Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:00

Etiraz aksiyaları Gürcüstanda necə tənzimlənir?


Gürcüstanda foto jurnalistlərin həbsiylə bağlı etiraz aksiyası

Gürcüstanda foto jurnalistlərin həbsiylə bağlı etiraz aksiyası

-
Son 5 ildə Gürcüstanda keçirilən etiraz aksiyalarının dəqiq sayını xatırlamaq mümkün deyil. Bu aksiyalar tələblərinə, etirazların müddəti və ifadə tərzinə görə bir-birindən fərqlənib. Hətta kamera və çadırlardan istifadə edilən aksiyalar da təşkil olunub. «Gənc hüquqşünaslar assosiasiyası» QHT-nın hüquqşünası Vaxuşti Menabde deyir ki, «Toplaşma və nümayişlər» haqqında qanuna edilən dəyişikliklərdən ölkədəki siyasi reallıqları müəyyən etmək asandır:

QANUNDA DƏYİŞİKLİYƏ EHTİYAC VARMI?

«Dəyişikliklər hər zaman mühüm siyasi və hüquqi hadisələrdən əvvəl edilib. 2009-cu ildə qanuna dəyişiklik edilən zaman paytaxtda bir neçə ay idi ki, davamlı aksiyalar keçirilirdi. Qanun həmçinin veteranların 2011-ci il aksiyasını da əks etdirir (2011-ci ilin 3 yanvarında Tbilisidə müharibə veteranlarının aksiyası dağıdılmışdı. Həmin aksiya Abxaziya müharibəsində ölənlərin şərəfinə ucaldılan memorialın qarşısında keçirilirdi. Veteranlar sosial güzəştlər və pensiyaların artırılmasını tələb edirlər), yəni qanunun hər bir maddəsinin öz tarixi var. Bu gün qanun 5 -10 il əvvəllə müqayisədə daha yaxşıdırsa, bu bilavasitə nümayişlərin keçirilməsi standartları uğrunda mübarizə aparan insanların, təşkilatların əməyinin nəticəsidir».

Nümayişlər haqqında qanunun liberallaşdırılması uğrunda mübarizəyə bir neçə ay əvvəl «Gənc Hüquqşünaslar Assosiasiyası» tərəfindən Gürcüstanın Konstitusiya Məhkəməsinə verilən iddia nümunə ola bilər. Bu iddia məhkəmə tərəfindən təmin olunub, nəticədə başqa ölkələrin vətəndaşları da nümayiş keçirmək hüququ qazanıblar.



Qanuna görə, bir qrup adam aksiya keçirmək istəyirsə, 5 gün əvvəlcədən yerli idarəetmənin icra orqanına ərizə ilə müraciət etməlidir. Ərizəyə aksiyanın keçiriləcəyi yer, iştirakçıların təxmini sayı, marşrutu və yolun lazım gələrsə bağlanması haqda məlumatlar daxil edilməlidir. Qanun bəzi inzibati binaların 20 metr radiusunda aksiyaların keçirilməsinə məhdudiyyətlər qoyub. Aksiyalarda konstitusion quruluşun devrilməsinə və zorakı hərəkətlərə çağırışlar etmək qanunla qadağan edilir. Nümayiş və yığıncaq iştirakçılarına insan sağlamlığına ziyan vuran əşyaları daşımaq da qadağandır. Qəfil aksiyalar barədə qanunun maddələri - məsələn, yolun bağlanması kimi – QHT üçün hələ də mübahisəli olaraq qalır.

Pavle Kublaşvili

Pavle Kublaşvili


«QANUN LİBERALDIR»

Parlamentin hüquq məsələləri komitəsinin sədri Pavle Kublaşvili hesab edir ki, qanun liberaldır və vətəndaşlara özünüifadə üçün maksimum imkan verir.

«Bu qanun liberaldır. Bir vaxtlar Venesiya Komissiyasının tövsiyələri əsasında hazırlanıb. Nümayişlərin keçirilməsi qaydaları ilə bağlı bütün məhdudiyyətlər inzibati orqanların blokadası və onların fəaliyyətinin pozulması ilə bağlı idi. Başqa əhəmiyyətli məhdudiyyət yoxdur. Qanunun təsbiti Avropa standartlarına uyğun aparılıb. Ümumi qiymətləndirmə bu normaların nə qədər işlək olduğunu göstərəcək. Hesab edirəm ki, ötən dövr ərzində nə qanun, nə də onun icrası ilə bağlı irad olmayıb».

