL?»

Cavanşir Quliyev, bəstəkar:
Cavanşir Quliyev

Cavanşir Quliyev


«Əkrəm müəllimin sonuncu romanını oxumamışam. Odur ki, konkret bir şey deyə bilməyəcəyəm. Xəbəri təzə almışam. Ancaq bu roman mənim gördüyüm, söhbət etdiyim adamlar arasında birmənalı qarşılanır. Hamı çox böyük təəccüb içindədir. Niyə Əkrəm Əylisli kimi yazıçı belə roman yazıb? Yalan-doğru deyirlər ki, yazıb ki, türklər və Azərbaycanlılar tarix boyu birləşib erməniləri qırmaqla məşğuldurlar... Bilmirəm nə dərəcədə doğrudur? Əgər belədirsə, mənim də təəccübümü doğurur.

Xalq yazıçısı adını daşıyan bir adam mənsub olduğu xalqın marağını güdməlidir. Göz önündə olan ziyalı xalqın maraqlarını nəzərə almalıdır. Bəziləri deyə bilər ki, bəlkə tarixi həqiqət belə deyil? Əgər belə deyilsə, bu adam tarixi həqiqəti tarixçilərdən yaxşı bilirsə, qoysun ortalığa... Cəmiyyət bu işi yaxşı qarşılamır. Mən bunu görürəm. Burada söz azadlığı – filan, rol oynamır. Söz azadlığı var ki, o romanı yazıb çap edə bilib. Olmasaydı, heç kəs onu oxuyub xəbər tutmazdı. Təkrar edirəm, deyilənlər kimidirsə, mən də dərin təəssüf hissi keçirirəm...».

«SÖZÜN CAVABI SÖZLƏ VERİLƏR!»

Fəxri Uğurlu, yazıçı:

«Romanı oxumamışam. Amma Əkrəm Əylisli bizim ən böyük yazıçılarımızdan biridir. Sözün məsuliyyətini bilən insandır. Onun məsuliyyətsiz söz yazacağına, öz millətini və ya başqa milləti təhqir edəcəyinə inanmıram. Kimsə Əkrəm Əylislinin yazdığını bəyənmirsə, sözün cavabı sözlə verilər. Sözün cavabı baltayla-yabayla, şilləylə-təpiklə verilməz. Fəxri Uğurlu

Fəxri Uğurlu

Cəmiyyətdə zor tətbiqi yalnız bir halda qəbulolunandır –zorakılığın qarşısını almaq üçün. Bədii əsərlərin müzakirəsində isə zor tətbiqi yolverilməzdir.

Birincisi, yazıçı bədii əsər yazıb, elmi tarixi yox. İkincisi də, əsər kiminsə xoşuna gəlmirsə, onu tənqid eləsin, oradakı fikirləri təkzib eləsin, yalanlasın. Amma bundan ötrü savadsız adamları küyləyib-qıylayıb yazıçının üstünə salmaq, onu xalq düşməni çıxarmaq yolverilməz haldır. Hiss olunur ki, bizim dövrdə insanları Stalin dönəminə, hətta orta əsrlərə qaytarmaq istəyən adamlar var. Kimisə kiminsə üzünə durğuzmaq, kimisə sözə görə təqib etmək – bu şeylər heç kəsə başucalığı gətirmir və cəmiyyətimizi qarşıdurmaya, düşmənçiliyə, dözümsüzlüyə aparır. Əkrəm Əylisli kimi yazıçının əsərini dəyərləndirməyə hər kəsin haqqı çatmaz – mən belə düşünürəm!».

«ƏKRƏM BİZİ TƏHQİR EDİB!»

Xaliq Bahadır, yazıçı-jurnalist:

«Mən demokrat kimi, demokratik düşüncəli adam kimi baxışımı bildirmək istəyirəm. Azərbaycanın bugünkü durumu hamıya bəllidir. Ölkə blokadadır. Bunu ermənilər, erməni lobbisi yaradıb. Belə bir durumda Əkrəm Əylisli kitab yazıb. İstənilən yazıçı istənilən olaya, düşmənə də, dosta da vicdanla yanaşmalıdır. Mən deyirəm ki, bu romanla Əkrəm Əylisli Azərbaycan xalqı ilə bağlı vicdansızlığa, namussuzluğa yol verib... Bütün faktları alt-üst etməklə! Ermənilərin etdiyini bizim adımıza yazmaqla! Andronikin, Dronun elədiklərini bizim adımıza çıxmaqla! Hakimiyyət nə deyir – özü bilər. Mən müxalifət mövqeyindən çıxış edirəm. Bu, heç nəyə sığmayan bir işdir.

Mən romanı oxumuşam. Baxıram, sosial şəbəkələrə – çoxları oxumadan münasibət bildirir. Təbii ki, yazımı yazacağam, sözümü deyəcəyəm... Burada iki baxış var – biri şairə, yazıçıya olan baxışdır, biri də yurddaşlıq, vətəndaşlıq mövqeyindən gələn baxışdır. Nekrasov demiş, sən şair olmaya bilərsən, amma vətəndaş olmağa borclusan. Xaliq Bahadır

