Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:53
-

Polis Bakı sakini Elxan Məhərrəmovu cinayət məsuliyyətinə cəlb edib. «Qaynar xətt»imizə üz tutan Elxan Məhərrəmovun sözlərinə görə, o, dələduzluqda günahlandırılır. Ondan polisə şikayət edən isə Pərviz Abbasov adlı bir tanışı olub. Elxan Məhərrəmov həmin şəxsdən pulu borc müqaviləsi əsasında aldığını deyir və hesab edir ki, onların arasındakı mübahisə polis istintaqı ilə yox, məhkəmə yolu ilə həll olunmalıdır. O, polisi qanunları pozmaqda ittiham edir:

«QONAQLAR TOYA GƏLMƏDİ, ZƏRƏRƏ DÜŞDÜK»

«10 min manat pulu övladıma toy etmək üçün almışdım. Toy məclisi fevralda şaxtalı günlərə düşdü, qonaqlar gəlmədi, zərərə getdik. Pulun 4 min manatını qaytara bildim, qalan hissəsini yox. Bizim müqaviləmizdə də yazılıb ki, tərəflər arasında mübahisə yaranarsa, məhkəməyə müraciət edə bilərlər. Ancaq tanışım belə etmədi, məndən məhkəməyə yox, prokurorluğa, polisə şikayət etdi. İndi Nizami rayon Polis İdarəsində öz maraqlarına görə mənə qarşı cinayət işi açıblar, özümü də həbslə hədələyirlər. Deyirlər sən dələduzluq etmisən. Axı müqavilədə də yazılıb ki, bu adam mənə könüllü şəkildə borc verir, mən pulu ondan aldadaraq almamışam».

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə deyir ki, Elxan Məhərrəmov Pərviz Abbasov adlı şəxsdən 2011-ci ilin oktyabr ayında işə düzəltmək adı ilə 10 min manat alıb və geri qaytarmayıb. 2012-ci ilin fevral ayında isə onu aldadaraq notariat kontoruna aparıb və borc müqaviləsi bağlanmasına nail olub:

Orxan Mansurzadə

Orxan Mansurzadə

«Həmin söhbətin üstündən düz bir il keçdikdən sonra-bu il sentyabr ayının sonlarında Pərviz Abbasov Nizami Rayon Prokurorluğuna ərizə ilə müraciət edib. Prokurorluq da oktyabr ayının 12-də Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) maddəsi ilə cinayət işi başlayaraq istintaqın aparılmasını Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsinə tapşırıb. İş hazırda müstəntiq Abbas Hüseynovun icraatındadır. İstintaq hərəkətləri ilə müəyyənləşdirilib ki, Elxan Məhərrəmov 10 min manat pulu Pərviz Abbasovdan borc müqaviləsi bağlanmazdan bir neçə ay əvvəl-ötən il oktyabrın 19-da sonuncunun etibarından sui-istifadə edərək, işə düzəltmək adı ilə alıb. Amma sonra nə vəd etdiyi işi düzəldib, nə də P.Abbasovun pulunu qaytarıb. Bir neçə aydan sonra borc müqaviləsini də ona görə bağlayıb ki, sonra barəsində başlana biləcək cinayət işindən özünü sığortalasın. Çünki o, artıq bir dəfə bu işdə, necə deyərlər, yanıb. 2009-cu ildə Nəsimi RPİ-də Elxan Məhərrəmov barəsində Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) maddəsilə cinayət işinin istintaqı aparılmışdır. İstintaq yekunlaşdıqdan sonra cinayət işi baxılması üçün məhkəməyə göndərilib. Məhkəmə zərərçəkənə vurulan maddi ziyanın ödənilməsini nəzərə alıb E. Məhərrəmovu 1000 manat məbləğində cərimə edib. Yəni bu, onun ilk dələduzluq əməli deyil».

Hüquqşünas Namizəd Səfərovun sözlərinə görə, istintaq sübut etsə ki, borc müqaviləsi bağlanarkən borc götürənin məqsədi aldatmaq olub, o zaman istintaq orqanı işə qarışa bilər.

«Ancaq bunu pul verən şəxs sübut etməlidir» , - hüquqşünas bildirib.
XS
SM
MD
LG