Keçid linkləri

Təcili xəbərlər

O boyda sənətkar niyə qorxub geri çəkildi?


-

SƏNƏTİ SEÇƏK, YOXSA SƏNƏTKARI?

Həyat doğurdan da qəribədir.

Bir sənət adamı mübarizliyi ilə seçilir, düşünmədən özünü haqsızlığa qarşı savaşın önünə atır. Başqa birisi isə azacıq müqavimət görən kimi az qala bütün sənət bioqrafiyasını unudur, qorxaraq geri çəkilir.

Etiraf edək ki, sənət və ədəbiyyat adamlarına münasibətimiz həmişə birmənalı olmur. Bir çox hallarda böyük sənətlə böyük ruhun vəhdətini axtarırıq bu insanlarda və sənətə həm də yaradıcı insanın şəxsiyyətinin kontekstindən baxırıq.

Bəlkə də yanılırıq, səhv edirik. Amma burada yadıma F. Dostoevsky (F. Dostoyevski ) haqqında filmdən bir epizod düşür. F. Dostoevsky-dən soruşanda ki, Sizə belə danışmağa nə haqq verib, o, ayaqlarındakı qandal izlərini göstərir. Təbii ki, bu da kinodan və təbii ki, yenə də sənətdən misaldır.

Ona görə də deyəcəklər ki, həyat bütün sənət əsərlərindən qat-qat mürəkkəbdir. Çox güman ki, elə belədir də, çünki başımız göylərə tuşlansa da, ayaqlarımız yerə bağlıdı və hər zaman bizi yerə doğru çəkir. Buna bəzən reallıq hissini qorumaq da deyirlər.

Amma məsələ bir az da qəlizdir. Hərdən düşünürsən ki, ədəbiyyat və sənət üçün yanlış bir sosial missiya uydurmuşuq. Belə hesab etmişik ki, onlar həm də tərbiyə etməlidirlər. Amma belədirmi? Güman etmirik. Bunu tarixçilər hamıdan gözəl ifadə ediblər - tarix göstərir ki, o, heç kimə heç nəyi öyrətmir.

Ədəbiyyat və sənət adamları belə etirafda bulunmurlar, onlar bu haqda susmağa üstünlük verirlər. Fəqət, onlar sussa da, həyat susmur, çünki ən böyük əsər elə həyatın özüdür. Çox vaxt həyat elə situasiyalar yaradır ki, heç bir sənətkar bunu nəinki yaratmaq, heç təkrar etmək iqtidarında da olmur. O, qəribə sınaqlar silsiləsidir. Bir sınaqdan o birisinə qədər çox məğrur və qürurlu oluruq, qəhrəmanlarımızı təqlid edirik. Elə ki sınaq yetişir və imtahan vermək anı çatır, onda başlayır - etiraflar, bəraətlər, tövbələr… Çox az sənət adamı bu sınaqlardan öz qəhrəmanları kimi çıxır, əksəriyyət onu dizləri üstündə qarşılayır və yola salır. Biz də bundan qeyzlənirik, bəzən coşub-daşırıq. Amma buna dəyərmi?

HƏYATI SADƏLƏŞDİRMƏK ASANDIRMI?..

Olayları primitivləşdirmək bəzən yaşamağa kömək edir, lap açığı, onu asanlaşdırır. Bəlkə ədəbiyyata və sənətə də belə yanaşaq? Birdəfəlik qəbul edək ki, hamı kimi sənət adamlarının da işi var və bu iş böyük idealları, lap açığı, pafoslu bəyanatları tərənnüm etməkdən ibarətdir.

Belə yanaşsaq, bizim üçün də, onlar üçün də daha asan olmazmı? Amma burada sual yaranır. Onda nədən qədim yunanlar faciəni, teatrı və böyük ədəbiyyatı yaratdılar? Nədən bəşəriyyət fəlsəfəsiz keçinə bilmədi? Nədən ilk insan əlinə iti bir əşya götürüb böyük daşların üzərində təsvirlər cızmağa başladı? Nədən? Nədən min il bundan əvvəl də, indi də insanın ürəyini bir işıq – yaratmaq işığı şölələndirir? Elmlə bağlı deyirik ki, insanlar bunsuz keçinə bilmədi. Bəs sənət? Bəs ədəbiyyat? Doğrudanmı, bunsuz keçinmək mümkün deyildi? Kor Homer (Homer) öz hekayələrini uydurmaq üçün haradan enerji alırdı?

Axı Odissey-in (Odissey) rastlaşdığı sınaqlar və yaşadığı həyat Afinanın bəlkə də yüzlərlə korunun təsəvvür edə biləcəyindən qat-qat mürəkkəb idi! Bunu M. Servantes (M. Servantes) haqqında da, A. Dante (A. Dante) haqqında da demək olar… Əgər bütün bunlar bir əyləncə idisə, kiminsə eqosunun təsdiqi idisə, nədən belə uzun ömürlü oldu? Nədən Don Kixot-da M. Servantes-i, Faust-da (Faust) I. Goethe (İ. Göte) görməyə başladıq? Bəlkə bunlar da elə adsız, müəllifsiz nağılların bir davamı idi? Bəlkə bunlar da elə axşamlar ocaq qırağında söylənilmək və sonra da unudulmaq üçün yazılmışdı? «Qədim yunanlar bəşəriyyətin uşaqlığıdır» deyiblər. Bəlkə elə bundan yapışmaq lazımdır? Axı uşaqlar həmişə nəsə uydurmağı sevirlər! Onda bəs ispanlar, italyanlar, almanlar, fransızlar? Onlar necə olsun? Axı fransızların Ensiklopediyanı və yaxud Volter-i (Volter) uşaqlıqdan uydurduqlarını qəbul etmək çətindir! Uşaqlar belə ciddi oyunlar oynamırlar axı…

Əgər elm vardısa və yaxud da sonradan yarandısa, fəlsəfəyə nə ehtiyac vardı? Məgər biz Plato-suz (Platon), Aristotle-siz (Aristotel), Kant-sız və ya Hegel-siz keçinə bilməzdikmi? Səbəbini yazmaqda acizəm, lakin məlum oldu ki, keçinə bilmirik! Fəqət, nədən? Bax, bunu bilmirəm…

BU YERDƏ A. CAMUS NƏ DEYƏRDİ?

Bəzən deyirlər ki, hətta dini ayinlər təsəlli üçün yaradılıb. Bəlkə elə sənət, böyük ədəbiyyat və elə fəlsəfənin özü də təsəlli üçün yaradılıb? Amma nədən təsəlli üçün? Bəlkə A. Shopenhauer-in (A. Şopenhauer) uydurduğu bəşəri kədəri sovuşdurmaq üçün? Bəs onda bəşəri kədəri uydurmaq nə üçün lazım idi? A. Camus (A. Kamyu) burada deyərdi ki, hər şey çox sadədir – insan mənasızlığı özündən uzaqlaşdırmaq, faniliyə məna vermək üçün bütün bunları uydurmaq zorundadır.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG