Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:54

Köhnə ilin son kitabları Yeni İlin ilk kitabı ilə necə görüşdü?


«Əlabbas Müznib. Əsərləri»

«Əlabbas Müznib. Əsərləri»

-

Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu köhnə ilin son, Yeni ilin ilk kitablarını təqdim edib.

Xəbəri AzadlıqRadiosuna institutun direktor əvəzi Paşa Kərimov verib.

İnstitutun əməkdaşı Samirə Gəncəlinin nəşrə hazırladığı «Əlabbas Müznib. Əsərləri» adlı kitaba Əlabbas Müznibin «Tikan kolu» və «Əmək çiçəyi» kitablarına daxil edilmiş şeirləri və müxtəlif illərdə yazdığı məktublar daxil edilib.

«Elm və təhsil» nəşriyyatında çıxan kitabın redaktoru Arif Ramazanovdur.

xxx

İnstitutun əməkdaşı tarix üzrə fəlsəfə doktoru Esmira Cavadovanın tərtib etdiyi «Teymur bəy Bayraməlibəyov. Seçilmiş əsərlər» adlı kitabda görkəmli maarifçi Teymur bəy Bayraməlibəyovun publisistika, folklorşünaslıq və etnoqrafiya sahəsində əsərləri ilk dəfə bir yerə toplanıb çap edilib.

Materiallar Teymur bəyin Əlyazmalar İnstitutunda saxlanan şəxsi arxivindən götürülüb.
Rəyçi akademik Teymur Bünyadov, kitabın redaktoru filologiya üzrə elmlər doktoru Paşa Kərimovdur.

Kitab «Elm və təhsil» nəşriyyatında çıxıb.

xxx

«Fərhad Mirzə Qacar. «Səfərnamə»

«Fərhad Mirzə Qacar. «Səfərnamə»

Üçüncü kitab institutun əməkdaşı tarix üzrə fəlsəfə doktoru Tahirə Həsənzadənin «Fərhad Mirzə Qacar. «Səfərnamə» adlı kitabıdır.

Qacar şahzadəsi Fərhad Mirzə 1875-1876-cı illərdə Məkkə ziyarətinə gedərkən «Səfərnamə» adlı əsər yazıb.

Fərhad Mirzə bu səfəri zamanı Şimali Azərbaycandan keçib, görkəmli şəxsiyyətlərlə, o cümlədən M. F. Axundzadə və H. B. Zərdabi ilə görüşüb.

Bu görüşlərin təəssüratları, söhbətlərin məzmunu «Səfərnamə»də əksini tapıb.
Mətni olduğu kimi oxuculara çatdırılan «Səfərnamə»nin müasir tədqiqatçıların və oxucuların böyük marağına səbəb olacağı bildirilir.

Elmi redaktor və ön sözün müəllifi professor Kərim Şükürovdur.

xxx

Filologiya üzrə fəlsəfə doktoru Mehri Məmmədovanın «Əbdürrəhim bəy Haqverdiyev arxivinin izahlı təsviri» kitabı da «Elm və təhsil» nəşriyyatında Yeni ilin ilk kitabı kimi çapdan çıxıb.

Kitabda Əbdürrəhim bəyin Əlyazmalar İnstitutunda saxlanan şəxsi arxiv materialları – tərcümeyi-halı, əsərləri, məktubları, fotoları, sənədləri barədə bilgi verilib.

Əlyazmalar İnstitutu Yeni illə köhnə ili beləcə görüşdürüb.

Arada oxucular qazanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG