Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:21

Quba olaylarına görə bələdiyyə sədrləri dindirildi


Foto: Arxiv. Xaçmaz rayon Məhkəməsi
Foto: Arxiv. Xaçmaz rayon Məhkəməsi
-
«Mən Elxan müəllimi aksiyada Nəqliyyat naziri Ziya Məmmədov və millət vəkili Vahid Əhmədovla bir yerdə hərəkət etdiyini gördüm».

Bu sözləri Xaçmaz rayon Məhkəməsində 1 mart Quba hadisələrinə görə yanvarın 15-də keçirilən məhkəmə prosesində Timiryazev bələdiyyəsinin sədri Məhəmməd Eldarov deyib. Məhkəmə həbsdə olan Quba bələdiyyəsinin sədri Elxan Əliyevlə əlaqədar kənd bələdiyyələrinin sədrlərini dindirib.

Xaçmaz məhkəməsi Quba hadisələrinin təşkilində təqsirləndirilən «Xəyal TV»nin icraçı direktoru Vüqar Qonaqovu, onun müavini Zaur Quliyevi, Quba bələdiyyəsinin sədri Elxan Əliyevi və daha 3 nəfəri mühakimə edir.

Şahid Məhəmməd Eldarov ifadəsinə davam edərək deyib ki, aksiyadan əvvəl – fevralın 28-də rayon icra hakimiyyətinə çağırılıb:

- Bizə dedilər ki, əhalinin mart ayının 1-də aksiyaya qatılmaması üçün fərdi söhbətlər aparaq, camaatı bu aksiyadan çəkindirək.

Prokuror:

- Siz noyabrın 22-də Heydər Əliyev Mərkəzində «Din və Dövlət» mövzusunda keçirilmiş tədbirdə olmusunuz?

Şahid:

- Xeyr, mən orda olmamışam.

Prokuror:

- Həmin tədbirdə Rauf Həbibovun etdiyi çıxışla bağlı məlumatınız oldu?

Şahid:

- Bəli, mən sonradan eşitdim ki, Rauf Həbibov həmin tədbirdə qubalıların ünvanına təhqiramiz ifadələr işlədib. Bir qubalı kimi, bu, mənə də pis təsir elədi.

Prokuror:

- Elxan Əliyev Sizə bu aksiyada iştirak etmək və ya etməmək barədə hansısa bir göstəriş verib?

Şahid:

- Xeyr. Aksiya günü icra hakimiyyəti tərəfindən bizə zəng olunmuşdu, Qubaya çağırılmışdıq. Mən çatanda, Elxan müəllim Ziya Məmmədov və Vahid Əhmədovla bir yerdə Quba-Xaçmaz yolunun ayrıcında aksiya iştirakçılarını sakitləşdirir, qanunsuz hərəkətlərə yol verməməyə çağırırdı.

Hakim:

- İbtidai istintaqda verdiyiniz ifadəni təsdiq edirsiniz?

Şahid:

- Bəli.

BƏLƏDİYYƏ SƏDRLƏRİNİN İFADƏLƏRİ ARASINDAKI ZİDDİYYƏT

Hakim:

- İstintaqın suallarını cavablandırarkən Elxan Əliyevi sonuncu dəfə fevral ayının 28-də, tədbirdə gördüyünüzü demisiniz. İndi isə burada Elxan Əliyevi aksiya zamanı da əhalini sakitləşdirərkən gördüyünüzü deyirsiniz. Bu iki ifadə arasındakı ziddiyyəti necə izah edirsiniz?

Şahid:

- Ola bilsin ki, yadımdan çıxıb. Ancaq mən Elxan Əliyevi aksiya zamanı əhalini sakitləşdirərkən görmüşəm. O, Ziya Məmmədov və Vahid Əhmədovla bir yerdə əhaliyə səslənərək qanunsuz hərəkətlərdən çəkinməyə çağırırdı.

Hakimin eyni sualı növbəti dəfə təkrarlaması təqsirləndirilən şəxslərin vəkillərinin narazılığına səbəb oldu.

Vəkil Tofiq Allahverdiyev:

- Bu, ziddiyyət deyil, sadəcə, istintaq sualları öz maraqları çərçivəsində qoyub. Dəqiq suallar verilməyib.

Hakim əsəbiləşdi:

- Sizə sual vermirik, imkan verin, şahid sualı cavablandırsın.

Vəkil:

- Müstəntiq soruşmayıb ki, siz aksiya zamanı Elxan Əliyevi görmüsünüz, yoxsa yox? Ötəri sual verib, ötəri də cavab alıb.

«HEÇ KİM İNANMIRDI Kİ, BELƏ BİR AKSİYA OLA BİLƏR»

Şahid kimi ifadə verən İqriq kənd bələdiyyəsinin sədri Nəcəfqulu Əzizov da eyni məzmunlu ifadə verdi.

Prokuror:

-
Qubada etiraz - 1 mart 2012
Qubada etiraz - 1 mart 2012
Siz ayın 22-də keçirilmiş tədbirdə iştirak etmisiniz?

Şahid:

- Xeyr, həmin tədbirdə olmamışam.

Prokuror:

- Aksiya barədə nə vaxt xəbər tutdunuz?

Şahid:

- Fevralın 28-də bizi icra hakimiyyətinə çağıraraq dedilər ki, camaatla iş aparmaq lazımdır ki, ayın 1-də aksiyaya qatılmasınlar. Biz də əhali ilə bacardığımız qədər iş apardıq. Ancaq heç kim inanmırdı ki, belə bir aksiya olsun.

Hakim birinci dindirilən şahidə – bələdiyyə sədrinə sualını yenə təkrarladıb xatırlatdı ki, şahid ibtidai istintaqa Elxan Əliyevi sonuncu dəfə fevralın 28-də, məhkəmə ifadəsində isə martın 1-də gördüyünü deyir.

Vəkil Tofiq Allahverdiyev (hakimə):

- Yenə eyni fənd?

Hakim:

- Siz sual verəndə, mən müdaxilə etmirəm. Xahiş edirəm, Siz də buna yol verməyəsiniz.

Vəkil Nadir Lalayev:

- 3 gündür burdayıq, guya şahidləri dinləyirik, ancaq bu şahidlər işin detalları ilə bağlı heç nəyin şahidi deyillər. İfadələri ümumi sözlərdən başqa bir şey deyil. Mən 20 il istintaq orqanında işləmişəm, belə ittiham aktı görməmişəm.

«BİR POLİS İŞÇİSİNİ EPİLEPSİYA TUTMUŞDU»

Alekseyevka kənd bələdiyyəsinin sədri Behbut Məmmədov, Quba hadisələrinin iştirakçısı olduğunu deyən Laçın Musayev dindirilib.

Laçın Musayev:

- İnternetdən izlədim ki, Rauf Həbibov qubalıları təhqir edib, aksiya barədə eşidəndən sonra mən də aksiyaçılara qoşuldum. Əvvəlcə «Meydan» adlanan yerə yığışdıq, ordan bizi dağıtdılar. Biz də gedib Cümə məscidinin qarşısına yığışdıq, ordan İcra Hakimiyyətinə tərəf irəlilədik.

Prokuror:

- Elxan Əliyevi aksiyada görmüsünüz?

Şahid:

-
Qubada etiraz - 1 mart 2012
Qubada etiraz - 1 mart 2012
Bəli, Elxan müəllim əvvəl «5 ulduz» marketin yanda camaatı sakitləşdirirdi. Sonra icra hakimiyyətinin binası yaxınlığında gördüm ki, bir polisi epilepsiya tutub... Polis yıxılıb qalmışdı. Elxan müəllim tez qonşulara su gətizdirib ona yardım etdi.

Hakim:

- Aksiya zamanı Sizdən plakat düzəltməyi kim xahiş etmişdi?

Şahid:

- Əfşari Rahim.

Hakim:

- Məqsəd nə idi?

Şahid:

- Fikirləşdik ki, belə olsa, bizi döyməzlər. Həm də bildirmək istəyirdik ki, biz dövlətə qarşı çıxmırıq, sadəcə, Rauf Həbibovun bizi təhqir etməsinə etirazımızı bildiririk.

Məhkəmə başqa şahidləri də dindirib. Növbəti məhkəmə iclası yanvarın 16-na təyin olunub.

Bu il martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Etiraza səbəb sabiq icra başçısının sosial şəbəkələrdə yayılan çıxışı olub. Etirazçılar həmin çıxışda icra başçısının qubalıları təhqir etdiyini bildiriblər.

Aksiya toqquşmalar və zorakılıqla müşayiət olunub. İcra hakimiyyətinin yardımçı binaları və Rauf Həbibovun şəxsi evi yandırılıb.

Martın 2-də prezident İlham Əliyev Rauf Həbibovu vəzifəsindən azad edib.
XS
SM
MD
LG