Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:51

Yarımçıqlıq, yersiz təkrarlar, qarışıqlıq... (Cəlil Cavanşirin romanı haqda)


Elnarə Akimova
Elnarə Akimova

Elnarə Akimova "İtirilmiş əlyazma" romanını tənqid edir.

-

Tarixi roman yazmağın öz prinsipləri, öz öhdəlikləri var.

Bu mövzuya girişirsənsə, ilk növbədə həmin təsvir predmetinə çevirdiyin dövrü dərin araşdırmalısan...


“İtirilmiş əlyazma” romanı yalnız tarixdən təsirlənən nəsr effekti doğurur, tapılan tarix parçası, yaddaş yazısı kimi bədii narahatlığın predmetinə çevrilə bilmir.


Tənqidçi Elnarə Akimova gənc yazar Cəlil Cavanşirin "Qanun" nəşriyyatında "Ən yeni ədəbiyyat seriyasında çap edilmiş "İtirilmiş əlyazma" romanının "Oxu zalı"nda başlanan müzakirəsinə qoşulur.


Elnarə Akimova

İTMİŞ ƏLYAZMALARIN SORAĞINDA

Son illərdə tarixə, o cümlədən mifoloji düşüncəyə qayıdan bədii mətnlərdə hansısa bir sirri-sehri özündə gizləyən detaldan istifadə halları çoxalır.

Əslində, dünyanın bir çox sirlərini özündə daşıyan və gizləyən kitabların mövcudluğunu heç kim inkar etmir, eləcə də bilirik ki, keçmiş o qədər də sözəbaxan, bir həmlə ilə özünü bəyan edən sadəlövh deyil.

Bəlkə buna görə milli nəsr keçmişlə onun öz dilində danışmağı tərcih eləyir? Sirrə qarşı sirr qoymaqla bir növ oyun içində oyun aparır. Yazıçılarımızın bu müəmmalıqdan faydalanaraq sirr pərdəsini dağıtmaq çabası hər dəfə də eyni sonucla - fiaskoya uğramaqla nəticələnir.

Yəni, həqiqətin bir addımlığında onu tapa bilmir, simvolik olaraq büründükləri əbədi sirr örtüyünü yırtmağa müvəffəq olmurlar.

Məsələn, K.Abdullanın “Unutmağa kimsə yox” romanında Çiçəkli yazının hansı sirri qoruması sonadək müəmma olaraq qalır. Sabir Rüstəmxanlının “Göy Tanrı” romanında türklərin tarixi və gələcəyi ilə bağlı məlumatı özündə daşıyan sirli kitabdan danışılır. İ.Fəhminin “Qarğa yuvası”nda da sehr və cadu sirlərini qorumağa yönəlik olan bir kitabın varlığından bəhs edilir.

Cəlil Cavanşirin “İtirilmiş əlyazma” romanında da Dərbəndilər sülaləsinin tarixi keçmişini özündə gizləyən əlyazmadan - qalın, dəri üzlü dəftərdən söhbət gedir.

Məlum olur ki, bu əlyazısı Şirvanşahlar dövlətinin, ona uzun müddət hökmdarlıq edən Dərbəndilər sülaləsinin şanlı keşmişini özündə daşıyır və İbrahimin gizli varisi Ərənin zamanından XX əsrin sonlarına - müstəqilliyi qazandığımız illərə qədər nəsildən-nəslə ötürülərək qorunub saxlanır.

"İtirilmiş əlyazma"
"İtirilmiş əlyazma"
Lakin bu qədim əlyazmanın harda olması məlum deyil. Əsərin kompozisiyası bu əlyazmanın yenidən bərpası üzərində qurulub. “Dayısının məsləhəti ilə ulu babalarının şəcərəsini yazmağa başlayan müəllif, əsərin sonuna qədər yalnız babasının danışdığı əhvalatları yazır. Ancaq müəllifin axtardığı, babasından qalma bir dəftər də var...”

Müəllif hadisələrin axarını elə yönəldir ki, oxucunu əsl əlyazmanın tapılacağına ümidli edərək maraqda saxlayır. Sonda isə həmin əlyazma tapılmır və ən son varis tərəfindən oxucuya danışılan bu hekayətlər həmin tarixin, sülalənin keçmişini özündə ehtiva edən yeni əlyazmaya çevrilir.

“İtirilmiş əlyazma” tarixi janrda yazılmış romandır. Tarixi roman yazmağın öz prinsipləri, öz öhdəlikləri var. Bunun izahı əlbəttə ki, uzun- uzadı şərh, nəzəri çözüm tələb edir.

Təfərrüatlara varmadan yalnız onu demək vacibdir ki, bu mövzuya girişirsənsə, ilk növbədə həmin təsvir predmetinə çevirdiyin dövrü dərin araşdırmalısan. Əgər bu dərinlik varsa, təsvir elədiyin hər tarixi lövhə canlı olaraq sənin müasirinə çevriləcək, ya da səni öz dünyasına çəkib aparacaq.

Bir haşiyə çıxım. Sufi mətnlərinin özəlliyi elə bunda deyilmi? Bu mövzuya girişən heç bir müəllif fikrin sıxılmış enerjisini dibinə, dərinliyinə qədər paylaşa bilmir, çünki bu bir az da yaşam, ruh hadisəsidir. Amma toxunduğu ən xırda mətləbdə belə dərin bilik, idrakı hüdudsuzluq özünü büruzə verir.

Tarixi mətnin də yükü çox ağırdı, hamının çəkə bilməyəcəyi qədər ağır, hamının vara bilməyəcəyi qədər dərin. Milli ədəbiyyatımızda bu yükü çəkənlər də heç o qədər çox olmamış: İ.Hüseynovun “Məhşər”, Ç.Hüseynovun “Fətəli fəthi”, Elçinin “Mahmud və Məryəm”, M.Süleymanlının “Köç”, Ə.Məmmədxanlının “Babək”, F. Kərimzadə və Ə.Cəfərzadənin romanları. Bu əsərlərdə tarixi bütövlüyümüz və ona aid nə varsa- dilmiz, təbiətimiz, etnoqrafik zənginliyimiz, bir sözlə maddi və mənəvi keçmişimiz əlvan çalarları ilə sərgilənə bilib.

Uzun zaman bu mövzuda susqunluq vardı. Zamanmı dəyişdi, dövrmü dolandı- bütün keçmiş sanki uçulub dağılmış sistemin xərabələri altda qaldı. İndi-indi o qalıqları qaldırır, bir-bir üzünə çevirərək keçmişimizin izini, səsini, sorağını axtarırıq. Əcəba, daşlardan səs çıxırmı?!

Cəlil Cavanşirin “İtirilmiş əlyazma” romanı da həmin məramın nəticəsi olaraq meydana gəlmiş. Bəs bəlli, bu, bütöv bir nəslin tarixini soraqlayan, yazan bir dastan olmaqla bahəm həm də neçə onillik boyu susmuş, silinmiş, itirilmiş əlyazmaların, tarix mətnlərinin izini soraqlayan, axtaran bir hekayətdir.

Gənclərin romanlarında sanki bir missiya var, bu həm də uzaq keçmişi diriltmək, onu bu günün müstəvisinə gətirməklə bağlıdır. “İtirilmiş əlyazma”da bu missiya babasının söylədiyi hekayəti yazmaq, onu gələcək nəslə ötürmək amalından qidalanır: “Danışdığımız kimi, bütün bunları sənə ona görə danışıram ki, böyüyəndə hamıya çatdıra biləsən. Tariximizi unudulmağa, nəslimizi yaddan çıxmağa qoyma. Qoy bütüb nəvələrim bilsin ki, biz kimik. Bu da babanın sənə nəsihəti olsun.”

Əsərdə “biz kimik?” sualına aranan cavab və bu nədənlə tariximizin bir qatını dilləndirib onunla bağlı müasirlərimizdə dolğun təsəvvür yaratmaq istəyi hiss olunur. Əsərin adında ehtiva olunan itirilmiş əlyazma nə deməkdir? O hansı tarixi faktı özündə gizləyir? Bəs keçmiş hansı formada və missiyada bu günün müstəvisinə gətirilir, yaxud gətirilməlidir?

İlk növbədə, bəhs olunan dövrün ümumi mənzərəsini yaratmaq, onun dilini, insanını, məişətini, təbiət və etnoqrafiyasını canlandırmaq və bütün bunları çağdaş zamanın tələbləri səviyyəsindən göstərməyi bacarmaqla.

Romanda hər iki tələbin realizəsində yarımçıqlıq, natamamlıq hiss olunur.

“İtirilmiş əlyazma” romanının süjet xətti XIV əsrdə Azərbaycanda baş verən hadisələrdən qidalanaraq XVIII əsr Nadir şah zamanına və daha sonra XX əsrin çərəyinə doğru uzanır. Amma əsərdə əsas hərəkətverici qüvvə olan Şirvanşahların obrazı gərəyincə canlandırılmamış, bütöv bir mərhələ olan XIV əsr tariximizi təmsil edən Şirvanşahlar xanədanının gücü və əzəməti, dövrə məxsus olan situasiya və xarakterlər geniş təsvirini
Cəlil Cavanşir
Cəlil Cavanşir
tapmamışdır.

Roman daha çox Şirvanşah hakiminin saraylardan uzaq saxlamaq istədiyi gizli varis planı və onu reallaşdırması üçün Xaçmaz mahalında Qutluğun qızı Hüsnüayla sevdasından doğulan oğlu Ərənin taleyi üzərində qurulub. Şirvanşah İbrahimin hakimiyyətə gəlişi, onu gizli varis planına gətirən hadisələr axarı əsərdə əksini tapmadığından xarakter olaraq nə Şirvanşah hökmdarının obrazı, nə də həmin dövrün bütöv mənzərəsi görünə bilmir.

Təbii ki, əsərdə müasirlik duyğusu var və bu duyğu tarixi romanın əsas şərtlərindən biri olduğundan onu şərh etməyə bilmərik. Belə ki, mən romandakı müasirlik duyğusunu heç də əsərdə müəyyən ştrixlərlə səciyyələnən erməni xislətinin vurğulanmasında görmürəm, bu çalar onsuz da romanda xəsis boyalarla, mərkəzdənqaçma tendensiyasının əlaməti şəklindədir, periferiyanı təşkil edir. Yəni, əsərin bir neçə yerində Musanın dialoqu, mükaliməsi, daha sonra əlyazmasında xəbərdarlığı şəklində sərgilənir:

“Əziz dostum Pənahəli xan Cavanşir məni başa düşmək istəmir. Mən ona erməniləri Qarabağdan qovmağı məsləhət bilirəm, amma o inad eləyir. Ermənilərin gələcəkdə Şuşaya sahiblənmək, Qarabağı ələ keçirmək istəklərindən çox qorxuram. Erməni hiyləsi və erməni məkri çox təhlükəlidir”.

Bu məqam əsərdə illüstrasiya səciyyəsində olduğundan motivasiyasını tapmayıb da zəif işartı kimi alışıb sönür.

Əsərdəki müasirlik onda ifadə olunan mətləbin, mənanın özündədir, bədii ideyasındadır. Bu gün insana qarşı zorakılığın və təcavüzün, silah və gücün meydan suladığı bir vaxtda elmin, ağlın üstünlüyü sanki ikinci, üçüncü dərəcəli bir şey kimi önəmini itirməyə meyllənir.

Gənc yazar bu dilemmada ikincinin əhəmiyyətini önə çəkir, XIV əsr hakimiyyət rəhbərinin timsalında insana və elmə sevgi bəsləməyi aşılayır. Olsun ki, ədəbiyyat üçün bu da tanış məqamdır. Məgər Füzuli “Padişahi-mülk” qitəsində dərvişliyi tərənnüm etməklə şahlara eyni dərsi vermirdimi, yaxud M.S.Ordubadi qılınc və qələmin mübarizəsində birincinin üstünlüyünü göstərməkdə caiz deyildimi? Hələ H.Cavidimiz peyğəmbərimizin obrazı ilə bunu deməmişmiydi, yaxud mövzunun yaxın sələfi İ.Hüseynovun “Məhşər” romanı Nəsiminin humanist şeiri nümunəsində insana və ürfana marağını tarixi-fəlsəfi planda bədii nəsrə ötürmürdümü?

Şirvanşah I İbrahimin rəssam Nəcəfqulu İsmayılov tərəfindən çəkilmiş portreti
Şirvanşah I İbrahimin rəssam Nəcəfqulu İsmayılov tərəfindən çəkilmiş portreti
Bu elə bir mövzudur ki, ədəbiyyatın mayasında durur və Böyük insan ideyası şəklində daim bədii düşüncənin mərkəzinə çəkiləsidir. Cəlil Cavanşir də əsərində bu ideyadan yararlanmaqla sələflərindən qalma bir missiyanın davamçısına çevrilir. Bu dəfə artıq zaman “Ministir Musa” babanın timsalında tarixi əbədiləşdirməyi diktə eləyir: “Tariximizi unudulmağa, nəslimizi yaddan çıxmağa qoyma.”

İndi, XXI əsrin əvvəllərində yenidən bu düşüncənin aktuallıq qazanmasının özündə simvolik məna arasaq, motivasiyasını tapa da bilərik. Qoy qələm adamlarımıza, onların əqlü-kəmalına yönəlmiş diqqət hansısa güc strukturları üçün də əhəmiyyət kəsb etsin, yaxud həmin o gücün sahibi hakimi-mütləq olanın yalnız elm, ürfan olduğunu anlasın.

Amma kiçik bir əsərin daxilində bu fikri dəfələrlə təkrarlamaq nə demək?

Şirvanşah oğlu Ərənin ürfan və elm sahibi olması, onun kamil bir xəlvəti mürşidi kimi yetişməsi, yaxud atası Şirvanşah İbrahimin onu elmə vaqif biri kimi görmək istəməsi nədənindən saraydan uzaq saxlaması əsərdə yerli-yersiz təkrar olunur və bu təkrarlar əsərə bir ağırlıq, yoruculuq gətirir.

Xüsusilə də, sonluğa doğru təsvir edilən hadisələrin bir-birinə bənzərliyi, müəllifin eyni lad üzərinə köklənməsi əsərdə yeknəsəqlik yaratmaqla bahəm, onun mənasız yerə uzadıldığı təəssüratı doğurur, romandakı ölçü hissi itir.

Dərbəndilərin elmə, ürfana dəyər vermələri burada hər addımbaşı təkrar edildiyindən romanın konsepsiyası daha çox illüstrativ məqama çəkir. Belə ki, müəllifin bol-bol, təkrar boyalarla elmin, ürfanın fəzilətini vurğulaması məqamına ifrat həssaslığı digər nüansları kölgədə saxlayır, ona geniş işlənməsi gərəkən məqamları önə çəkməyə imkan vermir.

Məsələn, Şirvanşah İbrahimin xarakteri kifayət qədər açılmır, nədən Ərəni saraydan uzaq saxlayır? Yalnız onun üçünmü ki, oğlunun əhli-ürfan sahibi kimi yetişməsini istəyir. Nədən Dərbəndi hökmdarı belə bir istəyində inadcıldır? – romanda İbrahimin belə bir fikrə düşməsini təsvir edən, onun ruhsal-mənəvi təlatümlərini sərgiləyən lövhə yoxdur.

O zaman əqli-kamillikdə heç də ondan geri qalmayan Gövhərşah bu missiyanın təmsilçisi ola bilməzmiydi? Deyə bilərik ki, o, saray həyatı, döyüş meydanı üçün nəzərdə tutulmuşdu? Amma bunun üçün həm də Xəlilüllah vardı.

Eləcə də əsər boyu idrakına vəsf qılınan Ərənin kamili-mürşidliyi, əhli- ürfan sahibi kimi seçilmişliyi niyə obrazın fərdi mahiyyətində açılmır? Yalnız onunla məhdudlaşır ki, ürfana tapınması onu saray mühitindən, hər cür zövqdən, əyləncədən, dünya malına təşnəlikdən uzaq saxlayır.

Tarixdən məlum epizodlar, tanış hekayətlər- İbrahimin Teymurun yanına doqquzuncu qul qismində getməyi, Teymurun ölüm səhnəsi - əsər sanki tarixilik çalarını bunların sayəsində əldə etməyə çalışır. Üstəlik, hürufiliyin, Nəsimi ideyalarının, xəlvəti təriqətinin sehrinə dalıb da dünyəvi müstəvidən onlara varmaq o qədər də asan məsələ deyil. Belə məsələlər elmi dərinlik, bilik tələb edir, eləcə idrakın illüstrativ təbliğ-təsviri ilə bədii təcəssümə yetmək olmur.

Əsərdə ümumən bir-neçə addan istifadə olunmuşdur. İbrahim, Ərən, Musa, Hacı Həsən - Dərbəndilər sülaləsinin varisləri, nəsildaşıyıcıları kimi yalnız bu adlar təkrarlanır və yazıçı bu nəslin törəmələrini bir neçə zaman müstəvisində təsvir etsə də təkrarlanan adlar sırası oxucunu qəribə bir qarışıqlıq labirintinə salır.

Əlbəttə, əsərdə türkün minillik dəyərlərinə, mənəvi keyfiyyətlərinə sadiqliq var və müəllif yeri gəldikcə bu məqamları xüsusi olaraq qabardır. Türk qadınının sədaqəti, ailəyə, ərəninə bağlılığı - Hüsnüayın və onun qardaşları Alpay və Aydoğdunun arvadlarının simasında, türk kişisinin mərdliyi, ərənliyi – Qutluğun, Hacı Həsənin timsalında, mürşid-mürid münasibətlərinin ləyaqəti - Ərənin və Seyid Yəhyanın nümunəsində əyani təcəssümünü tapmışdır. Eləcə də əsərdə Nadir şah zamanına uzanan vaqeələr o qədər geniş təcəssümünü tapmasa da, həmin dövrə məxsus xarakterik keyfiyyətlər uğurla açılmış, Nadir şahın ölümündən sonra başlanan hərcmərclik, ölkənin xanlıqlara parçalanması ilə böyük ideya-idealların iflasa uğraması bədii boyalarla işlənmişdir.

Buna baxmayaraq, tarixi mətn milli tariximizə və taleyimizə dönüşdə onu həm də milli bədii yaddaşın bir parşasına çevirməklə önəm daşımalıdır. “İtirilmiş əlyazma” romanı isə yalnız tarixdən təsirlənən nəsr effekti doğurur, tapılan tarix parçası, yaddaş yazısı kimi bədii narahatlığın predmetinə çevrilə bilmir.
XS
SM
MD
LG