Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:58
-
«Eurovision» ərəfəsi Bakıda velosipedin piarı elə aparıldı ki, bacarmayanlar da velosiped sürməyi özünə borc bildi. Tələm-tələsik velosiped zolağı salındı. Biz də bundan ilhamlanıb istirahət günü, səhər saat 9-un yarısı Dənizkənarı Bulvara getdik – velosiped sürmək üçün. Ancaq bir müddət sonra fikrimizdən daşındıq. Səbəb – park mühafizəçilərinin velosipedçiləri kənarlaşdırması idi. Əraziyə göz gəzdirəndə, sürməyi qadağan edən heç bir işarə gözə dəymədi.

VELOSİPEDÇİLƏRDƏN NƏ İSTƏYİRLƏR?

Bu sualla gənclərə yaxınlaşdıq. Sən demə, burda sürmək olmazmış. Bəxtiyar Qasımov deyir ki, əvvəllər hər bazar saat 10-dək bulvarda velosiped sürürmüş. Ancaq indi:

«Deyirlər sürməyin, qadağandır. Biri deyir, saat 10-dan sonra olmaz, o birisi deyir, maşın yolu ilə gedin. Hara gedək, harada sürək, bilmirəm. Bircə istirahət günü gəlib sürürdük, onu da qadağan edirlər. «Olmaz!» desələr də, buna keçərli səbəb gətirən yoxdur. Nə bir işarə, nə də bir sənəd var».

Cəlalə Osmanlı «Yeni Bulvar»dakı velosiped zolağı salınandan sonra burda sürməyə imkan verilmədiyindən şikayətlənir:

«Velosiped yolu istifadəyə veriləndən sonra sürməyə imkan vermirlər. Təbii, ona velosiped yolu demək olarsa. İnsanlara mane olduğumuzu deyirlər. Biz onsuz da bütün günü sürmək fikrində deyilik. Əvvəlki kimi, səhər saat 10-a kimi icazə versinlər bəsimizdir».

Bulvarda velosipedlər

Bulvarda velosipedlər

VELOSİPED İŞARƏSİ OLMAYAN VELOSİPED ZOLAĞI

Velosipedçilərin dediyi «Yeni Bulvar»dakı velosiped zolağına da baxdıq. Ancaq onlar bu zolaqdan razı deyillər. Hüseyn Paşayev bu yolun digər ölkələrdəki velosiped yollarından fərqləndiyini deyir:

«Üzərində velosiped işarəsi yoxdur. Baxanda necə deyərsiniz ki, bura velosiped zolağıdır? Nə bir işarə, nə də bir şəkil var».

O, velosiped zolağının darlığından da gileylənir:

«2-3 velosiped yan-yana gələndə, təhlükə yaranır. Heç kim burdakı hərəkəti tənzimləmir. Qarşıdan 3-4 nəfər velosipedçi sürətlə gələndə, bilmirsən kənara çəkiləsən, yoxsa sürməyə davam edəsən. Məcbursan gözləyəsən ki, onlar keçsin, sonra sən. Belə olanda da sürməkdən zövq almırsan. Üstəlik, örtük sürüşkəndir. Yaş olan kimi velosipedin təkəri sürüşür. Ona görə də köhnə bulvara gedirik. Orda da «olmaz» deyirlər. Təbii söhbət gün ərzində sürməkdən getmir. Səhərlər idman üçün sürürük. Bulvar İdarəsi bizi köhnə bulvardan piyadalara mane olmamaq üçün uzaqlaşdırır, Nazim Məcidov

Nazim Məcidov

onda onları da velosiped zolağına buraxmasınlar».

SƏHƏR SAAT 8-DƏK, GECƏ 12-DƏN SONRA OLAN VELOSİPED İCAZƏSİ

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov «Yeni Bulvar»da velosiped xətti olduğu üçün velosipedçiləri ora yönləndirdiklərini deyir:

«Köhnə bulvarda əhali sıx olduğu üçün sürənləri ora göndəririk. Velosiped sürməyə məhdudiyyət qoymuşuq. Səhər saat 8-dək, gecə 12-dən sonra sürsünlər. Qalan vaxtlar mütləq təzə bulvara getsinlər. Biz demirik ki, bulvar ərazisinə qətiyyən girmək olmaz. Sadəcə, orda o baş-bu başa sürmək olmaz. Biz insanları da maarifləndiririk ki, velosiped zolağına girməsinlər. Kimsə bu xəbərdarlığa qarşı gedib velosiped zolağına girirsə, bu, bizim günahımız deyil».

Bəxtiyar Qasımov Bakı yollarının velosiped sürməyə yararsız, bulvar ərazisindən də qovulduğu üçün velosipedini xarici ölkə vətəndaşına satmaq qərarına gəlib:

«Onun ölkəsində velosiped qadağası yoxdur. İstəyirəm velosipedim azadlığa çıxsın».
XS
SM
MD
LG