Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:03

Lənkəran ziyalıları İsa Qəmbərə müraciət etdilər


Bir qrup şəxs Lənkəran ziyalıları adından Müsavat Partiyası başqanı İsa Qəmbərə müraciət edib. Partiya başqanı yanvarın 27-də səfər etməlidir. Ziyalıların müraciəti belə bitir: «Lənkəranlılar bir daha İsa Qəmbərə layiq olan cavabı verəcəklər».

Müraciət müəllifləri sual edirlər: «Doğurdanmı, əhalinin göstərdiyi münasibət sizə dərs olmamışdır? Düşünmürsünüzmü ki, xalq tərəfindən qovulduğunuz Lənkərana gəlişiniz siyasi iflasınızın son nöqtəsi olacaq. Onsuz da xalqın inam və etimadını tamamilə itirmisiniz».

Müraciəti imzalayanlardan biri İltifat Saleh AzadlıqRadiosuna deyib:

«İsa Qəmbərin Lənkəranda nə işi? Gəlib burda təbliğat aparır, neynir. Gördük İsa Qəmbəri də, bir il işlədilər, qardaş qanı tökdülər, aləmi vurdular bir-birinə... Gəlir-gəlsin, vətəndaşdır. Biz onu qova bilmərik ki. Ancaq farağat gəlsin, gəlib təbliğat aparmasın. Gəlsin lap qonağım olsun, canım qurbandır ona. Ancaq evimə gələcək gülə-gülə iş görəcək, onunla razı deyiləm».

Müraciətdə 1992-1993-cü illər yada salınır: «Məhz sizin bacarıqsız rəhbərliyiniz hesabına 1992-1993-cü illərdə Lənkəranda milli dövlətçiliyimiz üçün çox təhlükəli hadisələr baş verdi. Heç bir müqavimət göstərilmədən hakimiyyət separatçı quldur dəstəsinə təslim edildi. Nəinki Lənkəranda, bütün cənub bölgəsində siyasi sabitlik pozuldu, özbaşınalıq baş alıb getdi. Hər addımda insanlar silahlı quldurlar tərəfindən təhqir olunur, milli ayrı-seçkiliyə məruz qalırdılar. Həmin hadisələr zamanı böyük əziyyətlərlə üzləşən və sizlərin başsız qoyduğunuz lənkəranlılar həm dövlətçiliyimizin, həm də milli azadlığımızın müdafiəsinə qalxıb bütün qaragüruhları Lənkərandan qovdular. İndiki hadisələr göstərir ki, sizlər hələ də bu tarixi hadisələrdən dərs almamısınız».

Müraciət müəllifləri bildirirlər ki, bir daha Lənkəranda sabitliyin pozulmasına imkan verməyəcəklər.

Müraciətə imza atanların Siddiqə Rzayeva, Kamal Kələntərli, Ələkbər Əliyev, Sərhad Məmmədov, Təvəkkül Əliyev, Mirhaşım Talışlı, Fəxrəddin Canıyev, Böyükxanım Əliyeva, Fərəməz Bağırov, Etibar Əhədov, İltifat Saleh olduğu bildirilir.

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı bu müraciətin arxasında hakimiyyətin durduğunu söyləyir: «Bu hakimiyyətin öyrətdiyi adamların gəldiyi hədə-qorxudur. Biz də Müsavat başqanına hədə gələnlərlə bağlı Respublika Prokurorluğuna müraciət edəcəyik».

Gülağa Aslanlı müraciət müəlliflərinə sual edir: «Desinlər görək, Azərbaycanın hansı bölgəsinə getmək üçün viza rejimi tətbiq olunur?...».

Bu il yanvarın 13-də Müsavat Partiyası başqanı İsa Qəmbər Lənkərana səfər etmişdi. Bu zaman onun avtomobili daş-qalaq edilib, partiya üzvlərindən xəsarət alanlar var. İsa Qəmbər bunu hakimiyyətin ona sui-qəsd hazırlaması kimi dəyərləndirib. Ancaq rəsmilər bunu uydurma adlandırıblar.

Bir gün öncə - yanvarın 22-də bir qrup Lənkəran ziyalısı İsa Qəmbərlə görüşüb. Onu təkrar bölgəyə görüşə dəvət ediblər.
XS
SM
MD
LG