Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:44
-

ƏSGƏR ÖLÜMÜ ÖLKƏNİ QARIŞDIRDI

«Azadlıq» qəzeti yazır ki, 3 aylıq əsgər oğlunu yanvarın 8-də torpağa tapşıran Samirə Qubadova bütün azərbaycanlı analara haray çəkib deyib ki, «bu sizin də başınıza gələ bilər».

Hərbi hissədən ölüm barədə anaya göndərilən aktda yazılır ki, oğlu ürək çatışmazlığından ölüb. Ana isə deyir ki, bu uydurma və böhtandır.

Ceyhun Qubadovun anası oğlunu qətlinin araşdırılması üçün sona qədər çalışacağını, bütün analardan kömək umduğunu deyib.

Əsgərin ölüm faktı üzrə cinayət işi açılıb.

TAĞI ƏHMƏDOV «KÖÇKÜN ÜSYANI» HAZIRLAYIR

«Bizim yol» qəzeti yazır ki, motodrom ərazisindəki evlər uçurulacaq. «2013-cü il Binəqədi rayonu, Motodrom ərazisində məskunlaşan məcburi köçkünlər üçün bəd xəbərlə başlayıb. Metro tikintisinə görə burada məskunlaşmış onlarla köçkün ailəsi köçürüləcək».

«Bakı Metropoliteninin əməkdaşları evlərini boşaltmaları üçün köçkünləri xəbərdar edib. Sakinlər bildirib ki, sökülmə ehtimalı olan 60-a yaxın ev var. Onlar öz pulları ilə inşa etdikləri evlərini «Qaçqınkom»un balansında olan evlə dəyişmək niyyətində deyillər».

SEVİNC BABAYEVANIN QONŞULARI NƏ DEYİR?

«Yeni Müsavat» qəzetinin əməkdaşı adı məlum rüşvət qalmaqalında hallanan və dekabrın 26-da vəfat edən Sevin Babayevanın uzun illər yaşadığı binada olub.

Qonşularından biri deyib ki, «o, ən bahalı maşınları sürürdü. Soruşanlara da deyirdi ki, Prezident Aparatında işləyirəm. Evində xüsusi qulluqçusu da vardı».

Başqa bir qonşu isə deyib ki, «Onun evinə elə adamlar gəlirdi ki, desəm, papağınız başınızdan düşər».

İSA QƏMBƏR SEÇKİYƏ ÇIRTIQ ÇALA-ÇALA GEDİR

«Azərbaycan» qəzeti yazır ki, «2012-ci ili Şaxta baba sərgüzəştləri ilə başa vuran İsa Qəmbər 2013-cü ilə meyxana ilə start verdi. Namizəd olacağını açıqladıqdan sonra haqqında yayılan meyxanaya isə Müsavat başqanı 30 il əvvəl sevdiyi qıza rus dilində yazdığı şer ilə reaksiya verib. Bu, bir daha onu deməyə əsas verir ki, dağıdıcı müxalifət yenə də seçkiyə nagüman gedir. İsa Qəmbər isə prezident seçkilərinə zurna-balabanla, meyxana deyə-deyə, çırtıq çala-çala gedir».

«HEYDƏR ƏLİYEV MÜSTƏQİLLİYİMİZ ƏBƏDİDİR» ÇOXCİLDLİYİNİN 41-Cİ CİLDİ ÇAPDAN ÇIXIB

Nəşrin buraxılışına məsul Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevdir. «Yeni Azərbaycan» qəzeti yazır ki, «xalqımızın ümummilli lideri Heydər Əliyevin çoxcildlik əsərlərinin oxuculara təqdim olunan bu növbəti cildində ulu öndərin ölkəmizin sürətli iqtisadi yüksəlişinə, xalqımızın rifahı və tərəqqisi, eləcə də ictimai-siyasi həyatın mühüm məsələlərinə aid çıxışları, nitqləri, fikir və tövsiyələri öz əksini tapmışdır. Kitabda Azərbaycan, Gürcüstan, Türkiyə dövlət başçılarının Bakıda keçirilən görüşləri, ümummilli liderin Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlqoyma mərasimindəki nitqi dərc olunmuşdur».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG