Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:24

İcra başçısı ilə görüşmək istəyən Maştağa sakini polisə aparılıb


-
Maştağa sakini Tahir Poladzadə yanvarın 25-də Sabunçu rayon 14-cü polis bölməsinə aparılıb. Bölmədən məlumatı təsdiqləsələr də, onun sadəcə tanışlıq məqsədi ilə dəvət edildiyini bildiriblər.

Tahir Poladzadənin özü AzadlıqRadiosuna xəbər verib ki, o, yanvarın 25-də 209 saylı orta məktəbin açılışına gələcək Sabunçu rayon İcra Hakimiyyətinin başçısıyla görüşmək qərarına gəlibmiş. Məqsədi – qəsəbədəki problemləri icra başçısına şəxsən söyləməkmiş:

«İndi əməliyyatçı Anar müəllimlə söhbət edirik. Hələ bir şey yoxdur. İcra başçısının iclası olmalıydı, oraya qatılmalıydım. Maştağanın sosial problemlərindən, kanalizasiya sisteminin yoxluğundan, işsizlikdən, torpaqların satılmasından, içməli su qıtlığından danışacaqdım, amma imkan vermədilər».

14-cü polis bölməsinin adının çəkilməsini istəməyən əməliyyatçısı AzadlıqRadiosuna Maştağaya yeni gəldiyini və Tahir Poladzadəni tanışlıq üçün bölməyə çağırdığını deyib:

«Onu heç kim gətirməyib, dəvət etmişik. Mən ərazinin əməliyyatçısıyam. Heç kimin söz deməsinə mane olmuruq. Onu kənd ağsaqqalı kimi yaxşı tanıyıram, bir azdan çıxıb gedəcək. Sözünü deyən adam olduğunu eşitmişəm. Bir də insanlar arasında, məhəllədə hörmətə malik insanlarla işimizi qurmalıyıq, axı».

Maştağa qəsəbəsinin bir başqa sakini Zərifə Hüseynova polisin söylədikləriylə razılaşmır. Onun fikrincə, Tahir Poladzadənin icra başçısı ilə görüşməməsi üçün polisə aparıblar:

«Qəsəbədə sözünü deyən bir-neçə nəfər var. Onları həmişə nəzarətdə saxlayırlar. Bakıya gəlməsəydim, yəqin məni də aparacaqdılar. Bizim günahımız nədir ki? Maştağada su yox, kanalizasiya yox, işsizlik baş alıb gedir. Burada sosial-iqtisadi vəziyyət çox gərgindir».

Günün bütün mövzuları

XS
SM
MD
LG