Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:16

İlham Şaban: ««The Times»ın yazdığının əsası yoxdur»


bp
bp
-
«bp Rusiyanın dövlət neft şirkəti «Rosneft»lə ittifaq bağlayandan sonra Azərbaycanda ciddi problemlərlə üzləşib».

Bunu Britaniyanın «The Times» qəzeti yazır.

Qəzet Azərbaycan rəhbərliyi ilə bp arasında münasibətlərin korlanmasının səbəblərinə toxunur. Məqalə müəllifinin fikrincə, Azərbaycan Dövlət Neft Şirkəti düşünür ki, bp ilə «Rosneft» arasındakı sövdələşmə Kremlə Britaniya şirkəti üzərindən Azərbaycana təzyiq göstərməyə imkan verəcək.

YUNANISTAN BAZARI UĞRUNDA QARŞIDURMA

Məqalə müəllifinin yazdığına görə, «Qazprom»la ARDNŞ arasında özəlliklə Yunanıstan bazarı uğrunda ciddi qarşıdurma mövcuddur.

bp ilə Azərbaycan hökuməti arasındakı münasibətlərə kiçicik xatırlatma: Bu ilin sentyabrında Prezident İlham Əliyev bp-ni sərt tənqidə tutmuşdu. O, bp-ni operatoru olduğu «Azəri-Çıraq-Günəşli» yataqlarında hasilatı aşağı salmaqda, verdiyi proqnozlara əməl etməməkdə və Azərbaycana «8 milyard dollar ziyan vurmaqda» günahlandırmışdı. Bu tənqiddən sonra bp Dövlət Neft Şirkəti ilə hasilatın artırılmasına dair danışıqlar aparmış və dekabr ayında bp-nin prezidenti Robert Dudley Bakıya gəlmişdi. İlham Əliyev onunla danışıqlardan sonra bəyan etmişdi ki, Britaniya şirkəti ilə problem yoluna qoyulub və hasilatın 2013-cü ildə sabitləşəcəyi gözlənilir.

«BP İLƏ AZƏRBAYCAN ARASINDA ÇƏRÇİVƏ SAZİŞİ İMZALANIB»
«Rosneft»
«Rosneft»

Amma «The Times»ın yazdıqlarından bəlli olur ki, münasibətlərdəki gərginlik hələ də səngiməyib. Nə baş verir? bp ilə Azərbaycan hökuməti arasındakı münasibətlər nə yerdədir və nədən xəbər verir? Bu sualları neft-qaz məsələləri üzrə analitik İlham Şaban cavablayır.

- İlham bəy, ilk sualdan başlayaq: Nə baş verir?

- Azərbaycanla bp arasında artıq çərçivə sazişi imzalanıb. Bu gün (yanvarın 23-ü) bp-nin vitse-prezidenti Al Cook bunu açıqladı. Əlaqələr 2013-cü ildə yüksələn xətt üzrə davam etməlidir. Əslində, «The Times»ın yazdığının əsası yoxdur. Jurnalistin belə yazmağı Rusiyanın bu məsələni qabartmasından irəli gəlir. Çünki «Rosneft»lə olan məsələlərin Azərbaycanla bağlı layihələrə təsir göstərməsi reallıqda, təcrübədə mümkün olan şey deyil.

«BU, RUSİYA MƏTBUATININ ŞİŞİRTMƏSİDİR»

- İlham bəy, bəs Yunanıstan bazarı ilə əlaqədar «Qazprom»la ARDNŞ arasında qarşıdurma mövcuddurmu?

İlham Şaban
İlham Şaban
- Bu da Rusiya mətbuatı tərəfindən süni şəkildə şişirdilir. Məsələ ondadır ki, «Qazprom» şirkəti DEPA şirkətinin özəlləşdirilməsində iştirak edir. Dövlət Neft Şirkəti isə DESPA şirkətinin özəlləşdirilməsində iddialıdır. Yəni, bu, qazpaylayıcı şirkətdir. «Qazprom» isə qaz nəql edən şirkətə iddialıdır.

- Nə görsək və ya nələr baş versə, münasibətlərin yoluna düşdüyünü rahatlıqla söyləyə bilərik?

- 2013-cü ildə ən əsas məsələ «Şahdəniz» layihəsi üzrə müqavilələrin imzalanmasını müşahidə edə bilərik. Amma bu, təqribən ilin ortasında olacaq. Onadək hələ heç bir şey müşahidə etməyəcəyik. «Azəri-Çıraq-Günəşli»yə gəldikdə isə, onu da yəqin ki, may ayından tez bilməyəcəyik. Çünki birinci rübün yekunları məhz may ayında açıqlanır.

P.S. Bu arada prezident İlham Əliyev CNN-ə müsahibəsində də bp ilə münasibətlərə toxunub. Jurnalistin «Rosneft» şirkəti ilə müqavilə imzalayan bp şirkətinin ruslardan ölkəyə qarşı təzyiq vasitəsi kimi istifadə etməsindən Azərbaycanın nə dərəcədə narahatlıq keçirdiyi haqda sualına cavabında deyib ki, ölkə bundan narahat deyil:

«Hər şeydən öncə bp elə bir şirkətdir ki, bizim müstəqilliyimizin ilk illərindən Azərbaycanda fəaliyyət göstərir. 1994-cü ildən, yəni artıq münasibətlərimizin 20 illik tarixi var. Bu dostluq, tərəfdaşlıq münasibətidir. Əməkdaşlığımız bundan sonra ən azı 20 il də davam edəcək. Çünki bizim bp ilə reallaşdırdığımız layihələr gələcəyə hesablanıb. Mən bp-nin digər tərəfdaşları ilə hər hansı iş birliyindən narahat deyiləm».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG