Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:18

İsa Qəmbər Lənkərana yola düşdü


İsa Qəmbər
İsa Qəmbər
-
Yanvarın 27-də Müsavat Partiyası başqanı İsa Qəmbər başda olmaqla 100 nəfər Lənkərana yola düşüb.

Bu haqda AzadlıqRadiosuna başqan müavini Gülağa Aslanlı deyib:

“Biz Müsavatın Lənkəran rayon təşkilatının yubiley tədbirində iştirak etmək üçün gedirik. Ötən dəfə öyrədilmiş adamlar buna imkan vermədilər. Biz təkrar yola düşmüşük. Aldığımız məlumata görə, bizi bir neçə yerdə təxribatçılar qarşılaya bilər. Məsələn, Salyandan keçəcəyimiz yerdə qadınlardan ibarət qrupun, eləcə də rayon mərkəzində xeyli sayda polis işçisinin yığışması haqda xəbərlər gəlir. Bu nə qədər doğrudur, bilmirik. Ancaq yolumuza davam edirik”.

AzadlıqRadiosunun bölgə müxbiri Müstəcəb Məmmədov xəbər verir ki, Lənkəranın girəcəyində 100-ə yaxın adam toplaşıb. Onlar İsa Qəmbəri gözlədiklərini deyiblər. Ancaq Müsavat başqanının əleyhdarı və ya tərəfdarı olduqlarını söyləməyiblər.

Bundan başqa, Müstəcəb Məmmədov Astaradan Lənkərana gələn yolda bir neçə post patrul avtomobilinin olduğunu da xəbər verir.

Yanvarın 13-də Müsavat başqanı və partiyadaşları Lənkərana gedərkən, bir qrup onun avtomobilinə daş atıb, bir neçə nəfərə xəsarət yetiriblər.

Bu günlərdə Lənkəran ziyalıları adından bir neçə nəfər İsa Qəmbərə müraciət edərək bölgəyə gəldiyi halda “Lənkəranlıların bir daha İsa Qəmbərə layiq olan cavabı verəcəklər”ini deyiblər.

Müraciət müəllifləri sual edirlər: “Doğurdanmı, əhalinin göstərdiyi münasibət sizə dərs olmamışdır? Düşünmürsünüzmü ki, xalq tərəfindən qovulduğunuz Lənkərana gəlişiniz siyasi iflasınızın son nöqtəsi olacaq?..”
XS
SM
MD
LG