Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:08

Toy karvanına məhdudiyyət



«Azərbaycanda toy karvanı maksimum 3-4 avtomobildən ibarət ola bilər. Karvanda avtomobillərin sayı çox olanda həm özlərinə, həm də digər hərəkət iştirakçılarına problem yaradırlar». Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev «Trend»ə belə deyib.

Şöbə rəisinin sözlərinə görə, toy karvanında avtomobillərin sayının çoxluğu düz deyil: «Düzdür, el adəti var, əvvəl çalışırdılar ki, avtomobillər çox olsun. İndi bəlkə də bu, rayon və kənd yerlərində mümkündür. Amma şəhərdə artıq elə vəziyyət yaranıb ki, toy karvanı maksimum 3-4 maşından ibarət ola bilər».

Kamran Əliyevin fikrincə, bu işə polisin müdaxiləsindənsə, ağsaqqalların düşünülmüş formada yanaşması, cavanlara məsləhət vermələri, lazım gəlsə, tələb etmələri daha məqsədəmüvafiqdir.

O, əlavə edib ki, toy karvanının iştirakçısı olmaq sürücüləri məsuliyyətdən azad etmir. Kamran Əliyev deyib ki, nəzarət kameraları qayda pozuntularını qeydə alır.

«Hər bir qayda pozuntusuna yol verən şəxs, toy karvanında olmasından asılı olmayaraq, məsuliyyət daşıyacaq», Əliyev söyləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG