Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:08
-

Ermənistan prezidenti Serzh Sarkisian AzadlıqRadiosunun erməni xidmətinə müsahibə verib. Müsahibəni xidmətin rəhbəri Harry Tamrazian alıb. Müxbir prezidentdən miqrasiya barədə soruşub.

«Ermənistan kimi kiçik bir ölkədən hər il on minlərlə insan Rusiya, Avropa və ABŞ-a mühacirət edir və 2001-2009-cu illər arasında 272 min erməni Rusiya vətəndaşlığı alıb, həmçinin bunun 55 mini 2009-cu ilin payına düşür... Hər bir ölkə belə bir əhali itkisini fəlakət sayardı... Ancaq bu axını önləmək üçün nə edəcəksiniz?».

Serzh Sarkisian sualın cavabında miqrasiyanın Ermənistan üçün böyük problem olduğunu etiraf etsə də, belə bir ifadə işlədib: «Heç bir halda ölkə vətəndaşları üçün həbsxana olmamalıdır». Sarkisian ölkədən böyük miqrant axınının Ermənistanda ədalət və azadlıqların yoxluğu ilə bağlılığına dair iddiaları rədd edib. O, bildirib ki, miqrasiyanın coğrafiyasına fikir verilsə, bəlli olar ki, ermənilər ədalətin daha böyük olduğu yox, maaşların yüksək olduğu ölkələrə üz tuturlar.

Cənab Sarkisian bildirib ki, Ermənistanda iş yerləri var, ancaq onlar çox yüksək maaş ödəyə bilmirlər.

«Biz Vanadzor Kimya Zavodunun işini bərpa etmişik və orada sadə işlər üçün adam tapmaqda çətinlik çəkirik. Bu gün Yerevanda işçiyə ehtiyacı olan müasir fabriklər var. Ancaq doğrudur ki, maaşlar aşağıdır. Bu gün Ermənistanda heç kim 370 dollardan aşağı maaş istəmir», ölkə başçısı deyib.

Bununla belə, o, əlavə edib ki, ümumilikdə Ermənistanı tərk edənlər erməni olaraq qalırlar.

DAĞLIQ QARABAĞ ERMƏNİSTAN ÜÇÜN İQTİSADİ PROBLEM YARADIR

Serzh Sarkisian AzadlıqRadiosunun erməni xidmətinə müsahibə verir, 19 yanvar

Serzh Sarkisian AzadlıqRadiosunun erməni xidmətinə müsahibə verir, 19 yanvar

AzadlıqRadiosu müxbirinin Dağlıq Qarabağa dair sualında deyib ki, deyəsən, bütün tərəflər bu bölgənin de-fakto müstəqilliyi ilə barışıblar, ancaq bununla belə, Azərbaycan ərazilərin geri qaytarılması üçün hərbi gücə əl ata biləcəyi barədə hədələr səsləndirir.

«Mən çox güclü şəkildə əminəm ki, bu məsələnin uzun müddət həll olunmadan qalması heç kimi qane etmir», «birincisi, bu, Dağlıq Qarabağ xalqını qane etmir, daha sonra Ermənistan Respublikasını və əminəm ki, hətta Azərbaycanı da qane etmir. Çünki daim müharibə hədəsi altında yaşamaq o qədər də xoşagələn deyil. 1988-ci ildən bəri, 25 il müddətində Dağlıq Qarabağ əhalisi belə bir hədə altında yaşayır», Serzh Sarkisian deyib.

Ermənistan prezidenti ölkəsinin böyük təbii sərvətlərə malik olmadığını və bu üzdən də Dağlıq Qarabağ probleminin Ermənistan üçün əlavə iqtisadi çətinlik yaratdığını etiraf edib.

O, deyib ki, ölkəsi hazırda ona ölçüsü ilə müqayisədə daha çox orduya və döyüş silahlarına malik olmağa məcburdur.

«Biz nə üçün belə bir problemin uzanmasında maraqlı olmalıyıq, mən bunu dəfələrlə qeyd etmişəm və buna görə tənqid olunmuşam. Mən hesab edirəm ki, Dağlıq Qarabağ probleminin mümkün qədər tez həlli Ermənistanın inkişafı üçün müsbət hal olardı. Lakin necə deyərlər, əl çalmaq üçün iki əl lazımdır. Bu problemin həll olunması üçün Azərbaycanın razılığı olmalıdır», cənab Sarkisian deyib.

CANLARINI FƏDA ETMİŞ QƏHRƏMANLARIN ƏMƏYİNİ İTİRMƏYƏCƏYİK

Serzh Sarkisian daha sonra söhbətinə belə davam edib:

«Lakin mənə görə, Azərbaycan rəhbərliyi reallıq hissini itirib. Fikrimcə, asan pul, neft dollarları bu ölkənin rəhbərliyinə müsbət təsir göstərmir və onların iştahası durmadan o qədər artıb ki, indi onlar təkcə Dağlıq Qarabağı özlərininki hesab etmirlər. Onlar artıq düşünürlər ki, Ermənistan Azərbaycan torpaqları üzərində qurulub və Yerevan tarixi baxımdan Azərbaycan torpağıdır. Və bunu özünə cəmi yüz il əvvəl ad tapmış ölkənin prezidenti deyir. Tezliklə biz Yerevanın əsasının qoyulmasının 2800-cü ildönümünü qeyd edəcəyik».

Ermənistan prezidenti deyib ki, belə bir şəraitdə günü sabah hər hansı nəticəyə nail olmaq, iki xalqın dinc yanaşı yaşayışını təmin edə biləcək sənədi möcüzə ilə əldə etmək qeyri-realist düşüncə tərzi olardı.

«Lakin digər tərəfdən, düşünürəm, Azərbaycan rəhbərliyi kifayət qədər uzaqgörəndir və yeni bir oyuna başlamaq istəməz», Serzh Sarkisian deyib.

Azərbaycan bayrağı

Azərbaycan bayrağı

Ermənistan prezidenti xüsusilə vurğulayıb ki, Azərbaycanın bugünkü imkanları onun beynəlxalq icmaya satdığı yanacaq ehtiyatı ilə bağlıdır, ancaq təcrübə göstərir ki, yanacaq ehtiyatlarının olması hələ həmin ölkə üçün sərfəli qərarların qəbul edilməsi demək deyildir.

«Lakin dediyim kimi, burada söhbət reallıq hissini itirmiş və ya necə deyərlər, irrasional ölkədən getdiyi üçün xalqımızı, ilk növbədə Dağlıq Qarabağın əhalisini, daha sonra Ermənistanın sərhəd bölgələrini və nəhayət, ümumilikdə Ermənistanı müdafiə etməyə hazır olmalıyıq, odur ki, biz silahlı qüvvələrimizi gücləndirməkdə davam edəcəyik. Biz danışıqları davam etdirməyə həmişə hazır olacağıq, çünki bunun alternativi müharibədir. Və dediyim kimi, biz müharibə istəmirik. Lakin biz müharibəyə məcbur edilsək, düşünürəm ki, yoldaşlarınızın, canlarını fəda etmiş qəhrəmanların əməyini heç vaxt itirməyəcəyik», Serzh Sarkisian deyib.

BİZ O SƏNƏDİ İMZALADIQ, TÜRKLƏR ÇƏKİNDİLƏR

Daha sonra AzadlıqRadiosu erməni xidmətinin rəhbəri Serzh Sarkisiana Ermənistan-Türkiyə münasibətlərinin gələcəyi barədə sual verir və qeyd edir ki, türklər Ermənistanın «erməni soyqırımı»nın 100-cü ildönümü üçün böyük planlara malik olduğunu düşünürlər.

Ermənistan prezidenti 2015-ci ilin özlüyündə həlledici tarix olmadığını söyləyir. O, vurğulayır ki, Erməni xalqı türklərin bu «soyqırımını» tanımasından asılı olmayaraq, onu həmişə yad edəcək. Sarkisianın fikrincə, türklər soyqırımın etirafından imtina etdikcə, hər bir erməni bunu öz hərəkətlərində nəzərə alacaq.

«Burada problem o deyil ki, «soyqırımı» olub və o, etiraf edilməlidir, bu həm də təkcə o demək deyildir ki, qurbanların xatirəsinə hörmət göstərilməlidir. Əsas məsələ budur ki, soyqırımın etiraf edilməsi ilə gələcək soyqırımların qarşısı alına bilər və soyqırımın nəticələrinin aradan qaldırılması üçün imkan yaranar», prezident deyib.

Daha sonra Ermənistan prezidenti söhbətinə belə davam edir: «Biz ürəyimizdə bu ağrı ilə də türklərlə müəyyən münasibətlər qurmağa çalışdıq, lakin hamı şahid oldu ki, türklər öz öhdəliklərini yerinə yetirməkdən necə imtina etdilər. Biz BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkələrin xarici işlər nazirləri qarşısına çıxdıq və bir sənəd imzaladıq və türklər həmin sənədin müddəalarının icrasından imtina etdilər».

Serzh Sarkisian bildirib ki, türklərin belə davranmasına iki səbəb var. Bunlardan biri Türkiyənin tarixi həqiqəti qəbul etməməsi, ikincisi isə onun Azərbaycanla olan qardaşlıq münasibətidir.

«Siz bilirsiniz ki, azərbaycanlılar necə böyük hay-küy qaldırdılar, ancaq mən hesab edirəm ki, bütün hallarda bizim təşəbbüsümüz faydalı oldu», prezident deyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG