Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:53

«Ded Xasan» və düşmənləri Soçini «bölə» bilməyiblər?


Aslan Usoyan
Aslan Usoyan
-
Rusiyada “Ded Xasan” ləqəbli kriminal avtoritet Aslan Usoyanın qətli ilə bağlı 9 ekspertiza keçiriləcək.

Bu barədə ИТАР-ТАСС agentliyi Rusiya hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla xəbər verir.

Bunlardan üçü trassoloji, dördü bioloji, ikisi isə daktiloskopik ekspertiza olacaq.

Hələ ki məlumdur ki, killer xüsusi təyinatlılar üçün yaradılmış 9 millimetrlik səssiz "Val" avtomatından istifadə edib.

Həmin silah 80-ci illərdə SSRİ-də istehsal edilib və Şimali Qafqazda anti-terror əməliyyatlarında istifadə olunub.

Usoyanın çıxdığı restoranla üzbəüz evin 5-ci və 6-cı mərtəbələri arasında pilləkəndə 7 ədəd giliz tapılıb.

“Ded Xasan”a bir güllə dəyib və o, çatdırıldığı Botkin xəstəxanasında keçinib.

Ona 2010-cu ildə də sui-qəsd olmuşdu: o, mühafizəçisi ilə birlikdə snayper atəşinə tuş gəlmişdi, amma yaralansa da, hətta ölüm xəbəri çıxsa da, sağ qalmışdı.

Indi Usoyanın meyiti Botkin xəstəxanasının morqundadır və rus mətbuatı yazır ki, polis morqu nəzarətə alıb.

Killer daha bir nəfəri - güman edildiyinə görə, restoranda çalışan bir qadını da yaralayıb.

"Ded Xasan"ın meyiti
"Ded Xasan"ın meyiti
Onun verə biləcəyi məlumat da istintaqa yararlı ola bilər, bundan başqa ərazidəki kameralar da hadisəni qeydə alıb.

Rusiya mətbuatı yazır ki, milliyyətcə yezidi kürd olan Usoyanı Krasnodarda dəfn edə bilərlər - yezidi kürd qəbiristanlığında.

Bundan başqa bu, “Ded Xasan”ın cinayətkar klanına daxil olan qruplar üçün daha təhlükəsiz ola bilər.

Dəfn mərasimində böyük “sxodka”, yəni kriminal aləmdə tanınan şəxslərin qəbir üstünə gəlməsi gözlənir.

Usoyan hələ sovet dövründən bu yana Rusiyanın cənubundakı cinayətkar dəstələrə nəzarət edib.

Rusiya mətbuatı onu da yazır ki, bu qətl qisasçı addımlara səbəb ola bilər.

Ona görə də “Ded Xasan”la düşmən olan kriminal qrupların rəhbərləri, o cümlədən “qanuni oğrular” Cemo Mikeladze, Merab Canqveladze və azərbaycanlı Rövşən Caniyev Moskvanı təcili tərk ediblər.

Soçidə olimpiada üçün tikilən stadion
Soçidə olimpiada üçün tikilən stadion
Rusiya mətbuatı belə bir versiya irəli sürüb ki, “Ded Xasan” öz rəqibləri ilə “Soçini bölüşdürə bilməyib”.

Gələn il bu kurort şəhərində qış olimpiya oyunları keçiriləcək və Rusiya hökuməti oraya bu məqsədlə 18 milyard dollar sərmayə qoymaqdadır.

Məqsəd infrastrukturu yeniləmək, sovet dövründən məşhur olan, amma sonralar geriləmiş bu şəhəri turizm mərkəzinə çevirməkdir.

New York Universitetində çalışan professor Mark Galeotti Rusiya üzrə ixtisaslaşıb, xüsusən də oradakı cinayətkar qrupların fəaliyyəti üzrə ekspertdir.

O da “Soçi versiyası”nı mümkün sayır.

“Soçi olimpiadası korrupsiyalaşmış məmurlar üçün “yağlı tikə”yə və böyük pullar qazanmaq fürsətinə çevrilib. Usoyan bunu çox tez anlamışdı və oraya çoxlu sərmayə yatırmışdı. Söhbət əvvəldən o ərazidə torpaqların ucuz alınmasından (sonradan baha satılması üçün) tutmuş turizm və tikinti sektoruna sərmayə yatırmağacan müxtəlif işlərdən gedir”.

Rus ekspertləri güman edirlər ki, Usoyana yaxın adamların aktiv olduğu bu sahələrə kimlərsə girişməyə çalışdığı üçün maraqlar toqquşub.

Bəzi Qərb qəzetləri isə yazırlar ki, Usoyanın qətli bir neçə gün əvvəl Parisdə kürd separatçılarının ofisinə edilən hücumla, orada 3 kürd fəalın öldürülməsi ilə də bağlı ola bilər.

Türkiyənin “Hürriyyət” qəzeti isə yazır ki, 2010-cu ildə “WikiLeaks” saytının yaydığı məxfi sənədlərdə Usoyanın Türkiyədəki PKK terrorçu qrupu ilə əlaqəsinin olduğu, onun PKK-ya qaçaq yolla rus silahları yolladığı iddia edilirdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG