Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:36
-
Dindar həm de demokrat ola bilərmi? Bəs əksinə, özünü demokrat sayan insanın həm də ibadətində qalması mümkündürmü? Dini və demokratik dəyərlər arasında üst-üstə düşənləri və uzlaşmayanları hansılardır, bu məsələlərə yanaşmanı necə yoluna qoymaq, xoşgörülü olmaq olar? Axı adətən özünü dindar sayanlar demokratları inancsız sayır, özünü demokrat sayanlar isə əksinə, dindarların köhnə fikirli, doqmalara inanan, insan haqlarını məhdudlaşdıran kəslər olduğunu iddia edirlər.

AzadlıqRadiosu və İnternyus Azərbaycanın birgə layihəsi olan “İslam və Demokratiya” proqramında məhz bu suallar ətrafında müzakirə aparılıb.

"İSLAMI SEVİRƏM, AMMA DEMOKRATAM"

Filosof Niyazi Mehdi dindarların antidemokrat, demokratın ateist olması haqda deyilənləri kifayət qədər əsaslı sayır. Bununla belə, hesab edir ki, hər kəs eyni deyil:

“Məsələn, mənim İslama sevgim var, amma demokratam. Amerikada demokratiyanı yaradanlar, demokratiya atalarının çoxu dindar idi. Amma buna baxmayaraq, kilsəni dövlətdən ayırdılar”.

ÜRƏYİNDƏ ALLAH SEVGİSİ OLANLAR ARASINDA AXMAQLARI DA VAR

N.Mehdi deyir ki, 90-cı illərdə Azərbaycanda bəzi şəxslər belə hesab edirdilər ki, əgər onlar Allaha ürəkdən inanırlarsa, deməli istənilən axmaq hərəkəti, tərbiyəsizliyi edə bilərlər. Məhz buna görə də həmin dövrdə İslamdan qorxmağa başlayanlar da oldu:

“Saxtakarlar, fırıldaqçılarla bağlı məsələ asandır. Amma ən təhlükəlisi - sözün əsl mənasında ürəyində Allah sevgisi olan, amma özü axmaq adamlardır”.

HƏR KƏSİN İSTƏDİYİ KİMİ İBADƏT ETMƏK HAQQI VAR

Niyazi Mehdi hesab edir ki, demokratiyanın - xalqın hakimiyyətinin bərqərar olması üçün insan haqlarının təminatı vacibdir. İnsan haqlarının əsas prinsipi - hər kəs istədiyinə inana bilər.

“Bəzi müsəlmanlar hesab edir ki, ateist olana zülm etmək olar. amma hər bir insanın istədiyi dinə inanmağa, düzgün hesab etdiyi kimi ibadət etməyə haqqı çatır”.

YALNIZ ALLAHIN QULU DEMOKRAT OLUR

İlahiyyatçı Əkrəm Həsənov deyir ki, bəzi radikal dindarlar yalnız özlərini əsl müsəlman sayır, fərqli siyasi fikirdə olanları kafir hesab edir. Bu isə bəzən cahillikdən irəli gəlir.

“Hər bir müsəlman Allaha ibadətlə yanaşı, digər insanların da fikirlərinə hörmətlə yanaşmalıdır. Demokratiya – insanların hakimiyyəti deməkdir. Müsəlman isə Allaha təslim olub. Hər bir insan Allaha qul olandan sonra demokrat olur. Yoxsa, ya özünün, ya da başqasının dediyi ilə oturub-durursan. İslam demokratiyanı belə qəbul edir - Allah rəsuluna itaət etməlisən, digərlərini də bu yola dəvət etməlisən”.

Niyazi Mehdi insanların bir-birinə hörmətlə yanaşmasının vacibliyini bölüşür. Amma deyir ki, bunun əsasında doqmatizm yox, plüralizm olmalıdır:

“Mənim dindarlığım əsasında məcburiyyət dayanmamalıdır. Mən ona görə müsəlman deyiləm ki, İslamı ən yuxarı din sayıram. Sadəcə öz şüurumda olan mədəniyyətlə Allaha yaxnlaşmaq istirəm. Bu ibadətin əsasında isə İslam duyur. Amma o biri dini cərəyanları da yalan saymıram. İslamı sevməyim üçün bu lazım deyil. Məgər mənim öz valideynlərimi sevməyim üçün digər valideynlərin pis olduğunu deməliyəm?”

Proqramda Quran ayələrinin yozumu, İslam fəlsəfəsi, ibadətin yolları, İslam alimlərinin son mülahizələri barədə diskussiya aparılıb.

Müzakirənin tamını aşağıdakı linkdən dinləmək olar.

Şərhləri göstər

XS
SM
MD
LG