Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:07

Müəllim güzəranı xaricdə və Azərbaycanda [Video]


Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü, «21-ci əsr» Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev, Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev və xaricdə müəllim işləmiş Vurğun Əyyub bu haqda danışırlar.

-

Məlahət Mürşüdlü:

«Müəllimlərin yaşayış vəziyyəti, bazar iqtisadiyyatının inkişafı ilə müqayisə etsək, doğurdan da çox aşağı səviyyədədir. Bir insanın yaşaması üçün bazar səbətinin qiyməti 120-130 manata başa gəlirsə, 250-330 manat əməkhaqqı, sözsüz ki, onu təmin edə bilmir. Misal üçün, mənim 15 saat dərsim var, stajım da kifayət qədərdir, 30 ildən stajım var, əməkhaqqım isə 230 manatdır. Hələ mən liseydə işləyirəm. Amma adi orta məktəblərdə bu, belə deyil. Bazar səbəti ilə müqayisədə müəllimlərin əməkhaqqı olduqca aşağıdır. Müəllim təkcə özündən ibarət və təkcə yeyib-içməklə məşğul deyil. Bunun istirahəti, geyimi, metodik vəsait alması var. Yəni, digər xərclər də buna daxildir. Bütün bunları götürəndə, sözsüz ki, bugünkü durum, bu gün müəllimlərə verilən əməkhaqqı olduqca aşağıdır. Buna görə də bizim məktəblərdə neqativ hallar baş alıb gedir. Müəllimin gözü valideynin cibində, şagirdin əlində olur...».

Əjdər Ağayev:

««Müəllim aşağı səviyyədə yaşamalıdır» fikrinin özü –cəmiyyətin inkişafına xidmət edən, strateji məsələlərin həlli üçün kadr hazırlayan insan üçün bunun deyilməsi belə düz deyil. Elmi cəhətdən düz deyil. Əslində, bu adamlar elə təmin olunmalıdır ki, onun ağlı da, fərasəti də, axtarışı da, yaradıcılığı da iqtisadi ehtiyaclardan kənarda olsun. Hələ 19-cu əsrdə Çernışevski deyirdi ki, maliyyə çətinliyi varsa, alim, filosof nə yazsın, necə yazsın? Müəllimin həyatı gərək təmin olunsun. Hansı alimlərimiz daxma içərisində yazıb? Hamısı şahların onlar üçün ayırdığı vəsaitlə, şəraitlə təmin olunublar, məktəb açıblar...».

Etibar Əliyev:

«BMT-nin son dövrlər müəllimlərin əməkhaqqı ilə bağlı maraqlı statistikası var. Oradan görünür ki, Azərbaycan müəllimi Koreya, Amerika, Finlandiya müəllimindən 10 dəfə, Tunis müəllimindən 7 dəfə, Türkiyə müəllimindən 5 dəfə, hətta Çili müəllimindən belə az əməkhaqqı alır. Əslində, müəllim kasıb olmamalıdır. Bilik verirsə, nəsilləri gələcəyə hazırlayırsa, niyə o kasıb olmalıdır ki? Müəllim status etibarilə orta təbəqəni təşkil etməlidir. Sovetlər vaxtı müəllim yaxşı-pis bu orta təbəqəyə aid edilirdi. Bizim ali təhsil sistemi Boloniya prosesinə keçib. Orada konkret yazılıb ki, Boloniya prosesinə üzv olan ölkələrdə müəllimin dərs yükü 350-400 saat olmalıdır və müəllim 2000-3000 manat əməkhaqqı almalıdır. Biz bu sistemə keçsək də, əməkhaqqı sisteminə keçmirik. Ona görə də müəllim məktəb daxilində aldığı məvaciblə yaşaya bilməyəcəyini hiss edərək, başqa vasitələrə əl atır. Ya repetitor olur, ya işdən sonra gedərək başqa işlə məşğul olur...».

Vurğun Əyyub:

«Azərbaycanda müəllimin vəziyyəti, aldığı maaş dünyanın inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələri ilə qətiyyən müqayisəyə gələn deyil. Azərbaycanda sosial baxımından ən müdafiəsiz təbəqələrdən biri də müəllimlərdir. Mən hesab etmirəm ki, ölkədəki bütün müəllimlərə eyni səviyyədə maaş sistemi tətbiq olunmalıdır. Burda fərqləndirmə olmalıdır. Amma Azərbaycanda müəllimin vəziyyəti elə haldadır ki, biz hər il 10 manat artımdan danışırıqsa, bundan utanmalıyıq. Ümumiyyətlə, bunu dilimizə gətirməməliyik. Mən Türkiyədə çalışmışam. Orada Türkiyə vətəndaşı olan ali məktəb müəllimlərinin yaşayış səviyyəsi orta təbəqənin yaşayışından xeyli yüksək idi. Məsələn, dosent 5000-6000 lirə maaş alır. Bizim pulla 2500-3000 manat. Azərbaycanda ali məktəb müəllimlərinin maaşı ilə müqayisə apara bilərsiniz…».

Şərhləri göstər

XS
SM
MD
LG