Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:46

Rövşən Rzayev: «Aksiyalara çıxmağın nə mənası var?»


Rövşən Rzayev
Rövşən Rzayev
-

AŞPA-nın yanvar sessiyasında almaniyalı deputat Christoph Straesser-in hesabatı qəbul olunmadı. Ancaq Azərbaycana dair qəbul olunan qətnamədə də siyasi məhbuslarla bağlı tövsiyələr var. İlk növbədə hakimiyyət çağırılır ki, bəzi işlərə yenidən baxsın. Hansı işlərə yenidən baxıla bilər? AzadlıqRadiosunun müxbiri bu sualı AŞPA-dakı nümayəndə heyətinin, eləcə də parlamentin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü Rövşən Rzayevə ünvanlayıb:

– Təbii ki, bütün işlərə yenidən baxılacaq. Hamısını dəqiq deyə bilmərəm. Ancaq bəzi işlərə yenidən nəzər salınacaq.

– Qətnamədə hakimiyyətə belə bir çağırış var ki, həbs və istintaqının beynəlxalq standartlara uyğunluğuna şübhə yaranan məhbusların buraxılması üçün bütün mümkün hüquqi alətlərdən istifadə olunsun. Varmı belə alətlər? Məsələn, sağlıq durumu narahatlıq doğuranların buraxılması mümkündürmü?

– Konkret hallarla bağlı bir söz deyə bilmərəm, ancaq həmməruzəçilərin verdiyi qiymətlə tamamilə razıyıq. Orada çox düzgün və ədalətli mövqe vardı. Təbii ki, işlərə baxılacaq və ədalət öz sözünü deyəcək.

– Bu da var ki, kimlərsə buraxılsa da, potensial siyasi məhbuslar yaranır. Baxılan işlər var, aksiyalarda saxlananlar var. Cinayət Məcəlləsinin maddələrindən fəallara qarşı istifadə olunur.

– Bu barədə öz fikrimi söyləyim. Aksiyalar, siyasi yürüşlər xeyrimizə olan məsələlər deyil. Hansısa qüvvələrin çağırışlarına cavanları cəlb edirlər. Ancaq bu gün tamamilə başqa düşüncə, başqa yanaşma olmalıdır. Bu hallar bizə xeyir vermir. Bu hallarla bağlı başqa cür düşünmək lazımdır. Bununla kimə xeyir veririk? Düşünmək lazımdır. Təəssüf olsun ki, bəzən düzgün qiymət verilmir, başqa cür baxılır, ancaq düşünürəm ki, kökündə yanlışlıq var.

– Başqa yanaşma kimi nə təklif edirsiniz?

– Belə halların olacağını bilirsinizsə, nə mənası var belə etməyin, bu həddə çatdırmağın?

– Demək istəyirsiniz ki, aksiyaya çıxmağın nə mənası var?

– Bəli, təbii ki. Bunların hamısını başqa cür qiymətləndirmək, başqa cür yanaşmaq olar. Kiməsə sərf edir, təcrübəsiz adamlardan yararlanır.

– Amma insanlar öz konstitusion hüquqlarından, sərbəst toplaşma hüquqlarından istifadə etdiklərini deyirlər...

– Bütün o hüquqlar təmin olunur, şərait də yaradıla bilər. Şəxsən mənim deməyə sözüm olsa, o sözü deməyə yer və imkan taparam. Sözümü çatdırmaq yox, başqa hərəkətlər lazımdırsa, onu da bacara bilirik. Məsələ də bundadır ki, sözü çatdırmaq, məsələni düzgün həll etmək əvəzinə kiminsə marağı üçün istifadə olunurlar. Amma demirəm ki, problem yoxdur, onu həll etmək lazım deyil, yaxud həll oluna bilməz.

– Onda belə çıxır ki, insanlar hələ də aksiya variantından yararlanırlarsa, həbs olunacaqlar və siyasi məhbuslar yaranacaq?

– Xeyir, elə söz deyə bilmərəm. Hərənin öz hüququ var, sözünü demək üçün istifadə edə bilər. Sadəcə, insanlar, xüsusən gənclər istifadə olunmasınlar. Məncə, problem budur. Məncə, gəncləri də daha çox xaricdən qaynaqlanan qüvvələr idarə edir.

– Hesabatda qeyd olunur ki, prezidentin əfvləri çıxış yolu deyil. Məhkəmələr işlərə ədalətlə baxmalıdır, dövlət ittihamçısının təqdim etdiyi dəlillərə tənqidi yanaşılmalıdır. Yəni, sizcə, siyasi məhbusun yaranmaması üçün neyləmək lazımdır?

– Siyahıda siyasi məhbus anlayışı düzgün qoyulmayıb. Qərəzli mövqelər çoxdur. Mənə aydın deyil siyasi məhbus siyahısı necə yığılır. Hansı meyarlarla tərtib olunur? Burada da qeyri-düzgün yanaşma görürəm, siyahı şişirdilir. Bunlar bizim xeyrimizə deyil. Məncə, Azərbaycan gəncliyi irəli baxsın. Bizi geri aparan qüvvələrə qarşıyam, onlarla mübarizə aparacağam.

– Ancaq qətnamədə də deyilir ki, görüşdükləri şəxslər məhz siyasi baxışlarına görə həbs olunublar...

– Xeyir, elə deyil, hərəsi bir maddəylə həbs olunub, adını da siyasi məhbus qoyub siyahını şişirdiblər. Ədalətli baxış başqa şeydir.

– Yəni sizcə, siyasi fəallara qarşı Cinayət Məcəlləsinin maddələrindən istifadə olunmur?

– Bilirsiniz necədir, siz jurnalistsiniz, mən siyasətçiyəm, biri istintaq aparan orqandır, biri hərbçidir. Hərənin yanaşması peşəsinə uyğundur. İstintaqçı, hüquq-mühafizə orqanında işləyən ona öz prizmasından baxır. Bu məsələlərə daxildə qiymət verməliyik, bunu xaricə çıxarmaq, xarici qüvvələrin düşüncəsi altına düşmək heç də yaxşı şey deyil.

– Belə düşünənlər də var ki, hakimiyyət ekstremizm, terror hədələrindən yararlanaraq əsas insan hüquq və azadlıqlarını daha çox basqı altında saxlayır. Sonucda yenə siyasi məhbuslar yaranır.

– Bu fikirlə qətiyyən razı deyiləm. Bu gün hakimiyyət qətiyyən belə düşüncələrə malik deyil. Əksinə, hakimiyyət azad və demokratik, hüquqi, müstəqil dövlət quruculuğunun marağındadır. Xalqımız da bu işdə yardımçı olmalıdır. Kiminsə hakimiyyət uğrunda mübarizəsinə, hansısa xarici qüvvələrin diktəsi altında fikir söyləməklərinə qarşıyam.
XS
SM
MD
LG