Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:16

Bir qazıntının iki cavabsız sualı


Tikintini hansı şirkətin aparması bəlli deyil.
Tikintini hansı şirkətin aparması bəlli deyil.
-
Xətai Rayonu Neapol prospekti 7 ünvanının sakinləri evlərinin yaxınlığında aparılan qazıntının binalarını çökdürəcəyindən qorxurlar.

Binanın zirzəmisinin su ilə dolu olduğunu deyən Mahmud Fətiyev evinin yanında bu cür mənzərə istəmir:

«Zirzəmi suyla doludur. Axır, torpağı sürüşdürür. Dünən bura göl idi. Bildilər çəkiliş gəlir, tez üstünü torpaqladılar. Tikinti ilə binamızın arasında cəmi 12 metr məsafə var. Bina çökə bilər. Çox təhlükəli vəziyyətdədir».

FƏHLƏLƏR KİMİN ÜÇÜN İŞLƏDİKLƏRİNİ BİLMİR

Tikintini hansı şirkətin aparması bəlli deyil. Heç fəhlələr də kimin üçün nə tikdiklərini bilmirlər. Sakinlər dəfələrlə onlara etirazlarını bildirib, ancaq heç bir xeyri olmadığını deyirlər. Tikinti davam edir.

«Tikinti aparanlar gəlirlər. Deyirik ki, bəs, a balam, bu nə tikintidir? Başqa yer yox idi? Binanın düz dibidir, belə olmaz axı. Deyirlər «biz köməkçiyik». Tikintini kimin apardığını bilmirlər. Heç kim, heç nə demir» - yerli sakin Əvəz Həsənovun sözləridir.

Səxavət Məmmədova evdə hər hansı bir təmir işi aparan kimi MİS-dən gəlib maraqlandıqlarını, ancaq bu boyda tikintidən xəbərsiz olmalarını anlaya bilmir:

«Təmir etdirmək istəyəndə tez tökülüb gəlirlər. Necə yəni xəbərsizdirlər? Baxın, görürsüz vəziyyət necədir, uçurum yaranıb. Parçalana-parçalana gedir. Onsuz da bircə otağım var. Qızım və oğlumla güclə sığışırıq. İndi bunlar vurub o bircə otağımı da uçurmaq istəyirlər».

İCRA HAKİMİYYƏTİ DƏ ƏRAZİDƏ NƏ TİKİLDİYİNDƏN XƏBƏRSİZDİR

Şəhər planlaşdırılması üzrə mütəxəssis Fuad Cəfərli binanın alıcılara cəlbedici olması üçün bu cür yerlərin seçildiyini deyir:

«Sürüşmə bölgəsidirsə, bir müddət gözləmək lazımdır. Kənarda tikilən yaşayış binalarının kommunal xidmətlərlə təminatı gecikdiyindən, təəssüf ki, bizdə tikinti aparmağa yaşayış binalarının ortasındakı boşluqlar seçilir. Belə yerlərdə, bir növ, hər şey hazır olur».

Xətai rayon İcra Hakimiyyəti sakinlərin şəhər Mənzil Kommunal Birliyinə müraciət etmələrini məsləhət gördü. Quruma müraciət etməklə onlar evlərinin qarşısında nə tikildiyini öyrənə bilərlər. Ancaq bu qurum da ərazidə nə tikildiyindən xəbərsizdir.

Belə olan halda, sakinləri iki sual maraqlandırır. Həm ərazidə nə tikildiyi, həm də bu tikintinin onların taleyinə necə təsir edəcəyi. Hələ ki, suallar var, cavab yoxdur.
XS
SM
MD
LG