Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:05
-

Elmar Şahmar


YENİ ŞEİRLƏR


Həyat

Həyat – on üçcə bəndlik
nəhs, rənbərəng şeirdir.


Nə olsun ki ciblərim boş,
əlim öz cibimdədir,
Həyat da boş cib kimidir,
xoşbəxtlik dibindədir…

Həyat – ayaqsız insanın
gələcəyə qaçması…
Həyat – yetim uşaqların
gecələr ağlaşması…

Həyat – gözü görməyənin
qaranlığı görməsi;
Ac itlərin acı-acı
sahibinə hürməsi…

Həyat – bir verib beş alan
qəddar, zalım sələmçi;
Elə ömür-gün dilənən
gözü doymaz dilənçi…

Həyat – tozlu küçələrdə
küləyə bürünənlər;
Ruhuna kimi islanıb
yağışda sürünənlər;

Döşəyi yer, yastığı daş,
səkilərdə yatanlar;
Yuxusunda gül əvəzi
tikanlara batanlar…

Həyat – barsız və üstünə
ad yazılan ağaclar;
İnsanı insan etməyən
kədərli ehtiyaclar…

Həyat – ətirsiz çiçəklər:
(beli əyri qarılar)
Ayaqlar altda qırmızı,
ağ əllərdə sarılar…

Həyat – sevib aldadılan
mavi gözlü gözəl qız;
Neçə gözyaşına şahid
o qıza bənzər dəniz;

Həyat – müjdə gətirməyən
qoca, yorğun qaranquş;
Boz səmalarda hərlənən,
zəhərlənən qara quş…

Bütün bunlardan savayı
daha nələr və nələr…
Həyat – hər an xatırlanan
əzablı xatirələr…

“Gecə keçir, ömür qalır,
necə şirin yalandı”,
Həyat – bizi aldadaraq
özünə aldanandı…

Həyat – səndən utanıram,
səbəb sənin özünsən.
Ölümə də çatmır əlim,
sən ölümdən uzunsan.


Oyuncaq

Nə yaxşı ki, qolum bağlı
sənin boyunbağınla,
Yoxsa necə bacarardım
sənsiz darıxmağımla?!

Ətrin ruhuma çökübdü,
nəfəsim sən, səsim sən,
Mən səndə bir mən tapmışam,
hər şeyinlə mənimsən.

Ay mənim şirin meymunum,
mənim üçün darıxma,
Get oyna sənə aldığım
meymun oyuncağınla.

Elə bil ki, o lap mənəm,
qucaqla yat, darıxma,
O sənsiz yatsa, zəng elə,
məni oyat, darıxma.

Yağış, külək yaddı bizə,
günəşli bir yoldayıq,
Bizim yolun sonunda qəm-
kədər yox, ayrılıq yox...

Çünki bağlamayıb təkcə
məni sənə... və bizi,
O bağ həm də düyünləyib
bizim taleyimizi...

***

Sənə hədiyyə etdim
geri döndü oyuncaq,
Unut, hər şeyi unut,
məni unutma ancaq.

Daha sənə yaraşmaz
keçmişi soraqlamaq,
İşıqlı sabahların
yollarını bağlamaq.

İndi mənim tək yolum
meymunu qucaqlamaq,
Və tək səni düşünmək,
səhərədək ağlamaq.


Kopoyoğlu

...haçandı ömrümə qənim kəsilib,
elə ürəyimi didib-gəmirir...
…əlləşib-vuruşub tapdım düşməni –
Həsrətli Ayrılıq Dərd kopoyoğlu...

…nə fikir əlindən şişən başı var,
canı yox... nə ruhu, nə gözyaşı var...
...içində iki zər, otuz daşı var –
bəxtəvər başına, Nərd kopoyoğlu...

...palaza bürünüb el ilən gedir,
körpüdən atılıb sel ilən gedir...
...qarnına qoyduğu dil ilən gedir –
namərdin yanından Mərd kopoyoğlu...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG