Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:05

Qarabağ əlili: «4 gündür evə çörək apara bilmirəm»


Namiq Ağayev
Namiq Ağayev

-

«DEDİLƏR, PREZİDENT ALVERƏ İCAZƏ VERMİR»

«Neftçilər» metrosunun çıxışında uzun illər idi ki, yeşiyin üstünə siqaret yığıb satırdım. Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Rəfail Allahverdiyev o vaxt əlillərə, şəhid ailələrinə belə şəraitlər yaradırdı ki, başımızı saxlayaq. Həmin vaxtdan yay-qış səhərdən axşamadək metronun çıxışında bir yeşiyin üstünə siqaret yığıb alverimi edirdim. Dünən polislər gəlib yığışdırdılar ki, prezident küçədə alver etməyə icazə vermir».

Qarabağ əlili Namiq Ağayev deyir ki, yayın cırhacırında, qışın şaxtasında ümidini bağladığı alver yeşiyini əlindən alıblar. Deyir, o yeşiklə bərabər 4 gündür ki, evinə apardığı yavan çörəkdən də məhrum olub.

«MÜAVİN DEDİ Kİ, NƏ QƏDƏR ŞƏHİD AİLƏSİ, ƏLİL OLAR?»

«Mən yeşiyi əlimdən almış polisləri qınamıram. 24-cü polis bölməsinin rəisinin mənə yazığı gəldi, dedi ay yetim, gedək görək, sənin üçün bir şərait düzüb-qoşa bilirik ya yox. Məni Nizami rayon İcra Hakimiyyətinə apardı. Qapıda xeyli gözləyəndən sonra binadan çıxan icra başçısının müavinlərindən birinə yaxınlaşdıq. Polis rəisi bildirdi ki, bu yazıq Qarabağ əlilidir, uzun illərdir metronun çıxışında oturub siqaret satırdı, bu gün yığışdırdıq. Bəlkə buna bir şərait yaradasınız, üstüörtülü yer ayırasınız. Qarabağ əlilidir. Müavin əsəbiləşdi, rəisin üstünə acıqlandı ki, nə qədər şəhid ailəsi, Qarabağ əlili olar. Sənə nə tapşırılıb onu et, gerisi sənlik deyil».

Namiq Ağayev deyir ki, 19 ildir bədənində 130 qəlpə, 2 güllə yarası gəzdirir:

«1993-cü ildə aprelin 2-də Füzulidə gedən döyüşlərdə yaralanmışam. Qacar kəndi uğrunda gedən döyüşlərdə komandiri olduğum tank piyada əleyhinə minaya düşdü. O vaxt başımdan yaralandım. Tankdan düşəndə mərmi partladı, qəlpələri bütün bədənimə doldu».

Namiq Ağayev 19 ildir ki, öz hesabına mütəmadi müalicələr alır. Deyir, dərmana pul tapanda müalicə alır, tapmayanda vəziyyəti ağırlaşır. Ancaq onu səhhətindən çox ailəsinin, iki azyaşlı uşağının gələcəyi narahat edir.

«PALTARLARIMIZLA BƏRABƏR ÇÜRÜMƏKDƏYİK»

Arxiv foto
Arxiv foto

«Uçuq, sökük, rütubətli bir zirzəmidə yaşayırıq. Paltarlarımızla bərabər özümüz də çürüməkdəyik. Mən onsuz da çürümüşəm, heç olmasa bu hökumətin uşaqlarıma yazığı gəlsin, uşaqlarım da xəstədir. Özümün bir qolum işləmir. Bədənimdəki qəlpələr, güllələr yaşamağa imkan vermir. Bir tərəfdən də məmurlar canımı alır. 1994-cü ildən ev, maşın növbəsindəyəm. Hər dəfə növbəm başqalarına pulla satılır. 2003-cü ildə növbədə 106-cı idim. 2008-də məktub göndərdilər ki, 189-cusan. Səs-küy saldım, yazıb göndərdilər ki, 72-cisən. Elə bil ələ salırlar».

Qarabağ əlilinin sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edəndə ən yaxşı halda aldığı cavab bu olub ki, «sənədlərin itib»:

«Ev növbəm ona-buna satılır. Nazirliyin əlil, tənha və ahıllara sosial xidmətin təşkili şöbəsinin rəisi Azad Tağızadənin qəbulunda olmuşam. Hər dəfə məsələnin həllini işçiləri Rəhim Babayevə və Firudin Əliyevə tapşırır. Onlar da hər dəfə deyirlər ki, sənədlərin itib. Məndən 15 min manat pul istəyirlər. Mən də məcbur olub prezidentə müraciət etmişəm ki, mənə 15 min kredit ver, rüşvət verim, evimi alım».

NÖVBƏ ÇATANDA...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirib ki, Müdafiə Nazirliyinin sifarişi ilə 2008-ci ildə Bakının Binəqədi rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış binası istifadəyə verilib. Həmin binadakı mənzillərin növbəyə dayanan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri arasında bölüşdürülməsi üçün Nazirlikdə xüsusi komissiya yaradılıb. Namiq Ağayev 2008-ci ildə Binəqədi rayon icra Hakimiyyəti tərəfindən Müdafiə Nazirliyinə daxil olmuş Qarabağ müharibəsi əlillərinin siyahısında 106-cı sıra nömrəsi ilə mənzil növbəsinə dayanıb. Həmin yaşayış binasındakı mənzillər yaşayış yeri üzrə mənzil növbəsinə, Namiq Ağayevdən əvvəl mənzil növbəsinə dayanan və yaşayış yerinin yaxşılaşdırılmağa zəruri ehtiyacı olan şəxslərə paylanılıb. Binəqədi rayon icra Hakimiyyətindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olan məktuba görə, Müdafiə Nazirliyinin sifarişi ilə inşa olunan binalardan Binəqədi rayonuna mənzil ayrılmayıb. Namiq Ağayev hazırda ev növbəsində 72-ci sıradadır. Gələcəkdə Nazirliyin sifarişi ilə inşa olunacaq binalardakı mənzillərin bölgüsü zamanı Namiq Ağayevin də mənzillə təmin olunma məsələsinə növbəlilik qaydasında baxılacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mənzil növbələrinin pulla satılması ilə bağlı deyilənləri isə rədd edib.

XS
SM
MD
LG