Yenicə həbsdən azad olan, siyasi məhbus statuslu Levan Qoqiçaivşili Pavle Kublaşvilinin fikri ilə qismən razılaşır. 2006-cı ildən bəri müxtəlif aksiyalarda iştirak edən Levan 13 dəfə saxlanıb, 2 dəfə 25 günlük həbs cəzası alıb, digər hallarda isə 400-500 lari məbləğində cərimələnib. Levan Qoqiçaişvili deyir ki, onu bir qayda olaraq, hüquq mühafizə işçilərinə müqavimətə görə saxlayıblar, «Toplaşma və nümayişlər» haqqında qanunu pozduğuna görə yox.

«Məni heç vaxt nümayişlər haqda qanunu pozduğuma görə saxlamayıblar. Hər dəfə polisin işinə maneəçilik törətməkdə və ya müqavimət göstərməkdə ittiham ediblər. Əsasən müqavimət göstərmək olub. Əslində isə, polis bir qayda olaraq, təngə gələndə yaxınlaşıb və dağılışmağımızı tələb edib. Bizim dağılışmamaq hüququmuz var, çünki qanunla neçə dəqiqə dayanmağımız təsbit olunmayıb, 5 dəqiqəmi 10 dəqiqəmi... Bundan sonra isə onlar provokasiyaya başlayırdılar, nəticədə kütləvi səfərbərlik başlayırdı. Bizi əhatəyə alırdılar və zorla patrul maşınlarına mindirirdilər, məhkəmədə isə polisə müqavimət göstərdiyimiz deyilirdi. Hərçənd biz heç bir yolla qanunu pozmamışıq».

Gürcü polislər müharibə veteranını aksiyada saxlayan zaman. 4 yanvar 2011

Gürcü polislər müharibə veteranını aksiyada saxlayan zaman. 4 yanvar 2011

Əksər aksiyaların dağıdılması zamanı polisin öz səlahiyyətlərini aşdığı barədə fikirlər var.

Bunlar 2007-ci ilin 7 noyabr aksiyasında da, 2011-ci ilin 26 may aksiyasından sonra da olub. Yeganə istisna - 2010-cu il Tbilisidə keçirilən aksiya olub, onun 3 iştirakçısı vardı – İrakli Kakabadze, Şota Aqdqomelaşvili və Aleksi Çikvidze. Onlar ABŞ prezidenti Corc Buşun şərəfinə adlandırılan küçənin adının Amerika şairi Uolt Uitmenə dəyişdiyilməsini tələb edirdilər. Həmin aksiyanı Şota Aqdqomelaşvili belə xatırlayır:

«Şairin şeirlərini, həmçinin Allen Qinzberq və Robinson Ceffersonun tərcüməsini oxuyurduq, tamamilə dinc aksiya idi. Aksiyaya bu cür artikulyasiya hüquq mühafizə orqanlarında çaşqınlıq yaradıb, onlar necə hərəkət etməli olduqlarına qərar verə bilmirdilər. Daha sonra isə bizi saxladılar və sərt müqavimət maddəsi ilə ittiham etdilər. Hərçənd yaxınlıqdakı kameralar göstərib ki, biz qoyun sürüsü kimi maşına əyləşmişik. Bizi həmçinin yol işarəsini qəsdən zədələməkdə ittiham etdilər. Prinsipcə, biz bunu etiraf etdik, ancaq bizi buna görə yox, kəskin müqavimətə görə mühakimə etdilər».

Yerli və beynəlxalq təşkilatların müdaxiləsi nəticəsində, aksiya iştirakçılarını cərimə müqabilində sərbəst buraxıblar.

«Gənc hüquqşünaslar Assosiasiyası»nın hüquqşünası Vaxuşti Menabdi deyir ki, «Toplaşma və nümayişlər» haqqında qanuna baxmayaraq, hökumətin müxtəlif aksiyaların iştirakçılarına münasibəti fərqlənir. Hökumət QHT-lərin, jurnalist və tələbələrin keçirdiyi aksiyalara qarşı daha liberal yanaşır. İctimai dəstək qazanmayan siyasi qüvvələrin aksiyası zamanı isə hökumət bütün sərtliyini ortaya qoyur.
XS
SM
MD
LG