Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:45
-

- Sən gəlmə, Verusya. İstəmirəm, məni elə görəsən. Axı niyə sizinkilər ölünün üzünü açıq qoyurlar. Bu vəhşilikdir. Sən qorxacaqsan, iyrənəcəksən. Əzab çəkəcəksən. Amma belə lazımdısa, gərək baxasan. Sonra o ölü sifət səni təqib edəcək, bizə mane olacaq...


Vera Tulyakova-Hikmət


NAZİMLƏ SON SÖHBƏTİMİZ

(Nazim Hikmətin son sevgilisi olan Veranın bu xatirələri ilk dəfə 2007-ci ildə Rusiyanın "Oktyabr" dərgisində çap edilib. Əlyazmalar əsasında əsərin jurnal variantını Anna Stepanova hazırlayıb. Ruscadan tərcümə Günel Mövludundur)


əvvəli

Yadındadı, Parisdə bizə dedilər ki, rus rəssam qadın Qonçarova səninlə tanış olmaq istəyir? Mən heç təsirlənmədim. Orda-burda o qədər Rusiyanın qırım-qırıntılarını görmüşdük ki...

Amma o qadının Dyagilevlə işlədiyini eşidəndə bir az gərildim. Qonçarova, Qonçarova… əsrin əvvəli… “Kərpic valet”. Ola bilməz! Axı bu lap çoxdan olmuşdu. Axı biz incəsənət təhsili alanda, həmin illərdə mühacir rəssamları diqqətdən kənarda saxlamalı olurduq.

Yadımdan çıxmaqda olan adları bir-bir xatırlamağa başladım: Benua, Dobujinski, Nikolay Rerix, Sapunov, Natalya Qonçarova… O qadının adı Natalyadı? Madam Lekont ad çəkməmişdi …

Səhəri gün Sorbonnanın kitabxanasında idim. Bu yaxınlarda APN üçün məqalə yazmışdım və artıq burada bəzi adamları tanıyırdım.

Budur, qarşımda əsrin əvvəlinin rus kitabları... daha sonrakı dövrlərin dekorativ sənət barədə Paris, Berlin nəşrləri.

O dəqiqə başa düşürəm ki, Nazimlə görüşmək istəyən həmin Natalya Qonçarovadı – Dyagilevlə birlikdə “Qızıl xoruz”u, “Çar Saltan”ı, “Zümrüd quşu”nu hazırlayan Natalya Qonçarova…

Bir dəqiqə. “Zümrüd quşu”na biz bu günlərdə Moskvada baxmışdıq. İngiltərə kral baletinin ifasında... Sənin sevincin yerə-göyə sığmırdı: «Çox poetikdir! Adamın gözünü oxşayır! Bu nə dekorlardır! Əladır!»

Məlum oldu ki, 1915-ci ildə Dyagilev onu özünün «rus mövsümləri» ilə cəlb eləyib və o vaxtdan Qonçarova Parisdə yaşayır.

Əsrin əvvəllərinin məşhur rəssamı olan, eksperimentator əri Larionov isə rəngkarlıqda şüa istiqaməti ilə bağlı nəsə kəşf eləyib…

Hələ bir şey də var ki, Qonçarova Puşkinin arvadının, Natalya Nikolayena Qonçarovanın qardaşı qızıdır. Özü də onların ailə mülkünün yaxınlığında doğulub, onların evində qonaq olub... Adamın inanmağı gəlmir!

Madam Lekont bizi xudmani bir restorana gətirdi və orada biz sakitcə Natalya Sergeyevna və Mixail Fyodoroviçlə görüşdük. Hərəsinin səksən yaşı vardı. məlum oldu ki, Qonçarova hələ gəncliyindən Şərqin, Şərq mədəniyyətinin vurğunudur və sənin şeirlərini də çox sevir.

Dedi ki, Parisdə insanlar sənin həbsdən azad olunmağına çalışanda bərk təsirlənib.

Dedi ki: «Bir sözlə, sizin sadiq, amma laxlamış pərəstişkarınızam».

Sən çox kövrəldin, onun baletini bərk təriflədin, ömrünün axırlarında gözləri zəiflədiyinə görə həddən artıq tünd rənglərlə işləyən rəssam anandan danışdın...

– Mən ömrüm boyu bayram ovqatlı rəngləri sevmişəm, amma son illər əllərim başqa rənglərə yatır...

Puşkin barədə danışmaq istəyirdim, amma necə eləyəcəyimi bilmirdim. Natalya Sergeyevna özü başladı. Gənclik illərini, Polotnyannı Zavodu, bulaqları, «rus kənd mövzusunun rəssamı» kimi təsdiqlənməyinə kömək edən ağacları xatırladı... sonra isə nağıllar, teatr mərhələsi gəlmişdi.

Qonçarovanın "Üzgüçülər" rəsmi

Qonçarovanın "Üzgüçülər" rəsmi

Danışırdı ki, Svetayevaya onun qohumu Natali Puşkinaya olan düşmən münasibətini uzun müddət bağışlaya bilməyb.

– Puşkin cansız əşyaya oxşayan bir qadını – Qonçarovanı sevib? – ifadəsini eşitmək asan deyildi axı?

Sonra, biz onlara, boşalmış emalatxanalarına baş çəkəndə, Marina Svetayevanın oxunmaqdan köhnəlmiş kitabının fikus yarpağı ilə işarələdiyi səhifəsini asıb, incikliklə oxudu:

- Marina Puşkin məsələsində lap ağ eləmişdi! Bunu oxuyun: Nataşa Rostova – Siz bura gəlməmisiniz ki? Mənim balların bəzəyi olan Psixeyam! Axı niyə Puşkinə sonra, nə vaxtsa siz rast gəlməmisiniz? Axı adınız həminkidi. Ədəbiyyat tarixçiləri də əziyyət çəkməzdilər. Pyerin əvəzinə - Puşkin, bələk əvəzinə Parnas. Sən Psexayasan, məhsuldarlıq ilahəsi olmağın, Nataşa Rostova, günah deyilmi?

_______
*Psixeya - yunan mifologiyasında ruh və nəfəsin təcəssümü. Kəpənək, yaxud kəpənək qanadlı cavan qız obrazında təsəvvür edilirdi.



- Bir düşünün, –Natalya Sergeyevna güldü, –Puşkinə münasibətdə Marina əsl inqilabçıdır. Amma bunların hamısı poetik sevgidəndir, belə şeylər artıq bu dünyanın mühakimələrinə sığışmır. Amma Svetayeva böyükdür – bütöv bir rus qitəsidir. Rəssamdır! Biz «qarlı güllükləri» gördüyümüz kimi o da hər şeyi görürdü. Buna kim nə deyə bilər? Ya da Çexov barədə: “ən rus” deməsi – hər şey dəqiq, hər şey düzdü...

– Biz Marina İvanovnaya hörmət edirik. Elə Çexova da. Onlardan güc almışıq. Biz onları tanıyırdıq – Bunu Larionov özünün qoca, tez-tez qırılan səsi ilə dedi. – İlbəil daha çox sevmişik…

Onların emalatxanasında işıq çox zəifdi, əsərlərə baxmaq çətindi, baxmalı isə çox şey var. Hələ qurulmamış tamaşalar üçün hazırlanmış nə qədər teatr eskizi var, iri detallarla dolu natürmortlar, şərti peyzajlar... Hamısı da kağıza çəkilib, çox şey səliqəsiz vəziyyətdədi.

Çiynimdə Pavlovdan aldığımız qara, üstündə qızılgül və yaddaşçiçəkləri olan yaylıq var. Rəsmlərdə mənim yaylığımın naxışlarına oxşayan eskizlər var.

– Vera, yaylığını ona bağışla, mən sənə təzəsini alaram– deyə qulağıma pıçıldayırsan.

Sağollaşanda, yaylığımı onun çiyninə atıram, bu Natalya Sergeyevna üçün elə gözlənilməz bir şey olur ki, o, köksünü ötürür!

Yarım ildən sonra biz Parisə gələndə, Natalya Sergeyevna Qonçarova artıq həyatda deyildi. Bizə danışırdılar ki, onu tabuta uzadanda, qara, üstündə qızlgül və yadaşçiçəkləri olan rus yaylığına büküblər…

Hələ Araqonlar?! Yadındadı, Qonçarova və Larionovla görüşün səhəri günü Araqonlar bizi blinə qonaq etmişdilər? Kim nə deyir-desin, Parisdə ən gözəl ev onlarınkıdır.

On doqquzuncu əsrdə tikilmiş, belə baxanda sadə görünüşlü evdir, amma adam gözünü çəkə bilmir. Evi saraya oxşadan mərmər pilləkənlər, pəncərələr Luvrun pəncərələrinə oxşayır, mərtəbələr arasında qızılı çərçivəyə tutulmuş nəhəng güzgü...

Amma sonra qəfildən - qırmızı məxmər xalının altı ilə uzanan dar, qara cığır. Effektlidir, Vatikan ruhunda bir şey. Böyüklərin evinə girişin istedadlı, teatral həlli...

Həə, bunları düşünənlər psixologiyanın təməl qanunlarını biliblər. Orda qapının arxasında isə geniş, işıqlı otaqların anfiladası. Muzey ovqatı, təmizlik, möhkəmlik...

Və bu gözəl interyer – divarlarda Sezann, Matiss, Pikasso... Otağın dərinliyində oturmuş, Madam Tüssonun bacarıqlı əlləri ilə mumdan hazırlanmışa oxşayan Elza bu interyerə elə yaraşır ki!

– Madam Elza sizi kürsüdə oturub gözləyir, çünki onun ayaqları təhlükədədir – bu sözlər bizi müşayiət edən və burada heç kəsin öz adıyla çağırmadığı. «Zina» dediyi qulluqçu qadının dodaqlarının arasından güclə çıxır.

Hə, hə, biz bu məsələni hələ dünən axşam, Parisdə ən çox sevdiyimiz adamla – bəstəkar Filip Jerarla şam eləyəndə eşitmişik. O eləcənə də dedi: «Pis xəstəliyiə yoluxduğuna görə həkimlər onun ayağını kəsmək istəyirlər».

Dünən Filip Elzanın sərt xasiyyətindən bir az şikayətləndi. Dedi ki, Elza Araqonun adını yanında onun öz adını çəkmədən dilə gətirməyi qadağan edib.

Filip dedi ki, bu günlərdə ondan ititham dolu məktub alıb. Səbəbi də bazar günü onun bir televiziya verilişinə çıxaraq, Araqonun sözlərinə yazdığı mahnılardan danışmağı olub. “Axı Elza Triolenin bura nə dəxli var?!” – Filip heyrətlə deyirdi.

– Vera! Nazim!– Elza bizi gülərüzlə qarşıladı.

Yaşlı, eleqant, gülərüz Elza gözəl ayaqlarını naz-qəmzə ilə irəli uzadıb, oturmuşdu. Gözəl, gənc ayaqlar... Onun ağarmış, uzun saçları enli tül torbacığa doldurulub, boynunun arxasında toplanmışdı. Müqavimət dövrlərinin saç tərzi. Qara ipək paltar bərk xışıldayır, ametist kəsmələrlə dolu çoxsaylı qızıl zəncirlər diri ilan kimi sürüşür, qıvrılır...(deyəsən axı, onun birinci əri Parisin ən məşhur zərgərlərindən olub). Elza məni görən kimi barmağındakı təkqaş brilyantı irəli uzadıb, deyir:

– Xoşunuza gəlir? Çox böyük daşdı, eləmi? Lilinin hədiyyəsidi. Deyəsən, siz axı Moskvadakı bacımla rəfiqəlik eləyirsiz? – və demək olar ki, söhbətə heç bir dəxli olmadan deyir – Amma Volodya Mayakovski təbii ki, mənə titul vərəqlərinə şirin etiraflar yazdığı kitabları hədiyyə etməyi xoşlayırdı. Yeri gəlmişkən, o mənə bu etirafları hələ bacımdan əvvəl eləyirdi.

“Bu nədi? Ədəbi tarixə qısqanclıq?” – düşünürəm.

– Baxmaq istəyirsiz?

Biz onun kürsüsünün arxasındakı kitab rəfindən Elzanın dediyi kitabları götürdük. Kitabları ehtiyatla vərəqləyirəm.

– Nədən qorxursunuz? Hamısını götürün, seçilmiş əsərlərinə də baxın. Bütün cildlərdə Volodyanın mənə yazdığı sözlər var!

Biz ehtiyatla kitablara baxırdıq. Nazim, mən sənə şirin, gülməli, təsirli yazıları oxuyurdum. Bunlardan bəziləri karandaşla yazılmışdı, bəziləri az qala pozulmuşdu. Bərk həyəcanlanmışdım. Ev yavaş-yavaş canlanırdı …

Sonra söyüd çubuğu kimi şumal boylu Araqon gəlib çıxdı. O, vaxtından əvvəl qocalmış gəncə oxşayırdı. Pikassonun əsərlərində bu profil necə də gözəl təsvir olunub. Araqon dəyirmandan, şəhər kənarındakı evlərindən qayıtmışdı. Araqon üç saat orada yer qazmışdı – bu onun qocalıqla apardığı gündəlik mübarizə idi.

O Mayakovskinin kitablarını təzədən rəfə yığır, dəhşətli dərəcədə acdığını deyir və bizi az qala zorla süfrə arxasına aparır. Məlum olur ki, Elza əməlli-başlı yeriyə bilir! Aşağıda, yemək otağında bizi on doqquzuncu əsrdən qalma, qədimliyindən rəngi qaralmış masa gözləyir.

– Biz evimizi ruslar kimi qurmuşuq.

Masaya biz rusların tikmə naxışlı süfrəsi salınıb, üstünə də göbələk, kürü, giləmeyvə düzülüb. Hər şey qədim rus üslubunda!

Araqon Moskvada baş verənlərlə maraqlanır. Ölkəmizin mədəni həyatında baş verən hadisələr onun xoşuna gəlir. Bu dəqiqə Moskvada əsl poeziya bumunun başlandığını heyranlıqla deyir. Tvardovskidən, onun gözəl nəsrlə, ağıllı, parlaq publisistika ilə dolu “Novıy mir"indən danışır.

Sən Tvardovskini həmişə xoşlamısan, onun «Vasili Tyorkin»ini təzəcə oxuduğun, hələ çap olunmamış ikinci hissəsindən söz açırsan. Onunla birlikdə İtaliyada, Florensiyada olmağınızdan, çoxlu söhbət etməyinizdən danışırsan.

– Hə, indi Moskvada insanların çoxdan gözlədiyi maraqlı bir həyat var. Bura gəlməmişdən əvvəl Manejdə çox gözəl bir sərgidə olduq. Son otuz ildə Moskva rəssamlarının çəkdikləri əsərlər nümayiş olunurdu. Orada Falk, Tışler, Petrov-Vodkin və müasir, istedadla çəkilmiş başqa əsərlər. Şükür Tanrıya! O qədər yaddan çıxmış ad üzə çıxdı, adam buna çox sevinir. Həyatın demokratizasiyası! İyirminci qurultay öz nəticəsini verməyə başlayır! Qardaş, sən tezliklə Moskvaya gəlməlisən! Orada indi həyat yaz çayları kimi gurdu.

Amma Elza tez-tez söhbətlərinizə müdaxilə eləyirdi. Ona elə gəlirdi ki, bütün istedadlar artıq tükənib və daha heç bir yaxşı şey gözləməyn mənası yoxdur. Yeni sənət ancaq Parisdə ola bilər. O heç kimə məlum olmayan onlarla ad çəkirdi. Bu adlar çəkiləndə Araqon üz-gözünü turşudur, sənsə, Nazim, mübahisə etməmək üçün özünü güclə ələ alırdın. (ardı aşağıda)



Yadındadımı, bir müddət sonra Erenburq Pablonu, Araqonları və bizi Moskva yaxınığındakı bağ evinə dəvət eləmişdi? Əvvəl hər şey çox sakit gedirdi. Pablo Parisdən təzəgə gətirilmiş şalvarını qürurla hamıya göstərirdi. Sonra biz masa arxasına keçdik, ətrafımızda itlər həvəslə hürüşürdülər. Amma qəfildən Elza ilə Neruda arasında Fransadakı gənc şairlər barədə elə sərt mübahisə başladı ki, itlər də susub, gizləndilər. Pablo qışqırır, əl-qol atırdı. Hamımız birləşib, birtəhər onları sakitləşdirdik. Nahar qurtardı. Masadan qalxanda, Pablo bir də həvəslə şalvarına baxdı və heyrətdən dili tutuldu. Erenburqun itləri onun şalvarının dizdən aşağısını didmişdilər.

