Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:17

Zaqatalalılar yürüş etmək istəyirlər


Zaqatalada zəlzələ
Zaqatalada zəlzələ
-

Zaqatalanın bir neçə kəndində zəlzələdən zərərçəkənlər hökumətin verdiyi kompensasiyadan narazıdırlar. Bu haqda AzadlıqRadiosuna Muxax, Gözbarax kənd sakinləri deyiblər.

Onların sözlərinə görə, yanvarın 30-da Fövqəladə Hallar Nazirliyi və rayon icra hakimiyyətinin nümayəndəsi zəlzələdən zərər çəkən kəndlərdə olublar.

İcra başçısının köməkçisi Xəyyam Məmmədov AzadlıqRadiosuna deyib:

«Nazirliyin və icra hakimiyyətinin nümayəndəsi kəndlərdə görüş keçiriblər. Əvvəlcə komissiya zəlzələdən zərərçəkən bəzi evlərdə bərpa-gücləndirmə işləri aparılacağını bildirmişdi. Ancaq sonradan komissiya belə qərara gəldi ki, həmin vəsait ev sahiblərinə verilsin. Təmiri özləri aparsınlar».

Xəyyam Məmmədov komissiyanın niyə belə qərar verməsini izah etmir.

«BU PULA TƏMİRİN 20 FAİZİNİ DƏ APARMAQ MÜMKÜN DEYİL»

Kənd sakinləri də komissiyanın bu qərarından narazılıq edirlər. Onlardan biri, Muxax kənd sakini Hikmət Mahmudov deyir ki, bərpa-gücləndirmə işləri üçün ayrılan vəsait yetərli deyil:

«Həmin vəsait 4-7 min manat arasındadır. Həmin pulla təmirin, görüləsi işin heç 20 faizini aparmaq mümkün deyil. Zəlzələdən zərərçəkən kəndlərin hamısında - Muxax, Mamrux, Danaçı, Aşağı-tala, Gözbaraxda vəziyyət eynidir. Bu gün də Gözbaraxda camaat icra hakimiyyətinin nümayəndəsi və nazirlik işçisiylə görüşdə Bakıya, Prezident Administrasiyasına yürüş edəcəyini deyib. Bundan sonra kəndə polis gətiriblər. Rəsmilər kəndin ağsaqqalları ilə görüş keçiriblər, cavanları isə ora buraxmayıblar».

Bu məlumatı Gözbaraxdan olan sakinlər də təsdiqləyirlər.

«NARAZILAR HƏMİŞƏ OLUR»

İcra başçısının köməkçisi Xəyyam Məmmədov isə narazıların ola biləcəyini istisna etmir:

«Narazılar həmişə olur. Ancaq yürüş olmayıb. Kompensasiyanı da artıq bir neçə nəfər götürüb».

2012-ci ilin mayında Zaqatalada zəlzələ nəticəsində bəzi kəndlərdə evlərə zərər dəyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG