Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:12

«RLS-lə bağlı danışıqlarda tərəflər öz maraqlarından çıxış ediblər»


Elmar Məmmədyarov
Elmar Məmmədyarov
-

“RLS-LƏ BAĞLI DANIŞIQLARDA TƏRƏFLƏR ÖZ MARAQLARINDAN ÇIXIŞ EDİBLƏR”
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə müsahibə verib. Həmin müsahibəni “Trend”ə istinadən ixtisarla çatdırırıq.
Elmar Məmmdəyarov “ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqların təhlili MQ tərəfindən daha nəticəyönlü və ədalətli yanaşmaya ehtiyac olduğunu göstərir” deyib.
Nazirin sözlərinə görə, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı qərar və qətnamələr artıq münaqişənin həlli çərçivəsini, hüquqi bazasını və onun əsas elementlərini müəyyənləşdirib.
“Dünya birliyində artıq yekdil fikir formalaşıb ki, münaqişənin həlli Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılması, məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtması ilə başlanmalıdır. Bunun ardınca əməkdaşlıq və etimad mühitinin formalaşmasına xidmət edən qarşılıqlı addımlarla işğalın ağır nəticələri aradan qaldırılmalıdır”.
Nazirn sözlərinə görə, münaqişənin həlli Ermənistanın Azərbaycanın geniş iqtisadi potensialından yararlanmasına imkan yaradacaq.
RUSİYA İLƏ BAĞLI REKORD
Elmar Məmmədyarov Rusiya-Azərbaycan münaisbətlərindən danışarkən deyib ki, iki ölkə arasında əlaqələr yüksək səviyyədədir. “Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olub və olmaqdadır. Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi rekord həddə çataraq 2 milyard 828 milyon ABŞ dolları təşkil edib. Biz bu rəqəmi daha da artırmağı hədəfləmişik”.
Elmar Məmmədyarov “Rusiya Qəbələ RLS-in istismarının dayandırılmasına dair Azərbaycana nota verdi. Bu fakt Azərbaycan-Rusiya ikitərəfli əlaqələrinə və birgə layihələrin reallaşmasına necə təsir edə bilər?” sualını belə cavablandırıb:
Qəbələ RLS
Qəbələ RLS
“İki ölkə arasında 2002-ci ildə imzalanmış müqaviləyə əsasən RLS 2012-ci ilədək bu ölkəyə faktiki simvolik qiymətə icarəyə verilmişdi. Son illərdə Qəbələ RLS-in icarə müddətinin uzadılması ilə bağlı tərəflər arasında ekspertlər səviyyəsində mütəmadi müzakirələr aparılıb. Müzakirələrdə tərəflər öz maraqlarından çıxış ediblər. Bu məsələdə Azərbaycan konstruktiv mövqe nümayiş etdirərək məsələnin həllinə çalışıb. Buna baxmayaraq, stansiyanın icarə haqqı ilə bağlı razılaşma mümkün olmayıb. Məqsədimiz bu stansiya ilə bağlı əməkdaşlığı günün tələbləri səviyyəsinə qaldırmaq, Rusiya ilə beynəlxalq səviyyədə mövcud olan şərtlər çərçivəsində əməkdaşlıq etmək olub”.
Nazir daha sonra deyib ki, RLS-in bağlanması ilə əlaqədar tədbirlərin həyata keçirilməsi üçün Nazirlər Kabinetinin Sərəncamı ilə Komissiya yaradılıb. Komissiya stansiyanın daşınar və daşınmaz əmlakının inventarlaşdırılması, stansiya heyəti və onların ailə üzvlərinin, şəxsi əmlakın daşınması ilə bağlı lazımi tədbirləri həyata keçirəcək.
“TANAP AVROPANIN ENERJİ TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİNDƏ ETİBARLI MƏNBƏ KİMİ ÖNƏM DAŞIYACAQ”
Nazir Türkiyə Azərbaycan münasibətlərindən də danışıb: “Biz bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan-Türkiyə əlaqələri ən yüksək səviyyədədir”.
Elmar Məmmədyarov Azərbaycan və Türkiyənin birgə layihəsi olan TANAP ilə son dönəmdə tez-tez gündəmə gələn enerji təhlükəsizliyi, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq, Nabucco West və TAP layihələrinə də toxunub.
Xarici işlər naziri yeni layihə "Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) haqda deyib: “Layihə üzrə gələcəkdə kəmərin tikintisində digər beynəlxalq neft-qaz şirkətləri də iştirak edəcək. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatlarının 2,6 trilyon kubmetr olduğunu nəzərə alsaq, deməli, hələ uzun illər ölkələrimizin enerji təhlükəsizliyi məsələsi və milli maraqlarımız təmin olunacaq.
TANAP-la bağlı rəsmi tədbir
TANAP-la bağlı rəsmi tədbir
Əminliklə deyə bilərik ki, TANAP Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı mənbə kimi gələcəkdə böyük önəm daşıyacaq”.
O ki, qaldı Nabucco West və TAP layihəsinə, nazir deyib ki, hər iki layihənin imkanlarının qiymətləndirilməsi üzərində iş gedir. Bu haqda qərar "Şahdəniz 2" Konsorsiumuna daxil olan şirkətlər tərəfindən gələn il veriləcək.
Və nəhayət Azərbaycan - Avropa İttifaqı əlaqələri və enerji təhlükəsizliyi haqqında. Elmar Məmmədyarov deyib ki, Azərbaycan Avropa İttifaqı ilə ikitərəfli münasibətlərin gücləndirilməsi yönündə səylər göstərir.
“Avropa İttifaqı 500 milyon insanın yaşadığı cəmiyyətdən və geniş istehlak bazarından ibarətdir. Onun qaz istehlakı ildə 500 milyard m3 təşkil edir. Bu rəqəmlər ölkəmizin hasil etdiyi qaz həcmi ilə uyğun gəlməyə bilər. Amma Azərbaycan 2018-ci ildən Avropanı ildə 10 milyard m3, 2030-cu ildənsə hər il 25-30 milyard m3 qazla təmin edəcəyi halda, bu Azərbaycanın Aİ-ə öz sənaye, bazar və iqtisadiyyatının idarə olunmasında davamlı və etibarlı töhfə vermiş olması anlamına gələcək. Azərbaycan Avropanın enerji təchizatı mənbələrinin diversifikasiyasına yardım etmək üçün fəaliyyətini davam etdirəcək. Bu, hər iki tərəfə iqtisadi fayda gətirməklə yanaşı, həm ticarət, həm də siyasi cəhətdən məqsədəuyğundur”.
“AZƏRBAYCAN ƏRAZİSİNDƏN İRANA QARŞI İSTİFADƏ EDİLMƏSİNƏ İMKAN VERMƏYƏCƏK”
“Bəzi media vasitələri İsrailin və ya digər ölkələrin anti-İran kampaniyası zamanı Azərbaycan ərazisindən istifadə niyyətinin olduğunu iddialar edirlər. Vəziyyəti necə şərh edərdiniz?” sualına xarici işlər nazirinin cavabı:
“Bu cür təhrif olunmuş məlumatlar Xarici İşlər Nazirliyi səviyyəsində və müxtəlif səviyyələrdə təkzib olunub. Biz dəfələrlə bəyan etmişik ki, Azərbaycan öz ərazisindən İrana qarşı istifadə edilməsinə imkan verməyəcək. Azərbaycan müstəqil, öz maraqlarını təmin edən sülhsevər xarici siyasət həyata keçirir. Biz regionda hər hansı yeni münaqişə ocaqlarının yaranmasını istəmirik və bütün mövcud anlaşmazlıqların sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıyıq”.
XS
SM
MD
LG