Özünə gələndə Pablo qışqırdı:

– Mən bir də nə Moskvaya, nə də Parisə ayağımı qoyan deyiləm! Bu arvadı görüm lənətə gəlsin!

Gecə isə sənə zəng elədi.

– Məni bağışla, Nazim, hərdən bomba kimi partlayıram. Diletantlar poeziyadan danışanda, dözə bilmirəm…Gördün də necə gözəl şalvarım vardı?


Nəhayət, Elza o vaxtlar onu ən çox həyəcanlandıran şeydən danışdı: Araqon və Elza Triolenin seçilmiş əsərlərindən.

– Fransada hələ belə şey olmayıb! – o elə bil bizə nəsə sübut etməyə çalışırdı. Bizm heç nə başa düşmədiyimizi görəndə, izah elədi: –Araqonla biz özümüzə kitabdan heykəl qoymaq qərarına gəlmişik. Otuz üç cildlik kitab! Onun və mənim kitablarımız növbəli ardıcıllıqla çıxacaq. Araqonun iki cildi, sonra mənim ikicildliyim. Sonra Araqonun üçcildliyi və mənim üçcildliyim. Axıra qədər belə! Başa düşürsünüz, həyatda sevgi azalır, biz get-gedə sevgiyə inamını itirən adamlara həqiqi, ali sevgi nümunəsini göstərmək istəyirik. Tanrıya şükür olsun ki, biz o sevgini ömrümüzün bu ahıl, işıqlı vaxtlarına qədər qoruyub saxlaya bilmişik. Düzdü, biz hələ ölmək barədə düşünmürük, amma özümüz zamanın yaddaşında necə qalacağımızın qayğısına qalmalıyıq. Zaman nəhayətsizdi, amma biz axı abstrakt deyilik, elə deyilmi, Nazim?

Poeziya söhbətinə Araqon da qoşuldu. Məlum oldu ki, o indi çox yaxşı formadadı və son vaxtlar çox yazır. Araqon sənə:

– Nazim, tez ye qurtar, mən sənə təzəcə qurtardığım poemanı oxumaq istəyirəm, – dedi və imkan düşər-düşməz səni kabinetinə dartdı.

Bizsə təzədən yuxarı qalxdıq və Elza mənim Mayakovskiyə marağımı duyaraq, onunla bağlı xatirələrini mənə danışmağa başladı. Sonra öz gözəl yataq otağını mənə göstərdi. Geniş, ağ-qara boyalara tutulmuş, nəhəng çarpayılı gözəl otaq.

– Mən bu yataqda hər səhər dörd saat yazıram.

Çarpayının yanında, boz, yumşaq döşəmənin üstündə böyük, içinə qırmızı məxmər çəkilmiş, ağzıaçıq böyük rus sandığı vardı. sandığın içi Pavlov, Orenburq yaylıqları ilə dolu idi…

– Bunları mənə Larisa –Simonovun arvadı bağışlayıb. O mənə tez-tez belə hədiyyələr eləyir...

Sonra o mənə təzəcə təmirdən çıxmış hamam otağını göstərdi. Boz kafelə tutulmuş çəhrayı vannanı, çəhrayı xalatı, çəkələkləri göstərdi…

Nazimlə Araqondan isə hələ də bir xəbər yoxdur. Mən darıxıram. Elza başqalarının Mayakovski və Çexovdan etdiyi tərcümələri, Çexovun və başqa müəlliflərin əsərləri əsasında Paris teatrlarında qoyulan tamaşaları, fransız yazçılarını, sovet yazıçılarını, Sorbonnanı, müəlliflərin öz kitablarını imzaladıqları “Qlobus” kitab dükanını pisləyir. O Moskvadan aldığı cüzi qonorardan narazıdı, əsəbidi, deyingəndi... Nazim isə gəlib çıxmaq bilmir.

– Bu qədər vaxtı onlar neynir? Yəqin, uşaq kimi Moskva məsələlərindən danışırlar... – o deyinir.

Bu vaxt siz gəlib çıxdınız. Görürəm ki, Nazim tutulub, Araqonunsa gözləri qızarıb...

Gecdi. Biz sağollaşıb çıxırıq.

– Bilirsən, o dünən gecə yazdığı poemanı mənə oxudu. Elza barədə yazdığı poemanı. O həmin poemanı Elzanın aşiqi, Elzanın Məcnunu kimi yazıb. Bu, Elza barədə sinədağlayan sevgi və qısqanclıq hekayətidir. O bu poemanı yazanda həmin hissləri keçirirmiş. Başa düşürsən, o qısqanclıqdan dəli olur! Sən də ki, o qadını görmüsən! Poemanı oxuyanda, o ağlayırdı. Buna dözmək çətindi!

Mən təsirləndim:
- Sevgiyə bax!

– Vera, sən nə danışırsan?! Bu teatrdı! Onlar sevgini oynayırlar, Vera! Yəni sən o qədər sadəlövhsən ki, onların necə qocaldıqlarını, ölümdən qorxduqlarını, yaddan çıxmaqdan qorxduqlarını görmürsən? Onlar sensasiyaya çevriləcək nəsə eləmək istəyirlər! Hə, hə, o qadına sensasiya lazımdı, əri də onun çaldığına oynayır! Bu dünya altmış beş yaşlı Romeo və Cülyettadan başqa hər şey görüb! Yazıq Araqon! Bilmirəm, ona necə kömək edim. O doğrudan da böyük şairdi, belə ucuz hoqqalara ehtiyacı yoxdu! Səhər redaksiyaya – onun yanına gedəcəm. Hər gün gedəcəm. Bu qadının yanında o özünü çox tənha hiss eləyir, o qadın heç kimi sevə bilməz...

Nazim, bir az sonra sən Pablo ilə görüşəndə, ona Araqonlardan və Elzanın memorial planlarından danışdın. O səninlə razılaşdı və bir neçə sərrast nümunə gətirdi. Sonra qəfildən dedi:

– Bilirsən, onların o dəbdəbəli evinin, yaşayışlarının, qalan hər şeyin xərcini kim çəkir? Fransız Kommunist Partiyası! Bunlar hamısı Elzanın işləridi: «Araqon – öz partiyasının qürurudu!» Olsun! Hə, Nazim, öz kompartiyamızın sıravi əsgərləri olmayanlar elə səninlə mənəm…(ardı aşağıda)

Parisdə biz tez-tez “La Bucherie” adlı balaca bir kafedə otururduq. Kafe Notrdamdan bir az aralıda yerləşirdi. Kürəyini kafeyə çevirib, Senanın sol sahili ilə bir az yeriyəndə Sen-Mişel meydanına çatmaq olurdu. Marsel Marso burada yaşayırdı. Həmin kafeyə məşhur sənət adamları gəlirdi, Sartr, Simon de Bovuar, ər-arvad Lyursalar da buraya gəlirmiş .

“La Bucherie”nin sahibəsi Elizabet adlı gözəl rus qadını idi. o hələ uşaq olanda valideynləri onu bura gətirmişdilər. Kafenin ortasında rus sobası vardı, üstündə iri piroqlar, almalar, giləmeyvələr qoyulmuşdu. Bir dəfə Yeni ili burada qarşılayanda hamı həvəslə kisədəki hədiyyələrini çıxarırdı.


Bir də Parisdə Opera küçəsində “Cafe de la Paix” vardı. sən orada oturmağı çox sevirdin, mən Kapusinlər bulvarında, Opera küçəsində gəzişəndə sən orada oturub nəsə yazırdın. Orada naşir Kremyenin arvadı ilə görüşməyin yadındadı? Sən onunla görüşə tək getdin. Danışdıq ki, mən sonra qoşulacam.

Madam Kremye ironiya ilə deyibmiş:

– Deməli, siz rus qadını ilə evlənmisiniz. Mən Parisdə çox rus görmüşəm, onları tanımaq asandı, nəsə spesifik görünüşləri olur …O qapıda görünən kimi mən biləcəm ki, budur, Vera da gəldi.

Sən mənə “D’Albe” otelinə zəng elədin və dedin ki, oturduğunuz kafeyə girib, səni tanımırammış kimi, aralıda oturum. Mən gəlib, eləcə də oturdum. Qəhvə içdim, qeydlərimə baxdım. Mən siqaret çıxaranda, sən tez alışqanı çıxarıb, siqaretimi yandırdın. Madam Kemye heç nə başa düşmədi.

Nəhayət, mən dözməyib, soruşdum:

– Nazim, mən nə qədər belə tək oturmalıyam?

Qadın elə heyrətləndi ki!

– Axı o heç rusa oxşamır?..

– Vera rusa çox oxşayır, amma türklərə də çox oxşayır. Mən onu əməlli-başlı türk eləmişəm.

– Vera, siz həmişə qara geyinməlisiniz!

– Ona qulaq asma! Qara geymək üçün hələ çox səbəbin olacaq.

Hə, az qala yadımdan çıxmışdı. Bi dəfə gecə sənin kabinetində, yazı masanın arxasında oturmuşdum ki, qapının zəngi çalındı. Həyəcanlandım. Qapının o tərəfindəki adamın səsini tanımadım, amma qapını açdım. Kandarda Nikolay Nikolayeviç dayanmışdı – onu tanıyırsan, qarajın müdiri. Nəzakətli, təmkinli, yaşlı adamdı. Qara “Tatra” sürür. Ona baxanda adama elə gəlirdi ki, elə bil kimsə onu qovurmuş, o da qaçıb bizə gəlib. O həyəcanlı səslə xahiş elədi ki, sənin altmış yaşında da aşiq olmağın mümkünlüyü barədə yazdığın şeirləri ona göstərim. Sən demə, onun arvadı çoxdan ölübmüş. İndisə o yaxşı bir qadına, tibb elmləri professoruna vurulmuşdu, onunla evlənmək istəyirdi. Uşaqları qoca atalarının dəli olduğunu düşünürdülər.

Mən bütün «arqumentləri» ona verdim: “Avtobioqrafiya”, “Sən demə, sevirmişəm”, “Sənin xətrinə mən ölümü yaxına buraxmıram”.

Hələ də aşiq olanlara kömək edə bildiyinə görə sənə həsəd aparıram, Nazim.
Sənin triumfal həyatın yelkəni açılmış gəmi kimi idi. Şeirlərin, pyeslərin dünyaya yayılmışdı. Mənsə sürətlə dəyişən təqvimin hər vərəqini qoparanda ürəyim əsirdi. Mənə elə gəlirdi ki, zibil qutusuna təqvim vərəqini deyil, günlərimizi atıram...

Bir dəfə Arkadi Raykin soruşdu:

– Nazim, sən çox yaşamısan. Deyə bilərsən, həyat nədir?

– Arkadi, yəni sən bu sadə sualın cavabını bilmirsən? Səni necə başa salım? Bir dəfə evə gedirdim. Gördüm balaca bir qız ağacın budağında oturub, yellənir. Qızın adını soruşdum.
- Ayşə – dedi.
- Ayşə, orada yelləncək var. Niyə acağa əziyyət verirsən? Get, yelləncəkdə yellən.
- Yaxşı.
Səhər yenə həmin ağacın yanından keçirəm. Görürəm ki, həmin qız uşağı ağacın budağında oturub, yellənir. Deyirəm:
- Ayşə, axı dünən sən mənə söz vermişdin. Niyə gedib, ağacda yellənmirsən?
Qız deyir:
- Mənim adım Olqadı. Ayşə – anamın adıdı.

Nikita Xruşşov

Nikita Xruşşov

Of, Nazim, görmürsən ki, mən qəfəsdəki canavar kimi vurnuxuram. Allah bilir, nələri yada salıram ki, bu son baharı birtəhər uzada bilim …

1962-ci ilin qışı. Roma, daha sonra Milandakı şən qarşılanma – hər şey necə də gözəl idi. Parisə səfər, dostlarla görüş, Yeni il ovqatı, qovluqda «Romantika»nın işlənib qurtarmış əlyazması. Uğurun yüngül sezgisi... Türk dilində çoxlu yeni, yaxşı kitablar. Gənclərin poeziyasını, Əziz Nesinin son əsərlərini, Pablo Nerudanın «İki yüz sonet»ini oxuyursan. Kiminsə evində qonaq olanda əlinə türkiyəli Aissenin* balaca şedevri - sevgi məktubları keçir. Şeirlər on səkkizinci əsrin əvvəllərində yazılıb. Bu qadını nə vaxtsa fransız əyanı İstanbul bazarından pulla alıb. Kübar Paris qadınının təsirli həyat hekayəti. Onun yazdıqlarını mənə tərcümə eləyirsən, yazıq Aisseyə ürəkdən acıyırsan, ağlayırsan…

____
* Mademoiselle Charlotte Aïssé - uşaq vaxtı zadəgan atasının mülkü türklər tərəfindən dağıdılan, özü kölə kimi satılan. sonradan satın alınıb Parisə gətirlmiş fransız yazarı


Qəfildən ildırım çaxır. “Le Monde”un səhər buraxılışında Moskva barədə yazı var. Xruşşovun Manejə, səni sevindirən həmin sərgiyə baş çəkməyindən qalmaqallı reportaj hazırlayıblar. Ölkə rəhbərinin gənc, məşhur rəssamla bağlı qalmaqalı. O Falkın «Çılpaq qadın» əsərinin qarşısında dayanıb, onu müşayiət edən heyətə bu sualı vermişdi: «Siz belə bir qadınla evlənərdinizmi?»...

Sən Moskva barədə yazılan xəbəri dəhşətlə oxuyursan. İnanmırsan, bu xəbəri burjua qəzetinin növbəti uydurması hesab eləyirsən.

– İyirminci qurultaydan sonra mədəniyyəti geri aparmaq kimin nəyinə lazımdı? Axı “L'Humanite” niyə bu barədə susur?

O nəşrdə isə cəmi bir neçə sətirlik xəbər var.

İki həftədən sonra biz Sen-Mişel bulvarına gəzməyə çıxırıq. Bulvara Xruşşovun Andrey Voznesenkiyə yumruq silkələdiyini əks etdirən nəhəng şəkillər yapışdırılıb. Sən hirslənirsən:

– Bu saxtadı!

Sən hələ də nəyəsə ümid eləyirsən.

– Tez Moskvaya qayıtmaq lazımdır.

Hə, Nazim, yadımdadı, bir yerdə qarşıladığımız sonuncu Yeni 1963-cü ildən sonra sən elə bil qəfildən təslim oldun. O günlərdə biz dəhşətli dərəcədə yorulmuşduq. Yeni il qabağı çox çılğın həftə oldu. Görüşlər, gəzintilər, qarmaqarışıqlıq və Moskvadan gələn həyəcanlı xəbərlər həddən artıq çox oldu.

1963-cü il yanvarın dördündə biz evə qayıtdıq. “İzvestiya”nın vitrinlərinin yanından keçəndə, Xruşşovla Voznesenskinin həmin şəklini gördük. Bütün çətin məqamlarda olduğu kimi, indi də sən Puşkin meydanına, Tvardovskinin yanına getdin. O sənə əlyazmalarına qoyulmuş bir neçə təzə qadağa göstərdi, amma mövqeyini dəyişmək barədə düşünmürdü. Boris Polevoyla Tixonov da belə fikirləşirdilər. Deyirdilər ki, iyirminci qurultay ruhunda işləmək, ədəbi işi müdafiə etmək və gəncləri qorumaq lazımdır. Sənsə bunlara görə əzab çəkir və bunu gizlətmirdin. Xüsusilə Andrey Voznesenskiyə, Yevtuşenko və Robertə çox yazığın gəlirdi. Səhhətin pisləşirdi, tez-tez məyus olurdun və təzədən onların müdafiəsinə qalxırdın...

Biz məşhur bir rejissorun evinə axşam yeməyinə getmişdik. Onun masasının üstündə - divardan bu yaxınlara qədər çox müasir, gözəl bir rəsm əsəri asılmışdı – indisə həmin əsərin yerində divarda açıq rəngli kvadrat qalmışdı.

– Çıxartdım, – ev sahibi etiraf elədi, – indi hər cəfəngiyyatın adını abstraksionizm qoyurlar.

– Hə... – Sən sarsılmış halda başını tərpədirsən.

Səhəri gün sən gənc rəssam Lyova Kropivnitskinin yanına gedib, onun ən gözəl, ən böyük əsərini aldın. Bu əsl abstrakt rəsm əsəri idi. O əsərin adını sən “Partlayış” qoymuşdun. Əsəri evə gətirib, qonaq otağının ən görkəmli yerindən asdın.

– İt hürər, karvan keçər, – indi sən bu sevimli məsələni daha tez-tez çəkir, həm özünə, həm də dostlara ürək-dirək verirdin.

Özünsə belini dikəltmədən işləyirdin. Tanqanikadan gətirdiyin poemanı çapa hazırlayır, Starostovla birlikdə “Romantika”nı tərcümə edir, arada məqalələr yazırdın... Elə bil birdən-birə gözün açılmışdı. 1963-cü ilin martında partiya rəhbərliyi sovet incəsənəti xadimləri ilə görüşəndə sən dəli olmuşdun.

– Başa düşmürəm, niyə savadsızın biri heç kimə etiraz haqqı vermədən, naşıcasına qarğıdalı, arxitektura, rus dili, rəngkarlıq, poeziya barədə rəy yürüdür! Niyə Xruşşov öz primitiv zövqünü mədəniyyət adamlarına, onların vasitəsilə də bütün insanlara diqtə edir? Niyə yenə də hər şeyə bir adam nəzarət edir, göstərişlər verir? Mən onun zövqü ilə razılaşmıram – mənə qışqıra-qışqıra deyirdin – başa düşürsən, razı deyiləm! Mən çastuşka yaza bilmərəm! Deməli, mən daha şair olmamalıyam? Xruşşov məni aldatdı. İyirminci qurultaydan sonra mən ona inanırdım. Yanılmışam. Yenə söz gəzir ki, KQB bığsız şairlərin ovuna çıxıb. İnanmaq istəmirəm ki, bu da Lenin kimidir – axı Mayakovskini qadağan eləməsə də daha yaxşı bir şairi Qumilyovu güllələməyə icazə vermişdi. Burada nəsə bir iş var, nəsə təkrarların qanunauyğunluğu məsələsidi bu... Şəxsən partiya üzvü olmayan Fridrix Velikinin şeirləri mənim daha çox xoşuma gəlir: “Mən incəsənət üçün hər şey eləmişəm! Ona mane olmamışam!”

Ölümün yanında sevgi ilə yaşamaq, ölümü bacardıqca qovmaq, qovmaq… Heç nə də bu əzabı yüngülləşdirə bilməz. Sınmaq necə asan, dözmək necə çətindi.

–Moskvada ölən yazıçıların dəfni harda olur? – sən tez-tez öz dəfnin barədə düşünürdün.

– Dəfn mərasimi? Yazıçılar Evində.

– Deməli, məni ora aparacaqlar. Sən gəlmə, Verusya. İstəmirəm, məni elə görəsən. Axı niyə sizinkilər ölünün üzünü açıq qoyurlar. Bu vəhşilikdir. Sən qorxacaqsan, iyrənəcəksən. Əzab çəkəcəksən. Amma belə lazımdısa, gərək baxasan. Sonra o ölü sifət səni təqib edəcək, bizə mane olacaq...

Necə öldüyünü bilirsənmi, Nazim? Sən həmişə bunu bilmək istəmisən. İndi artıq bunun necə baş verdiyin sənə danışa bilərəm.

O ərəfədə, bazar günü birinci mən oyandım. Sənə balaca fincanda türk qəhvəsi gətirdim. Sən qəhvəni içib, uzandığın yerdə qəzetlərə baxmağa başladın. Mən kabinetə keçib, sürətlə işləməyə başladım. Saat on ikidə Mərkəzi Uşaq Teatrına «Durnalar» pyesini çatdırmalı idim. Pyesi sənə sifariş vermişdilər, sən də mənə ötürmüşdün. Pyesi təyin olunmuş vaxta çatdırmırdım. Pyes Xirosima faciəsindən, bir ovuc külə çevrilən balaca qəhrəmanlardan, indi Xirosimadakı uşaqların hazırladıqları balaca kağız durnalardan bəhs edirdi: inanca görə, balaca uşaqların hazırladıqları kağız durnalar yaxşı insanları xilas edir. Sənin balaca yapon qızı barədə yazdığın şeiri təkrar-təkrar oxuyurdum. O şeirləri pyesə salmağı məsləhət görmüşdün. Şeirlər elə bil, pyesin boyuna biçilmişdi. (ardı aşağıda)


Sən məni çağırıb, dedin:

– Mümkünsə burada işlə, səni görə bilim. Uzandığıma görə bağışla, bilirsən, mən bu gecə yata bilməmişəm …

Əlyazmanı götürüb gəldim. Sonra sən qalxıb, yuyundun, yanımda oturdun. Bir müddət sənin şeirlər toplundan şeir axtarmağıma tamaşa elədin, sonra lazım olan şeirləri tapmaqda, şeirlərdəki uyğun sətirləri seçməkdə mənə kömək elədin. Sonra qəfildən əlini kağızın üstünə qoyub, dedin:

– Gəl, bir az söhbət eləyək.

Sən bir, bəlkə də iki saat danışdın. Bu iki saat ərzində sənin bütün həyatın kino lenti kimi gözlərimin qabağından keçdi. Əvvəlki kimi ordan-burdan yox, bütün bir film kimi …

Günortaya yaxın ayrıldıq. Mən uşaq teatrına, ordan da anamın bağ evinə, Anyutanı görməyə getdim. Sənsə Əkbərin yanına yollandın – Naum Mara kitabına ön söz yazacağını söz vermişdin, indi onu yazıb, Əkbərə tərcümə etdirəcəkdin.

Axşam saat səkkizdə evdə görüşdük. Anamın bişirdiyi piroqlarla çay içdik. Dedin ki, Əkbərgildə halın pisləşib, elə pis olmusan ki, öləcəyini düşünmüsən... Amma üzə vurmamısan ki, Əkbər qorxmasın. Bir az uzanmısan, sonra ürəyinin sancısı keçib, bir az yaxşılaşmısan.

– İndi lap yaxşıyam. Sabah poliklinikaya gedib, qan analizi verəcəm, ürəyimi yoxlatdıracam.

Sənin halının hələ də pis olduğunu görürdüm. Elə hey evdə vurnuxurdun...

Təmirdən sonra evimizi hələ tam səliqəyə salmamışdıq. Hələ də şəkilləri, pərdələri asmamışdıq. Buna görə də otaqlar çox geniş və boş görünürdü. Qonaq otağına keçib, televizoru yandırdıq. Buxarestdən rumın caz konsertini göstərirdilər. Mənə yaxınlaşdın, ayaqlarımın yanında, döşəmədə oturub, əllərimi ovuclarına alaraq, dedin:

– Hə, Verusya, gəl fikirləşək, görək, şəkilləri sənin evində haralara asaq?

Bu sözlər məni dəhşətli dərəcədə ağrıtdı, mənasını başa düşsəm də, soruşdum:

– Niyə “mənim evimdə”?

- Hiss eləyirəm ki, burada çox yaşamayacam. Sənsə eeeeee hələ gör nə qədər yaşayacaqsan. Ona görə belə dedim. bağışla məni, mələyim, qanını qaraltmaq istəmirdim …

Susdun. Xeyli susdun. Sonra dedin:

– Öləndən yarım saat sonra oyanıb, mənə belə əzab verən ürəyimi və sənin necə ağladığını görmək istəyərdim...

Səhər həmişəkindən tez oyandım. Pərdəsiz pəncərədən gün düz gözümə düşürdü. Ev çox sakit idi. sakitcə qalxdım – səni oyatmaq istəmirdim. On beş dəqiqədən sonra poçt qutumuza nəsə saldılar – başa düşdüm ki, səkkizə iyirmi dəqiqə işləyib. Poçt qutusunun qapağını qəsdən çıxartmışdım ki, səhərlər səs salıb səni oyatmasın, amma sən yenə də hər səhər poçtalyonun səs-küyünə oyanırdın. Yuxuda da bu anı qaçıracağından qorxurdun. Beş dəqiqədən sonra sən qalxıb, qapıya tərəf atıldın. Səni çağırmaq istədim, amma vaz keçdim. Yuxulamaq istədim. Sənsə qayıtmırdın. Bir neçə dəqiqə də keçdi. Nəsə qapını açmır və özünü şübhəli dərəcədə sakit aparırdın. Mən bir az da uzandım, amma qəfildən bir qüvvə məni yataqdan qaldırdı. Sənin harda olduğunu bilmək istədim. Qalxdım, düşünürdüm ki, mətbəxə keçmisən, ya siqaret çəkmək istəmisən, ya susamısan. Tez mətbəxə keçdim. Orada yox idin. Vanna otağının, tualetin qapısını açdım. Qəfildən canımı dəhşətli bir qorxu bürüdü, elə bil kürəyimdən qaynar su tökdülər....

Kandara keçdim. Sən asılqanın arxasında idin. Kürəyini qapıya söykəyib, əllərini döşəməyə dayayaraq, ayağanın birini türklər sayağı altına yığıb, o birini uzadıb, oturmuşdun. Ağarmış, qeyri-adi dərəcədə sakit üzünə baxan kimi başa düşdüm ki, sən Nazim Hikmət və Vera Tulyakova

Nazim Hikmət və Vera Tulyakova

ölmüsən.

Budu, sənə hər şeyi danışdım. Hə, bircə onu demədim ki, qapının ağzında bədəninlə ömürlük mənim yolumu kəsmişdin. Əlinin yanında, döşəmədə poçt qutusunun açarı vardı və kandarın işığı yanırdı. sənin elədiyn son şey – işığı yandırmaq olmuşdu...

Hə, bir şey də soruşmaq istəyrəm, Nazim... Bilirəm, cavab verməyəcəksən, yenə də soruşuram.

Səni evdən apardıqları səhər pasportunu istədilər. Ömrümdə ilk dəfə sənin pencəyinin cibini axtardım. Pulqabından pasportunu götürdüm. Pasportunu açanda arasından köhnə şəklimi tapdım. Yadındadı, 1957-ci ildə bir-birimizə şəkillərimizi hədiyyə eləmşidik. Sən mənə bağışladığın şəklinin arxasına konspirativcə «Qızım Veraya» yazmışdın və ortasından ox keçən ürək şəkli çəkmişdin. Mənsə sənə bağışladığım şəklimin arxasına heç nə yazmamışdım.

Həmin səhər o şəklin arxasına baxanda sənin xırda xəttlə yazdığın şeirini gördüm. Elə hey fikirləşirəm, Nazim, axı bunu nə vaxt yazmısan? İşarə ver, tapmaqda kömək elə.

– Yanıma tələs, – dedin.
– Gəl, məni güldür, – dedin.
– Məni sev, – dedin.
– Özünü məhv elə, – dedin.
Tələsdim.
Güldürdüm.
Sevdim.
Öldüm.



Mətni nəşrə hazırladı:
Anna Stepanova

Son

Nazim Hikmətin Moskvadakı qəbri

Nazim Hikmətin Moskvadakı qəbri

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG