Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:39

Erməni icmasının dostları ABŞ Konqresində mühüm vəzifələrə yüksəlirlər


Robert Menendez

Robert Menendez

-

Bu ay Amerika Konqresinin yeni sessiyası öz işinə başlayır. Burada qeyri-adi bir şey yoxdu, amma Azərbaycan üçün maraqlı ola biləcək bir detal odur ki, parlamentin xarici siyasət məsələləri ilə məşğul olan qurumlarının rəhbərliyinə iki yeni şəxs gəlir.

Onlar prezident Obamanın indiyəcən İran və Qafqaz ölkələri ilə bağlı yürütdüyü siyasətə təsir edib ona dəyişiklik etməyə çalışa bilərlər.

Bunlardan biri demokrat senator Robert Menendez-dir

O, parlamentin yuxarı palatasında – Senatda xarici əlaqələr komitəsinin sədri olacaq. Bu vəzifədə o, Obamanın dövlət katibi vəzifəsinə irəli çəkdiyi John Kerry-ni əvəzləyəcək.

Aşağı palatada – Nümayəndələr Palatasında isə xarici əlaqələr komitəsinin rəhbəri vəzifəsinə respublikaçı Ed Royce gəlir.

Bundan sonra bu iki şəxsin Amerikanın xarici siyasətində prioritetlərin müəyyən edilməsində rolu olacaq.

Əgər əvvəlki bəyanatlarına nəzər yetirsək, onların ABŞ-ın İranla bağlı siyasəti ilə yaxından məşğul olacaqlarını güman etmək olar.

Senator Menendez bir çox demokrat həmkarlarından fərqli olaraq mübahisəli nüvə proqramına görə İrana qarşı iqtisadi sanksiyalardan çox, hərbi gücdən istifadəyə meylli görünür.

O, hətta Obama administrasiyasını sanksiyalar yolunda “ilişib qalmaqda” da ittiham edib.

Menendezin 2010-cu ildə Senatın xarici əlaqələr komitəsində çıxışından:

“Mən İrana qarşı daha sərt sanksiyalara tərəfdaram. Çünki İran prezidenti Əhmədinejad BMT-nin 1929 saylı qətnaməsini qulaqardına vurur. Bunun bir səbəbi də var:

Biz şir kimi nərildəyib küçük kimi dişləyirik.

Mənə görə, biz məsələyə yanaşmanı dəyişməliyik”.

2011-ci ildə Menendez İranın Mərkəzi bankına qarşı sərt sanksiyalar layihəsinin həmmüəllifi idi.

Ed Royce

Ed Royce

Həmin sanksiyalar 2012-ci ilin əvvəlindən qüvvəyə minib.

Amma bəziləri düşünür ki, komitənin üzvü olmaq ayrı şeydir, sədri ayrı. Və Menendez yeni vəzifəsinin məsuliyyətini dərk edərək əvvəlki kimi “tarana getməyəcək”.

O ki qaldı Qafqaza, Menendez 2010-cu ildə Matthew Bryza-nın Azərbaycana səfir vəzifəsinə namizədliyinin irəli sürülməsinə nəinki etiraz etmiş, hətta öz senator səlahiyyətindən istifadə edib buna blok qoymuşdu.

Bryza-nın namizədliyinə Amerikadakı erməni lobbisi etiraz edirdi və onu Azərbaycan hakimiyyəti ilə şübhəli əlaqələrdə, Qarabağ məsələsində Azərbaycanı müdafiə etməkdə suçlayırdı.

Menendez-in seçildiyi New Jersey-də ABŞ-ın sayca ikinci böyük erməni icması yaşayır.

2009-cu ildə Menendez hətta Obama administrasiyasını “erməni soyqırımı”nı tanımağa çağıran qanun layihəsi də hazırlamışdı.

Menendez Amerikanın Azərbaycana hərbi avadanlıq satışına da etiraz etmişdi və bunun Dağlıq Qarabağ münaqişəsində ermənilərə qarşı istifadə oluna biləcəyini demişdi.

Amerika Erməni Milli Komitəsi Menendezin Senat komitəsinə rəhbər gətirilməsini alqışlayıb.

Amma komitə bundan da çox Ed Royce-un Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinə rəhbər təyin edilməsinə sevinir. Çünki

Royce-un seçildiyi Kaliforniyada ABŞ-ın sayca ən böyük erməni icması yaşayır

Royce hazırda Konqresdəki Ermənistanla bağlı məsələlər üzrə qrupun həmsədridir.

Bu da Royce-un 2011-ci ildə “erməni soyqırımı”nın ildönümü ilə bağlı Konqresdə təşkil edilən tədbirdəki çıxışından bir parça:

“Bu gün dünyanın qətliamlara etiraz səsini zəiflədən bir amil də odur ki, keçmişdə baş verənlərə görə məsuliyyətini etiraf etmək istəməyənlər var. “Erməni soyqırımı”nın inkarı da bu qəbildən hərəkətdir. Buna görə də biz bu “soyqırımı”ın tanınması yönündə səylərimizi davam etdirəcəyik”.

O ki qaldı İrana, Royce bu yaxınlarda "The Washington Post" qəzetinə verdiyi müsahibədə Ağ evi İran rejiminə qarşı yumşaq davranmaqda ittiham etmiş, Tehrana qarşı sanksiyaların sərtləşdirilməsinə və oradakı “demokratik müxalifəti dəstəkləməyə” çağırmışdı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG