Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:52

İki populyar yazarın kitabı Azərbaycan dilində!


-

Bu yazıçılar dünyanın nüfuzlu ödüllərini qazanmayıblar, amma əsərləri populyardır.


“Qanun” nəşriyyatı türk yazar Ayşə Kulinin “Vida – əsir şəhərdə bir gün” və fransız yazıçı Mark Levinin “Bir-birimizə demədiyimiz sözlər” kitablarını Azərbaycan dilində çap edib.

Türkiyənin ən çox oxuduğu Ayşə Kulinin əsəri təxminən bir əsr əvvəlin hadisələrindən bəhs edir.

Birinci Dünya müharibəsinə qoşulan və hərbi kampaniyada uğursuzluqlara düçar olan Osmanlı imperiyasının paytaxtı işğal olunur, sultan və onun nazirləri yadelli işğalçıların əlinin altında məzlum vəziyyətə düşürlər.

Ancaq vətənpərvərlər bununla barışmır, gizli dərnəklərdə birləşərək azadlıq, müstəqillik uğrunda mübarizəyə başlayırlar.

Əsərdə hadisələr əsasən bir nazirin evində cərəyan edir. Nazirin xalası nəvəsi inqilabçıdır və doğma İstanbulun azadlığına çalışır.

Nazir Əhməd Rəşad əvvəlcə onu düz yola dəvət etsə də, sonradan məhz Kamalın düz yolda olduğunu görür və işğalçılara qarşı vuruşanlara dəstək verir…

Tərcümə Minə Candan Raufqızınındır.

Müasir fransız romançısı Mark Levinin “Bir-birimizə demədiyimiz sözlər” kitabında nədən bəhs edilir?

Toyuna iki gün qalmış Culiyaya atası Entoni Uolşun katibi zəng edir.

Bacarıqlı biznesmen, lakin son dərəcə eqoist olan atası, Culiyanın düşündüyü kimi, mərasimdə iştirak etməyəcək.

Düzdür, bu dəfə Entoninin, həqiqətən də, qeyd-şərtsiz bir bəhanəsi var: o ölüb.

Culiya təsadüfən baş verən hadisənin tragikomik cəhətini müşahidə edir: atası onun həyatına soxularaq, planlarını alt-üst etmək kimi xüsusi bir istedada malik idi.

Gözlənilən ziyafət bir göz qırpımında dəfn mərasiminə çevrilir.

Lakin bu, sən demə, atasının Culiyaya hazırladığı son sürprizi deyilmiş…

Tərcümə Ruhiyyə Məmmədovanındır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG