Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:50
-

İmişli rayonunun Ağcüyür kəndinin sakinləri etiraz aksiyası keçirdiklərini deyirlər. Onlardan biri Arif Şıxəliyevin AzadlıqRadiosuna verdiyi məlumata görə, 100-ə yaxın sakin dəmiryol xətti üzərində avtomobil keçidinin sökülməsinə etiraz edirlər. Dediyinə görə, keçid 1918-ci ildə tikilib.

Etirazçıların iddiasına görə, keçid rüşvət əsasında sökülür, əvəzində bir qədər uzaqda yenisi tikilməlidir. Onların dediklərinə görə, yeni keçid Ağcüyür camaatının yolunu uzadacaq.

Aksiyaçılar söküntüyə imkan verməyəcəklərini deyirlər.

Aksiya iştirakçılarının göndərdiyi foto

Aksiya iştirakçılarının göndərdiyi foto

İmişli rayon İcra Hakimiyyətinin informasiya təminatı və təhlili sektorunun müdiri Elnur Tağıyevsə AzadlıqRadiosuna bildirir ki, Ağcüyürdə aksiya keçirilməsi haqda deyilənlər doğru deyil. «Bələdiyyə sədri də, icra nümayəndəsi də ordadır. Onların verdiyi məlumata görə, keçiddə heç kim yoxdur. Onu da deyim ki, Ağcüyürdə söküntü aparılmır və aparılması da nəzərdə tutulmur».

Ağcüyür sakini Əlikram Həsənov isə köməkçinin dediklərini təkzib edir. O deyir ki, keçidi sökmək üçün gələn dəmiryolçular aksiyaçılardan bir qədər aralıda gözləyirlər.

«Təqribən 15 dəmiryolçu motovozla gəlib, buranı sökmək istəyirdilər. Camaat da qoymadı, onlar gözləyir ki, biz nə vaxt dağılışacağıq, bunlar da külüngü vurub keçidi dağıdacaqlar. Biz dağılmayacağıq. Kimlərsə rüşvət məbləğində Ağcüyür və Qaravəlli camaatının yolunu uzatmaq istəyirlər. Bu qanunsuzluqdur. Bu keçidi sovet hökuməti də dəyişməyib».

Günün bütün mövzuları

XS
SM
MD
LG