Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:43
-
Nuranə Əliyeva evinin yaxınlığında mağaza olduğu halda çörək almağa bir qədər uzağa gedir. Daha keyfiyyətlisini ala bilsin deyə:

«Yox, yox... keyfiyyətli nəsə tapmaq müşküldür. Duru yağın litri 3 manatdır. Adicə dərman alırıq, tərkibinin yarıdan çoxu sudur. Hansı yağı, hansı əti alaq, bilmirik. Ərzaq baha, özü də keyfiyyəti pis. Adicə çörəyi götürək. Mən özüm «Nizami» metrosunun yanında oluram. Evimin yaxınlığında mağaza olduğu halda çörəyi gedib uzaqdan alıram. Nədir-nədir ki, keyfiyyətlisini ala bilim. Vallah, adam başını götürüb getmək istəyir».

İSTEHLAKÇILARA ŞAD XƏBƏR: MƏHSULUN KEYFİYYƏTİNİ YOXLAMAQ İMKANI

Mağazadan kərə adı ilə aldığınız yağın təbii və tərkibində əlavə qatqıların olub-olmadığını necə müəyyənləşdirirsiniz?

İstehlakçılara şad xəbər... Aldığınız hər hansı məhsulun keyfiyyətini müəyyənləşdirmək istəyirsinizsə, məhsulu, necə deyərlər, vurursunuz qoltuğunuza və aparırsınız laboratoriyaya. Hər halda, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı belə deyir:

«İstənilən vaxt, istənilən şəxs şübhələndiyi məhsulla bağlı komitəyə müraciət edə bilər. Bütün istehlakçıları komitənin yaratdığı sınaq laboratoriyasına dəvət edirik. «AzTest» Təcrübə-Sınaq Mərkəzində qurulmuş sınaq laboratoriyalarında qida məhsulları üzrə hər növ sınaqlar həyata keçirilir. Yalnız istehlakçılarla birgə müsbət nəticə əldə etmək olar. Məsələn, keçən ay bir istehsalçı kolbasanın keyfiyyətini yoxlamağa gəldi. Məhsul yoxlandı və nəticə barədə məlumat verildi».

Foto: Arxiv

Foto: Arxiv

«YOXLANILAN MÜƏSSİSƏLƏRİN 73 FAİZİ STANDARTLARIN TƏLƏBLƏRİNİ ÖDƏMİR»

Fariz Talıblı keyfiyyətsiz məhsul istehsalının qarşısına almaq üçün daimi yoxlamalar keçirildiyini də söyləyir. Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti apreldən bəri - 8 ayda 1138 müəssisədə yoxlama aparıb. 517 yoxlamada ərzağın keyfiyyət və təhlükəsizliyi araşdırılıb. 833 müəssisədə istehsalın norma və tələblərinin pozulduğu üzə çıxarılıb. 261 müəssisədə istehsal qadağan edilib.

Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti ötən ilin aprelində yaradılıb.

Fariz Talıblı bildirir ki, dövlətin bu sahədə apardığı təbdirlər nəticəsində Azərbaycanda son illər Avropa standartlarına uyğun, yüksəkkeyfiyyətli məhsullar hazırlanır.

«KEYFİYYƏTİ NECƏ MÜƏYYƏNLƏŞDİRDİKLƏRİNİ SORUŞURUQ, ÜZÜMÜZƏ BAXIRLAR»

Azərbaycanda daha bir qurum – İngiltərənin «Global Group» şirkəti istehsal olunan məhsulların beynəlxalq standartlara uyğunluğunu yoxlayır. «Global Group»un Azərbaycan təmsilçiliyinin rəhbəri Canan Ülkü bildirir ki, Azərbaycanda hazırlanan məhsulların yalnız 10-15 faizi keyfiyyət standartlarını ödəyir. Qalanlarında vəziyyət elə də ürəkaçan Foto: Arxiv

Foto: Arxiv

deyil:

«Azərbaycanda istehsalçıların ancaq 10-15 faizi standartlara əməl etməyə can atır – sərmayə yatırır, kadr yetişdirir. Qalan 85-80 faiz, təəssüflər ki, orta durumda da deyillər. Müəssisələrin çoxu hazırladıqları məhsulun standart göstəricilərindən xəbərsizdir. Məsələn, pendir və ya şirə istehsalçısından məhsulu nəyə əsasən istehsal etdiklərini, keyfiyyəti necə müəyyənləşdirdiklərini, keyfiyyət göstəricilərini soruşanda, üzümüzə baxırlar. Son 5 ildə uğurlar var, amma Azərbaycanda texniki mütəxəssislər, bilicilər tapmaq çətindir. Laboratoriya mütəxəssisləri və uyğun kadrlar yoxdur. Bir çox firma bu kadrları Rusiya və ya Ukraynadan dəvət edir».

KEYFİYYƏTDƏ ƏSAS PROBLEM

9 ildir Azərbaycanda çalışan qida eksperti Canan Ülkünün özü də alış-veriş edir. Deyir ki, test olunmadan mağazalarda satılan ərzağın keyfiyyəti elə görünüşündən bilinir. Onun fikrincə, Azərbaycanda bu problemi həll etmək üçün ilk öncə istehlakçıların özü daha tələbkar olmalıdır.

Beləliklə, daha bir mütəxəssis istehlakçılarla birgə fəaliyyətin qaçılmazlığını xatırladır. Demək, aldığınız məhsulun keyfiyyətinə şübhəniz varsa, 963 saylı «qaynar xətt»ə zəng edib mütəxəssis çağıra və ya məhsulu birbaşa laboratoriyada yoxlada bilərsiniz.

Şərhləri göstər

XS
SM
MD
LG