Keçid linkləri

Təcili xəbərlər

Kitab tonqalları zülməti dağıtmır


Arxiv foto: Bakıda kitab flaşmobu
Arxiv foto: Bakıda kitab flaşmobu
-

Kitablar haqda yazmaq qərarına gələndə özüm də bir qədər duruxdum və fikirləşdim ki, bunun siyasi və ictimai proseslərə bir dəxli varmı?

Amma dərhal da ağlıma gəldi ki, tarixin bir çox dönəmləri kitaba münasibətdən başlayıb və təbii ki, gözüm önünə 30-cu illərdə Almaniyada kitablardan qalanan tonqallar gəldi.

Lakin mənim kitabın bu vaxta qədər bəşəriyyətin həyatında oynadığı rol haqda uzun-uzadı mühakimələr aparmaq fikrim yoxdur.

Sadəcə, son bir neçə ildə onların Azərbaycanın həyatında tutduğu rol haqda bir neçə kəlmə yazmaq istəyirəm. Əvvəlcə onu deyim ki, bu rol çox məşəqqətli və ziddiyyətli oldu.

Hamı güman edirdi ki, sovetlərin dağılması həm də kitab bumuna səbəb olacaq, çünki bir çox əsərlər geniş kütlənin üzünə bağlı idi, elə kitablar vardı ki, onlardan yalnız xüsusi icazəsi olan adamlar istifadə edə bilirdi.

Təxminən elə belə də oldu, amma qadağaların götürülməsi milli poliqrafiyadan yan keçdi. Kitab bumu özünü daha çox Rusiya bazarında göstərdi. Milli kitabsevərlər, bibliofillər öz yanğılarını bir müddət məhz rus dilli kitablar vasitəsilə söndürə bildilər.

QƏZETLƏR KİTABLARIN YERİNİ NECƏ ZƏBT ETDİ?

Burada həm də qəzet bumunun təsirindən də danışmaq lazımdır. Bir vaxt qəzetlər heç nədən dönüb hər şey oldular – onlar nəinki ədəbiyyata, hətta siyasətə və iqtisadiyyata olan tələbatı ödəməyə başladılar. Hətta yadıma gəlir ki, ədəbiyyatçılar ədəbiyyatın son illərdə tənəzzülünün səbəblərini məhz qəzetlərdə görürdülər.

Onlar belə hesab edirdi ki, publisistika ədəbi sözü birdəfəlik sıxışdırıb çıxarıb və düşünürdülər ki, bundan sonra çətin ki, bir daha ədəbi sözün dirçəlişi ola. Amma yanılırdılar, çünki uzun illər ərzində publisistika ilə ədəbiyyatın çox normal münasibətləri olmuşdu və bir çox yazarlar hər iki janrda çox gözəl nümunələr yaratmışdı. İrəlicədən gözlənildiyi kimi bir müddətdən sonra qəzet bumu da çəkildi. İndi Azərbaycan təxminən bu dövrü yaşayır – qəzetlər kitabların pressinqini hiss etməyə başladılar. Bəli, tədricən kitablar «Günəş altında öz yerləri»ni axtarırlar. Axır vaxtlar hətta metroda əlində kitab olan adamlara daha tez-tez rast gəlmək mümkündür, nəinki qəzet tutanlara. Elə ictimai diskussiyaların da mövzusu dəyişir.

Bir neçə il bundan əvvəl dil haqqında söhbət gedəndə hamının diqqəti qəzetlərə və onların üslubuna yönəlirdi. Artıq belə deyil. Tədricən kitabların dili və üslubu müzakirə predmeti olmağa başlayır. Xüsusən də tərcümə kitabları daha çox diqqət çəkir. Beləliklə, kitab yenidən Azərbaycan mühitinə qayıdır, baxmayaraq ki, hətta sovetlər dönəmində bu ölkə özünün oxucu potensialı ilə bir o qədər də öyünə bilmirdi. İndiki dalğa da böyük və möhtəşəm deyil, oxucu cərgəsində indi də seyrəklik hiss olunur. Amma on il bundan əvvəlki dövrlərlə müqayisədə hər halda nəsə var. Tədricən terminologiya məsələləri və tərcümə prosesi işə düşür.

Çox maraqlıdır ki, bununla bağlı strukturlar hələ bir neçə il bundan əvvəl yaradılmışdı. Amma o vaxt onların fəaliyyəti hiss olunmurdu və təbii ki, bu, da daha çox maliyyə çətinlikləri ilə bağlı idi. İndi maliyyə baxımından yüksəliş dövrü yaşandığı üçün yaxın sahələrdə və istiqamətlərdə də bir tərpəniş hiss olunur.

KİTAB HƏM DƏ ƏMTƏƏDİR

Amma kitab həm də bir əmtəədir. Hələ ki, ölkənin kitab bazarı bum yaşamır, naşirlər kitab satışının çox aşağı səviyyədə olmasından, yazarlar isə qonorarların olmamasından gileylənirlər. Amma yəqin bu da tədricən yoluna qoyulacaq. Əvvəllər kitablar aylıq maaşın yüzdən bir və ya iki yüzdən bir hissəsini təşkil edirdi. İndi isə bu nisbət çox dəyişib, kitablar bahadır. Gərək naşirlər və yazarlar bunu da nəzərə alsınlar.

TƏRCÜMƏ PROSESİ HAQDA DAHA BİR NEÇƏ SÖZ…

Tərcümə sferasında da bir kasadlıq hiss olunur. Dünya dillərindən və orijinaldan tərcümələr çox azdır, daha çox rus dilindən tərcümələr edilir. Nəzərə alanda ki, indi tədris olunan dillərin coğrafiyası çox dəyişib, bu mənzərəni normal qəbul etmək çətindir.

Orijinaldan tərcümə olmayanda bunu bir qədər süni qəbul etmək lazım gəlir. Xüsusən də nəzərə almaq lazımdır ki, hələ ki rus dilini çox adam bilir və həm də bu dildən edilən tərcümələrdə həmin dilin, necə deyərlər, möhürü yaşayır, çünki tərcümədə əsərin ruhu qorunsa da, tərcümə dilinin özünün spesifikası da prosesə sirayət edir. Əgər kimsə rus mənbələrini tərcümə edirsə bunu normal qəbul etmək olar. Amma əksər hallarda dünya ədəbiyyatı nümunələri rus dilindən tərcümə olunur.

Təbii ki, belə tərcümələri professional iş kimi qəbul etmək qeyri-mümkündür. Bir detalı da qeyd edək ki, hətta sovetlərin vaxtında tərcümə professional bir iş hesab edilirdi. İndi Azərbaycanda tərcüməyə əlavə gəlir mənbəyi, necə deyər, «çay pulu» qazanmaq vasitəsi kimi baxırlar. Təbii ki, bu da özünü tərcümələrin keyfiyyətində göstərir…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG