Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:00

Əl-Qaidə BP-nin Əlcəzairdəki qaz yatağına basqın etdi


Ayn Amenasdakı kompleks
Ayn Amenasdakı kompleks
-

İddiaya görə, 41 əcnəbi girov götürülüb. Əl-Qaidə-nin Ayn Amenasdakı kompleksə hücumuna Fransanın Maliyə hərbi müdaxiləsinin səbəb olduğu güman edilir. Britaniya mətbuatının yazdığına görə, yanvarın 16-da gerçəkləşən basqında azı bir britaniyalı işçi öldürülüb.

İslamçılar iddia edirlər ki, onlar norveçli, fransalı, yaponiyalı və amerikalı işçilər daxil, bütövlükdə 41 əcnəbini girov götürüblər. Təsdiqlənməyən bilgilərə görə, 150 nəfər Əlcəzair fəhləsinin də kompleksdən dışarı çıxmasına imkan verilmir.

Sub-Saxarada yerləşən bu neft-qaz zavodu Liviya sərhədinin 60 kilometrliyindədir.

BASQINÇILAR ƏL-QAİDƏYƏ BAĞLIDIRLAR

Basqınçıların Əl-Qaidəyə bağlı «Katibah Moulathamine» və ya «Maskalı Briqada» kimi tanınan qruplaşmaya aid olduqları bildirilir. Həmin qruplaşmaya təkgöz əlcəzairli terrorçu, Mokhtar Belmokthar rəhbərlik edir.

Qrupun sözçüsü bildirib ki, onların azad edilməsinə hər hansı cəhd göstərilərsə, girovları öldürəcəklər.

Girovluqda olanlardan biri telefonla «Le Figaro» fransız qəzetinə deyib ki, terrorçular neft-qaz kompleksinin girovlar saxlanan hissəsini minalayıblar.

Əlcəzair ordu birləşmələrinin kompleksi mühasirəyə aldıqları da xəbər verilib.

ƏLCƏZAİR TERRORÇULARLA DANIŞMAQ İSTƏMİR

BP
BP
Bəzi mənbələr bildirirlər ki, BP, Norveçin Statoil və Əlcəzairin dövlət neft şirkəti «Sonatrach»ın müştərək müəssisəsi olan təbii qaz yatağı özəl mühafizəçilər və Əlcəzair ordusunun birləşməsi tərəfindən qorunur.

Britaniyanın baş naziri David Cameron kabinetin fövqəladə hallar qrupu «Kobra»nın təcili yığıncağını keçirib və əlcəzairli həmkarı Abdelmalek Sellal-la telefon danışığında olub.

Rəsmi London məsələnin son dərəcə həssas olduğunu əsas gətirərək, vəziyyətin detallarını açıqlamır, ancaq belə görünür ki, Cameron Əlcəzairə hər hansı xilasetmə əməliyyatına diqqətlə yanaşmağı tövsiyə edib.

Britaniya hökuməti girovların arasında Birləşmiş Krallıq vətəndaşlarının da olduğunu təsdiq edib.

Fransa prezidenti François Hollande hazırda Əlcəzair hökuməti ilə girovların azad edilməsinə dair danışıqlar aparır.

Adı çəkilməyən fransız qadın «Le Figaro» qəzetinə bildirib ki, terrorçular reaktiv qumbaralarla silahlanıblar. Yaraqlılar özləri üçün 60 nəfərlik su ehtiyatı tələb ediblər.
BP-nin London ofisi hər hansı britaniyalının itkin düşdüyü və ya xəsarət aldığı barədə xəbərlərə şərh verməkdən imtina edib.

Amerika Dövlət Departamentinin sözçüsü Victoria Nuland isə bəyan edib ki, girovların arasında amerikalıların da olduğu barədə xəbərdən başqa təfərrüatların açıqlanması hazırkı şəraitdə məqsədəuyğun deyil.

Əlcəzairin daxili işlər naziri Dahou Ould Kablia deyib ki, terrorçularla heç bir danışıqlardan söhbət gedə bilməz.

FRANSIZLAR ƏL-QAİDƏ İLƏ TƏKBƏTƏK DÖYÜŞDƏ

Malidə əməliyyat
Malidə əməliyyat
Fransanın xüsusi qüvvələri Mali paytaxtı Bamakonun şimalındakı kiçik Diabali şəhərində ev-ev, küçə-küçə döyüşlərdə iştirak edirlər.

Fransanın müdafiə naziri Jean-Yves Le Drian deyib ki, bu şəhərə əl-Qaidənin İslami Məğrib qruplaşmasına aid 1300 nəfərlik beynəlmiləl dəstə nəzarət edir. O, bu qruplaşmanı «ən güclü, ən fanatik, ən yaxşı təşkilatlanmış, ən əzmkar və ən yaxşı ordu» adlandırıb.

Artıq bir həftədir ki, Fransa döyüş təyyarələri və vertolyotları 14, 5 milyonluq Mali əhalisinin 90 faizinin yaşadığı münbit regionlara daxil olmağa can atan islamçı yaraqlıların mövqelərinə ağır zərbələr endirir.

Fransanın 30-dək zirehli döyüş maşını və tankı Niger çayı üzərindəki keçidlərə yeridilib.

XƏBƏRLƏR ZİDDİYYƏTLİDİR

«The Guardian» qəzeti yazır ki, istər girov götürülənlər, istərsə də girov götürənlər barədə yayılan məlumatlar hələlik tam dəqiq deyil.

Kompleksə hücum üçün məsuliyyəti öz üzərinə götürdüyü iddia edilən «Katibat Moulathamine» qruplaşmasından başqa, «Qan andlıları» adlı başqa bir qruplaşma da media ilə əlaqə yaratmaq istəyib.

Qəzet yazır ki, ola bilsin, burada söhbət eyni qruplaşmanın iki müxtəlif adından gedir.

«The Guardian»ın yazdığına görə, hər iki təşkilat, hücumun Malidə Fransanın hərbi əməliyyatlarına cavab olaraq keçirildiyini bildirib.

Yeri gəlmişkən, ABŞ və Avropa ölkələri Fransanın Maliyə «Serval» kod adlı müdaxiləsini dəstəklədiklərini bildiriblər və hətta Vaşinqton bu əməliyyat üçün kəşfiyyat və nəqliyyat köməyi vəd edib.

BP-nin bu yataqdakı partnyoru olan Statoil şirkəti 13 əməkdaşının girov götürüldüyünü açıqlayıb. Amma özünü «Qan andlıları» adlandıran qruplaşma internetdə 41 əcnəbinin girov götürüldüyünü iddia edir.

«Algerian Press Service» agentliyinin xəbərinə görə, yerli, yəni əlcəzairli işçilər kiçik qruplarla azad edilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG