Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:17

Əli Əhmədov "Ərəb baharı"ndan, İsa Qəmbər və Elşad Abdullayevdən danışdı


Əli Əhmədov
Əli Əhmədov
«İstənilən ölkədə olduğu kimi Azərbaycanda da seçkilər öncəsi ictimai-siyasi qabarmalar baş verir. Bu qabarmalar fonunda ayrı-ayrı qruplar fəallıq göstərirlər. Biz bunu beş il əvvəl də müşahidə etmişik, beş il sonra da müşahidə edəcəyik... Bu qabarmalardan istifadə edərək müxtəlif proqnoz, bəyanat verənlərə cavab olaraq demək istəyirəm ki, vətəndaşlar yaxın perspektiv üçün Azərbaycanın taleyini bu gün həyata keçirilən siyasətlə bağlayırlar».

Bunu Yeni Azərbaycan Partiyası icra katibinin müavini Əli Əhmədov yap.org.az saytına müsahibəsində deyib.

Əli Əhmədov bildirib ki, «dünyada baş verən hadisələri Azərbaycan vətəndaşları çox diqqətlə izləyirlər. Həmin hadisələrin baş verdiyi ölkələr, oranın xalqları üçün nə qədər faciə ilə nəticələndiyini də görürlər. Bu hadisələrin baş verdiyi ölkələr Azərbaycandan o qədər də uzaqda deyil. Liviyada, Suriyada baş verən hadisələr və sair bu gün Azərbaycan vətəndaşının seçiminin əsasında dayanan çox ciddi məqamlardır. Sabah Azərbaycanda əmin-amanlığı təmin edəcək başqa kim var? Kim sabah hər bir Azərbaycan vətəndaşının təhlükəsiz həyat sürməsi üçün ağıllı siyasət yeridə biləcək? Kim sabah Azərbaycanı təlatümlərdən, dağıntılardan, faciələrdən və şəxsi fəlakətlərdən qoruya biləcək? Hansı qüvvə var? Biz bu gün lokal səviyyədə, qruplar səviyyəsində başa düşülən tələblərdən çıxış edib bütövlükdə Azərbaycanın, hər bir vətəndaşın mənafeyi baxımından daha uğurlu gələcəyə apara bilən xətdən sapa bilərik».

Əli Əhmədov hakim partiyanın öz namizədini rəsmən bəyan etməməsi haqqında isə deyib ki, «ölkə qanunvericiliyinə görə seçki kampaniyası seçkilərin keçirilməsinə iki ay qalmış başlayır. Namizədin rəsmi şəkildə irəli sürülməsi də o dövrdə başlayır. O ki qaldı YAP-ın qarşıdan gələn prezident seçkilərində namizədi ilə bağlı rəsmi mövqeyinə, bu barədə dəfələrlə ən aydın şəkildə münasibətlər bildirilib. Cəmiyyətdə və partiyamızda qarşıdan gələn seçkilərdə namizədlə bağlı fərqli mövqe yoxdur. YAP-ın 600 min üzvünün hər biri üçün qarşıdan gələn prezident seçkilərində yeganə namizəd İlham Əliyevdir».

Əli Əhmədov deyib ki, partiya qarşıdan gələn seçkilərlə bağlı öz namizədini və platformasını rəsmən müəyyənləşdirmək üçün qurultay keçirəcək. Seçkilər oktyabr ayında keçirildiyi üçün növbəti qurultay avqust ayına gözlənilir. «Bu qurultayda biz rəsmən İlham Əliyevin namizədliyini irəli sürəcəyik».

Əli Əhmədov Müsavat Partiyasının başqanı İsa Qəmbərin Lənkəranda baş verən insidentə görə hakimiyyəti ittihamı etməsinə isə belə cavab verib: «Bütün bunların hamısı Müsavat Partiyası və İsa Qəmbərin seçkilər öncəsi öz reytinqini və nüfuzunu artırmaq istiqamətində atdığı addımlardan başqa bir şey deyil. Çünki İsa Qəmbərin istənilən regionda öz görüşlərini keçirməsi üçün hər hansı maneə yoxdur, indiyə qədər də olmayıb».

YAP icra katibi Elşad Abdullayevin yaydığı videolara hakim partiyanın cavab verməməsinə də toxunub.

Deyib ki, «YAP bununla bağlı öz mövqeyini kifayət qədər açıq şəkildə ortaya qoyub. Amma eyni zamanda biz qanuna da hörmətlə yanaşmağa adət etmiş bir partiyayıq. Bütün bu iddialarla əlaqədar istintaq aparılır, xüsusi istintaq qrupu yaradılıb və araşdırmalar davam edir. İstənilən halda istəmirik bu xoşagəlməz hadisə həddindən artıq müzakirə predmetinə çevrilsin. Ən azı istintaq gedir, istintaq da hər şeyi ortaya qoyacaq. Günahlar və günahkarlar tamamilə aydınlaşacaq və hüquqi qiymətlərini də alacaqlar».
XS
SM
MD
LG