Xaliq Bahadır

Mən Əkrəm Əylislinin yazıçılığını yüksək dəyərləndirirəm. Ancaq bu romanda Əkrəm Əylisli vətəndaş kimi xəyanətə yol verib. O bunu etməməliydi! Bizim Şəhidlər Xiyabanında türk şəhidliyimiz var. Orada 1130 türk şəhidi uyuyur. Onlar Azərbaycan xalqını daşnakların qırğınından qurtaran adamlardır. Əkrəm Əylisli o adamları romanında təhqir edib. Onlar öz torpaqlarında vuruşublar – erməni torpağında yox! Əkrəm bizi təhqir edib! Əkrəm bu romanda Xəlil Rza Ulutürkün ruhunu təhqir edib! Xəlil Rzanın Qarabağda şəhid olan oğlu Təbrizin ruhunu təhqir edib! Onun cəsədini ermənilərdən alanların içində mən də vardım. O cür pəhləvan kimi bir oğlanın cəsədini biz bir bidon benzinə almışıq... Əkrəm Əylisli bunların hamısından qıraqda durub. Heç bir yara almayıb – nə fiziki yara alıb, nə vicdan yarası... Ona görə də, belə roman yazıb.

Romanda göstərilir ki, Azərbaycan xalqı mənəviyyatsızdır, əxlaqsızdır, qaniçəndir... Mərdəkanlılaracan yazıb... Cəbhəçiləri ora qatıb... Əkrəmin haqqında yazdığı o günlərdə mən Milli Müdafiə Şurasının 5 üzvündən biri olmuşam. Biz çoxlu sayda ermənini ölümdən qurtarıb Azərbaycandan çıxarmışıq. Əkrəm bunlardan birini də bilmir, bilmək də istəmir... Soruşa bilərsiniz, erməniləri öldürənlər kimlər idi? Erməniləri öldürənlər «KQB» idi, «KQB» əlaltıları idi, bir də Əkrəmin yazdığı kimi «yerazlar». Onların da reaksiyası təbii idi. Onları yurd-yuvasından, tarixi torpaqlarından qovub çıxarmışdılar... Kiminin atasını öldürmüşdülər, kiminin anasını, kiminin balasını... Mən demirəm ki, Əkrəm Əylisli ermənilərə qarşı kitab yazaydı. Dönə-dönə deyirəm ki, obyektiv yazaydı, vicdanla yazaydı, namusla yazaydı...».

«MİLLİ MƏCLİS... DÜŞÜB BİR YAZIÇININ ÜSTÜNƏ»

Rüstəm Behrudi, şair:

«Bir xalq məsəli var: Od olmasa, tüstü çıxmaz. Yəqin, bu əsərdə haradasa bir yanlışlıq var. Mən əsəri oxumuşam. Parlament bu əsəri müzakirəyə çıxarıb. Düşünürəm ki, Azərbaycan xalqının o qədər taleyüklü məsələləri, problemləri var, Milli Məclis o məsələləri həll etməkdənsə, düşüb bir yazıçının üstünə... Yazıçılıq azad düşüncə deməkdir. Rüstəm Behrudi

Rüstəm Behrudi

Odur ki, bir əsərə görə yazıçının üstünə bu dərəcədə düşmək düzgün deyil. Mənim o romandan xəbərim vardı. Özü də mənə demişdi ki, şair, bu əsərdə sənin də irad tutacağın, bəyənməyəcəyin məsələlər olacaq. Ancaq mən yazıçıyam – bu cür düşünmüşəm... Müsahibəsində Əkrəm müəllim deyir ki, mən çaydan danışıram, amma adamlar deyir samovardan da yaz. Düşünürəm ki, bir erməninin Bakıda döyülüb-söyülüb öldürülməsi haqda Əkrəm müəllim bir neçə səhifə yazıbsa, orada mütləq bunu doğuran səbəbləri də yazmalıydı. O, «yeraz» adlandırdığı şəxs boş-boşuna zorakılıq etmir ki? Bunun axı ilki, başlanğıcı var. 250 min adamı birdən-birə var-dövlətini əlindən alıb qovasan – bax, bu, onun nəticəsi idi. Əkrəm müəllim mütləq bunu yazmalıydı. Onun bir yanlışlığı ondadır ki, yazmayıb. Hadisənin başvermə səbəbi aydınlaşmalıydı. Orada bu səbəb bilinmir.

250 min adam Ermənistandan qovulanda, onların yarısını Fərman Kərimzadə ilə vağzalda mən qarşılamışam. Onlar əl-ayağı sındırılmış, qulağı kəsilmiş, gözü çıxarılmış şəkildə gəlmişdilər. Zorakılığı doğuran səbəblərdən biri də o idi... Elə yazsaydı, Əkrəm müəllimin üstünə belə düşməzdilər. Mən düşünürəm ki, Əkrəm müəllim Azərbaycan xalqının 100 ildə bir yetişdirdiyi yazıçılardandır. Mən onu həmişə Mirzə Cəlilə bənzədirəm. Düzdür, onların fərqli üslubları var. Amma mən onu Mirzə Cəlil məktəbinin son mogikanı adlandırıram. Azərbaycan xalqı yaxın yüz ildə bir də belə yazıçı yetişdirməyəcək. Təbii ki, əsərdə irad tutulası şeylər var. Amma bunu əsas götürüb bir yazıçının üstünə kütləni qaldırmaq məntiqə sığmayan işdir. Kampaniya aparmaq, piket keçirmək – bunları düzgün hesab eləmirəm. Çünki Əkrəm müəllim fikir adamıdır, o səhv də edə bilər, yazıçı anlaşılmayan bir şey də yaza bilər. Buna görə onu ittiham etmək, məhşər ayağına çəkmək düzgün deyil…».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG