Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:16

Tənqidçi: "Özümü fahişəxanada pianoçu kimi hiss edirəm"


Irving Sandler
Irving Sandler
-

Tənqidçilər daha heç kəsə lazım deyil? Bazar adamları onların "dişini çəkib"?

İncəsənət tənqidçiləri. Onların işi incəsənət əsərlərinə - rəsmlərə, heykəllərə və insan əlinin yaratdığı başqa sənət əsərlərinə qiymət vermək, pisi yaxşıdan ayırmaqdır.

Amma tanınmış tənqidçi Irving Sandler Amerikanın "Brooklyn Rail" jurnalının son sayında çap edilmiş "İncəsənət tənqidinin bu günü" adlanan məqaləsində həyəcan təbili çalır, incəsənət tənqidinin böhranlı durumda olduğuna diqqət yönəldilir:

Onun yazdığına görə, 1990-cı illərdən bəri getdikcə daha çox incəsənət tənqidçisi bu qənaətə gəlir ki, art-biznes incəsənət aləminin bütün sahələrinə nüfuz edib və tənqidçilərin işini dəyərdən salıb:

"Bir incəsənət tənqidçisinin yazdığına görə, o özünü fahişəxanada pianoçu kimi hiss edir".

Irving Sandler düz 6 il qabaq elə həmin "Brooklyn Rail" jurnalındakı məqaləsində qaldırdığı problemə bir də qayıdır.

O zaman tənqidçi öz həmkarlarına müraciətlə sual edirdi:

"İncəsənət tənqidçiliyinin daha heç kəsə lazım olmadığı, alverçi, kolleksiyaçı və muzey menecerlərinin fəaliyyətinin kölgəsində qaldığı və nəhayət, incəsənət tənqidi sahəsində böhran yaşandığı haqda bizlər arasında geniş yayılmış fikrə haqq qazandırmaq olarmı?"

Irving Sandler yazırdı ki, qalereyalar nümayiş etdirdikləri sənət əsərlərini tanıtmaq, vəsf etmək üçün peşəkar incəsənət tənqidçilərini əməkdaşlığa cəlb edirlər. Tənqidçilər də nəfis tərtibatda buraxılan qalereya kataloqlarında səmimi şəkildə həmin əsərlərdən heyranlıqla danışırlar.

Müəllif qeyd edirdi ki, burada qanunsuz bir şey yoxdur. Amma o eyni zamanda sual edirdi:

Bu, incəsənət tənqidçiliyinə necə təsir edir? Biznes maraqlarına xidmət edən qalereya kataloqları işi sənət əsərlərinin həqiqi dəyərini müəyyən etmək olan incəsənət tənqidçiliyinin yerini tutub onu arxa plana keçirmir ki?

İncəsənət aləminin hazırkı strukturu beləcə, incəsənət tənqidçilərinin müstəqilliyinə təhlükə yaratmır ki?

Onları "dişsiz" yazarlara çevirmir ki?

"Bizim ad çəkməyə cəsarətimiz çatırmı?" - deyə müəllif sual edirdi:

"Jerry Salz-ın (amerikalı incəsənət tənqidçisi - Oxu zalı) "sərgi ajotajı, hərrac acgözlüyü, pul hərisliyi və reklam" dediyi şeylər bizim yazdıqlarımiza... sirayət edirmi?"

Məqalə müəllifi Irving Sandler tənqidçi etikası probleminə toxunurdu, sual edirdi ki, tənqidçi nədə güzəştə gedə bilər? O "incəsənət aləmindəki dostbazlıq" məsələsi üzərinə də gəlir və həmkarlarından soruşurdu ki, buna qarşı mübarizədə nə etmək olar?

Bütün bu sualları verəndən sonra Irving Sandler tənqidçi həmkarlarını məsələ ilə bağlı fikirlərini deməyə çağırırdı:

"Fikrimizi deməklə, biz heç nə itirmirik - lazımszlığımızdan başqa heç nə..."

Irving Sandler "Brooklyn Rail"in son sayında məsələyə yenidən qayıdarkən yada salır ki, insititusional tənqid, yəni müxtəlif mədəni təşkilatların, təsisatların xidmətində olan tənqid bundan əvvəllər də incəsənət tənqidinə həmlə edib.

"Brooklyn rail" jurnalının saylarından birinin üz qabığı
"Brooklyn rail" jurnalının saylarından birinin üz qabığı
Məqalə müəllifi 1971-ci ildə John Coplans və Max Kozloff-un "Artfoum" jurnalını bazar maraqlarına xidmət etməyən sənət dərgisinə çevirməyə cəhd edərkən üzləşdikləri problemlərdən yazır. Yada salır ki, o zaman Coplans və Kozloff incəsənət sahəsinə yatırılan pulların sənət aləminə ziyan vurduğu hallar haqda məqalələr yazıb çap etməyə başlamışdılar. Məsələn, Coplans sənət əsərlərinə ildən-ilə dəyərə minən, gəlir gətirən səhm və istiqrazlar kimi baxan kolleksiyaçıların yeni nəslini hədəfə alırdı. O kolleksiyaçılar ki, muzey hamilərinə və sərgi təşkilatçılarına çevrilməyə başlamışdılar və öz qalereya və sərgilərində nümayiş edilən əsərlərin reklam edilməsində maraqlı idilər.

Coplans sonralar xatırlayırdı ki, "nüfuzlu qalereyalar onların əməkdaşlıq etdikləri sənətkarlardan yazmayacağı halda "Artforum"a reklam verməkdən imtina etdilər. Onlar incəsənət tənqidini nəzarətə almaq və onu öz reklamlarına xidmət etdirmək istəyirdilər. Sonda onlar mənim işdən çıxarılmağıma nail oldular".

Amma Irving Sandler "Brooklyn Rail" jurnalının son sayında onu da yazır ki, bazar maraqları tənqidin incəsənət aləminin hakimi kimi əvvəlki nüfuzunu xeyli dərəcədə itirməsinin yeganə səbəbi deyil.

İkinci səbəb, onun təbirincə, postmodernist erada plüralizmin, fikir müxtəlifliyinin artmasıdır

O yada salır ki, məsələn, modernist erada tənqidçilər yeni meydana gələn assemblyaj, konseptual art və s. kimi avanqard üslublara münasibətdə "lehinə", yaxud "əleyhinə" mövqeyindən çıxış edirdilər. Onlar bir-biri ilə polemikaya girir və bununla da incəsənət aləminin diqqətini öz yazdıqlarına yönəldə bilirdilər:

Plüralistik postmodernist erada isə tənqidçilərin qoşulduğu belə diqqət çəkən polemikalar yoxdur. Bunun əvəzində tənqidçilər məsələyə fərdi şəkildə yanaşırlar, yəni bəyəndikləri, heyran olduqları (nadir hallarda sevmədikləri) sənətkarları seçir və onlar haqda yazırlar.

İncəsənət aləmindəki proseslər əvvəlki kimi vahid axarda getmir, dramatik deyil, fokus itib. Bir növ nizamsızlıq yaranıb. Heç kim əmr vermir, axarı konkret məcraya yönəltməyə çalışmır. Və bir çoxlarının fikrincə. buna görə, incəsənət tənqidçiliyi öz əhəmiyyətini itirib...

Irving Sandler həmkarlarını bir daha incəsənət tənqidinin hazırkı durumu ilə bağlı polemikaya çağırır...

"Brooklyn Rail" - New York-da çap edilən, incəsənət, mədəniyyət, siyasət mövzularında yazan aylıq jurnaldır. Müstəqil, qeyri-kommersiya təşkilatıdır, tirajı 20 min nüsxədir.

Məqalə müəllifi Irving Sandler-in 87 yaşı var. Ötən əsrin 50-ci illərindən incəsənət tənqidçiliyi ilə məşğuldur.

"Oxu zalı"
Avstriyalı rəssam Gabriel von Max "Meymunlar - tənqidçi qismində" adlanan bu rəsmini 1889-cu ildə Münxendə təşkil edilmiş sərgiyə təqdim etmişdi. Rəssam Münxen salonunun münsiflər heyətinə cəlb etdiyi incəsənət tənqidçilərinin meyarlarına belə etiraz edirdi. Rəsm əsəri sərgidə böyük maraq doğursa da, münsiflər heyəti, güman ki özünümüdüafiə mövqeyi tutduğu üçün, onu yalnız ikinci mükafata layiq bilmişdi.
Avstriyalı rəssam Gabriel von Max "Meymunlar - tənqidçi qismində" adlanan bu rəsmini 1889-cu ildə Münxendə təşkil edilmiş sərgiyə təqdim etmişdi. Rəssam Münxen salonunun münsiflər heyətinə cəlb etdiyi incəsənət tənqidçilərinin meyarlarına belə etiraz edirdi. Rəsm əsəri sərgidə böyük maraq doğursa da, münsiflər heyəti, güman ki özünümüdüafiə mövqeyi tutduğu üçün, onu yalnız ikinci mükafata layiq bilmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG