Keçid linkləri

-

Türkiyədə vəfat etmiş Sevinc Babayeva Azərbaycanı sabiq deputat Gülər Əhmədovanın təklifi ilə tərk edib.

Respublika Prokurorluğu mətbuat xidmətinin yaydığı məlumatda belə deyilir.

Açıqlamaya görə, Sevinc Babayevanın ölkədən çıxmasında Gülər Əhmədova və onun ailə üzvlərinin iştirakı və başqa xüsusatlar araşdırılır.

Məlumatda deyilir ki, Sevinc Babayeva ölkədən sentyabrın 26-da (sabiq rektor Elşad Abdullayev videogörüntüləri yaydıqdan bir gün sonra) Beynəlxalq Hava Limanından Bakı-İstanbul reysi ilə öz ümumvətəndaş pasportu ilə çıxıb.

Respublika Prokurorluğu bildirir ki, Sevinc Babayevanı İstanbulda Gülər Əhmədovanın tanışı, Türkiyə vətəndaşı Selçuk Ağlayan qarşılayıb. O, «Beynova» otelində öz adına nömrə götürüb, oktyabrın 10-dək Sevinc Babayeva orda tək qalıb.

XƏSTƏXANAYA «MERYEM SOLMAZ» KİMİ GƏTİRİLİB

Daha sonra Babayevanın İstanbulun Esenyurt Atatürk məhəlləsindəki «Ay işığı» yaşayış kompleksində Selçuk Ağlayanın adına kirayələdiyi mənzildə yaşadığı deyilir:

«Orada yaşadığı müddətdə Sevinc Babayeva özünü «Meryem Solmaz» adı ilə təqdim edib. Selçuk Ağlayana məxsus mobil telefonla ailə üzvləri və Gülər Əhmədova ilə əlaqə saxlayıb, «Skype» vasitəsilə danışıb. Həmin vaxt o, ürək ağrılarından şikayətlənərək müxtəlif dərman preparatları qəbul edib. Noyabrın 16-da «Meryem Solmaz Muhammed» adı ilə «Cerrahpaşa Tıp Fakültesi» xəstəxanasına müraciət edərək müayinə olunub. Ancaq burda səhiyyə xidməti baha olduğundan müayinə və müalicəsini davam etdirə bilməyib».

Məlumatda daha sonra deyilir ki, dekabrın 26-da Sevinc Babayevanın səhhəti pisləşib və o, təcili tibbi yardımla Esenyurt dövlət xəstəxanasına aparılıb:

«Sevinc Babayeva huşsuz vəziyyətdə xəstəxanaya qəbul olunub. Selçuk Ağlayan xəstəxanada onu «Meryem Solmaz» adı ilə təqdim etdiyindən, tibbi sənədlər həmin ad və soyadla rəsmiləşdirilib. Xəstəxananın təqdim etdiyi sənədlərdə Sevinc Babayevaya saat 09:32-dən saat 16:13-dək ilkin tibbi yardım göstərilməsi və xəstəyə «ürək çatışmazlığı» diaqnozunun qoyulması göstərilib. Həkimlər daha keyfiyyətli kardioloji müalicə üçün xəstənin ixtisaslaşdırılmış tibb müəssisəsinə köçürülməsini məsləhət veriblər. Bundan sonra o, «Medicana International İstanbul Hospital» xəstəxanasına aparılıb».

MƏNZİLİNDƏN 10 ADDA DƏRMAN PREPARATI TAPILIB

Respublika Prokurorluğu bildirir ki, burda intensiv müalicəyə baxmayaraq, Sevinc Babayeva saat 19:15-də vəfat edib.

Onun mənzilindən 10 adda müxtəlif dərman preparatları və ekspertiza tədqiqatları üçün zəruri nümunələr götürüldüyü bildirilir.

Məlumatda deyilir ki, ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycanda da təkrar məhkəmə-tibbi ekspertiza təyin edilib.

Açıqlamada araşdırmaların nəticələri haqda ictimaiyyətə əlavə məlumat veriləcəyi də qeyd olunur.

Ötən ildən etibarən ABU-nun sabiq rektoru Elşad Abdullayev videogörüntülər yayır. Həmin videolara görə, deputat seçilmək istəyən Elşad Abdullayev Gülər Əhmədova və kitabxana müdiri Sevinc Babayevaya bir milyon dollar verib. Videogörüntülərdə bu pulun Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevə çatdırıldığı iddia olunur.

Bakı şəhər Prokurorluğunda məsələyə ilə bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə iş açılıb.

Bundan sonra deputat mandatından imtina edən YAP-çı Gülər Əhmədova hazırda polis nəzarətindədir.

Şərhləri göstər

XS
SM
MD
LG