Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:48
-

O, mahir cibgirdir, amma məharətini küçələrdə, avtobusda, metroda yox, TV proqramlarında, böyük zallarda tamaşaçıların gözü qarşısında göstərir və oğurladıqlarını qaytarır.

39 yaşlı Apollo Robbins Las Vegasda yaşayır.

Onun sənətinə "teatral cibgirlik" də deyirlər və Apollo həmkarlarının etirafına görə, bu sahədə dünyada birincidir.

İndiyəcən o, gözəgörünməz hərəkətləri ilə çox məşhurların cibini soyub.

Məsələn, aktrisa Jennifer Garner-in nişan üzüyünü, keçmiş basketbol ulduzu Charles Barkley-nin pulunu, biznesmen Ace Greenberg-in qol saatını oğurlayıb.

Amma onun ən məşhur fokusu 2001-ci ildə Amerikanın keçmiş prezidenti Jimmy Carter’in mühafizə xidmətini barmağına dolaması olub.

Carter naharda olarkən Apollo onun mühafizə xidmətinin bir neçə əməkdaşını söhbətə tutub. Cəmi bir neçə dəqiqə ərzində ciblərində nə varsa, demək olar ki hamısını çıxarıb. Silahlarından başqa. Onun "qənimətləri" arasında Carterin kartejinin açarları da olub.

Apollo öz sirlərini gizlətmir. Bu linkdəki videoda siz onun cibdən portmanat, əl telefonunu necə çıxarmasının, qoldan saatı açmasının texnikasını detallı görə bilərsiniz.

Təxminən 10 il qabaq Apollo özünü tamamilə illüzionistlik sənətinə həsr etməyə qərar verib.

O qədər məşhurlaşıb ki, psixiatrlar, nevroloq və hərbçilər insan diqqətinin necə yayındırılmasını araşdırarkən onun metodlarını da öyrəniblər.

"Bəs kimisə doğrudan da soymusunuzmu?" sualına o "bu barədə heç nə deyə bilmərəm" cavabını verir.

Apollo tez-tez şoulara, televiziya proqramlarına dəvət edilir, yaxşı qonorar alır.

Amma deyir ki, kiminsə cibindən çıxardığı portmanatı, yaxud qolundan açdığı saatı əlində tutan zaman özünə sual verir: "Mən yetərincə qazanırammı, bunu sahibinə qaytarım?"

"New Yorker" jurnalının materialları əsasında oxuzalı.az

Günün bütün mövzuları

XS
SM
MD
LG