Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:45
-
Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakının mərkəzi hissəsinin 2030-cu ilədək layihə planını açıqlayıb. Plana görə, qarşıdakı 18 il ərzində paytaxtın adıçəkilən bölümündə yaşayış fondu (mənzillərin ümumi sahəsi) 7 milyon 611 min kvadratmetrdən 9 milyon 80 min 300 kvadratmetrə çatdırılacaq

81 yaşlı Bakı sakini Qabil Ağadayıoğlu şəhərdəki söküntülərdən rahat deyil. Elə narahat-narahat da köhnə məhəllədəki evinin yolunu tutur:

«Mənim babam buranı 7 dekabr 1911-ci ildə qızıl pulla alıb. Notarial qaydada təsdiq olunmuş sənədini də saxlayıram. İndi qərar çıxarıblar ki, bunlar hamısı sökülməlidir».

Qabil Ağadayıoğlu köhnə məhəllədəki mülkünün gələcəyindən nigarandır. Deyir ki, doğulub böyüdüyü yerdən, doğma mühitindən ayrılmaq istəmir:

«Mən bakılıyam. Ulu babam Baba, sonra Balakişi, sonra Abdulsalam, sonra atam, mən, oğlum, nəvəm... Yeddi nəsildir, hamımız burda olmuşuq. Ancaq indi niyə desinlər ki, mən buranı sökürəm, hara gedirsən, get?! Bu, düzgün deyil. İndi burdan çıxardanda adam başa düşmür ki, hara getməliyik. Sökürlər, yaxşı, söksünlər. Ancaq evi də onun yerində tikilmiş binada versinlər».

ÇOXMƏRTƏBƏLİ BİNALAR DA SÖKÜLƏ BİLƏR

Bakı

Bakı

Dəyişikliklər nəticəsində şəhərin mərkəzindəki 1-2 mərtəbəli yaşayış binaları 6 dəfə azalacaq. Əvəzində 6-9 mərtəbəli binaların sayı təxminən 3 dəfə artacaq. Komitənin şöbə müdiri Cahangir Qocayev söküləcək ərazilər haqqında bunları deyir:

«Şərqdən Yusif Səfərov küçəsi, Ali Məhkəmənin qarşısından keçən ərazi, günbatandan Nəriman Nərimanov prospekti, şimaldan Bakıxanov prospekti və üzü dənizə tərəf – bulvara qədər. Həmin ərazidə tikililərin seyrəldilməsi də nəzərdə tutulacaq. Amma tək o 1-2 mərtəbəlilər sökülməyəcək. Bəzi çoxmərtəbəli binalar da sökülə bilər – texniki baxımdan dayanıqlı olmayanlar. Söhbət onların yerindən getmir. Ümumiyyətlə, ərazidə sıxlığın azalması, ekoloji durumun yaxşılaşdırılması, əhali üçün normal həyat şəraitinin yaradılması məqsəd kimi qarşıya qoyulub».

Cahangir Qocayevin dediyinə görə, görüləcək işlərdən biri ərazidə yaşıllıq zolağının azı 3 dəfə artırılmasıdır. Küçə, park və meydançaların ictimai istifadə üçün 30-35 dəfə artırılacağı da nəzərdə tutulub.

HAMISI SÖKÜLMƏMƏLİDİR

Elçin Əliyev

Elçin Əliyev

Memar Elçin Əliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin seçdiyi istiqaməti düzgün sayır, ancaq:

«Mən bilirəm ki, onlar böyük bir ərazini geniş və yaşıl zonaya çevirməyi təklif edirlər. Bununla razı deyiləm. Hansısa məhəlləni söküb yerində parklar salmaq olar. Bundan başqa, bu ərazidə bəlkə də 10 memarlıq abidəsi var. Memarlıq abidəsi olmayanlar da var. Ancaq baxırsan onun incəliklərinə, o ustalar necə ürəkdən tikiblər. 1-2 mərtəbəli binaların hamısı sökülməməlidir. Hansısa hissələri qala bilər, oranı muzeyə çevirmək olar. Yenidənqurma aparıb mağazaya, kafeyə çevirmək olar. Orda elə binalar var ki, memarlıq abidəsi sayılmasa da, çox gözəl fasadlarıyla diqqət çəkir».

Cahangir Qocayev deyir ki, söküntülərin nə vaxt başlanacağı məlum deyil. Bunadək tikinti işlərinin layihəsi tam hazırlanmalıdır. Layihə məsələsini yerli icra hakimiyyətləri gerçəkləşdirməlidir.

Yerli icra hakimiyyətində isə Qabil Ağadayıoğluna artıq layihəni göstəriblər. Onun evi də söküləcək tikililər arasındadır. Deyir, o vaxtdan narahatlığı birə-beş artıb.

Şərhləri göstər

XS
SM
MD
LG