Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:11
-
Artıq 9-cu dəfə Yeni ili qarşılayan «İz» proqramı ilin son verilişində müxtəlif ölkələrdə yaşayan azərbaycanlılara -- Moskvada yaşayan ünlü yazıçı Çingiz Hüseynova, milyonçu Dadaşovlar nəslinin davamçısı, indi Belçikada yaşayan Kəmalə Dadaşovaya və Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevə 5 sualla üz tutdu.

YENİ İLƏ SEVİNMƏMƏK BÖYÜK GÜNAHDIR?

- Yetkin yaşda Yeni ili qarşılayanların daha bir ilin gəlişinə sevinməməsi nə dərəcədə düzdür?

Çingiz Hüseynov: Üzü bəri gələn Yeni ilə, yəni bir gün də olsa, yaşamağa sevinməmək İlahi qarşısında böyük günahdır.

Kəmalə Dadaşova: Söhbət Azərbaycanda yaşayan yetkinlərdən gedirsə, bu cür düşünmək ümidsizlik, istəklərin təmin olunmaması, arzuların həyata keçməməsinin nəticəsidir… Onlar düşünürlər ki, Yeni ildə də arzularım ürəyimdə qalacaq, istəklərimi gerçəkləşdirə bilməyəcəyəm. Azərbaycanda yaxşı yaşamaq üçün pula, adama, kimlərəsə söykənməlisən. Onlar da bəziləri kimi şux evdə yaşamaq istəyirlər, maşınlar arzulayırlar… Bu, əminlik gətirir axı. Yeni ildə biz nəyə sevinməliyik ki? Sadəcə, təqvimin dəyişməsi adamda ümidi artıra bilməz. Hökumət çalışmalıdır ki, insanların arzusu yerinə yetsin. Arzular təmin olunmayanda, Yeni ilə ümidsiz çıxırsan…

Vilayət Quliyev: Artıq elə yaşdayam ki, təzə illərin gəlişi məni qorxutmur. Gənclikdə Yeni ilin gəlməsi, yaşın bir yaş da artması adamı həyəcanlandırır. İndi o yoxdur. Amma illərin dəyişməsindən daxili bir diskomfort duyuram. Elə bil, bu ilə alışmamış, onun ruhunu tuta bilməmiş, illə vidalaşırsan… İstənilən halda təzə il də, köhnə il də həyatımızın bir parçasıdır. Heç bir kədər hiss etmirəm. Təzə il təzə ümidlər, təzə arzular gətirir. Nəyinsə dəyişəcəyinə, daha yaxşı olacağına inam yaranır.

- Hər şey uzaqdan daha aydın görünür. Azərbaycana baxanda, nə vaxt üzünüz gülür? Və nəyə gülür?

Çingiz Hüseynov: Xeyirxah və xəbislikdən, qudurğanlıqdan uzaq olan azərilərlə görüşəndə, onlarla yazışanda, səslərini eşidəndə, fərəhlənirəm. Bizim, yəni millətin varlığına inanır və sevinirəm, sifətim nurlanır, qəlbim
gülür.

Kəmalə Dadaşova: Mərd, cəsarətli, səmimi insanlar görəndə, üzüm gülür. Dövlətimiz xalqı anlamağa, qayğı göstərməyə başlayanda, onda üzüm gülür. Bu yaxınlarda Rüstəm İbrahimbəyovun cəsarətli çıxışlarını eşidəndə, ürəkdən sevindim. İstərdim ki, Rüstəm İbrahimbəyov kimi, Eldar Namazov kimi mədəni, ziyalı insanlar xalqı idarə etsinlər. Onlar xalqa nə lazım olduğunu bilirlər. Bir də, əlavə etmək istərdim ki, idmançılarımızın qələbəsi bizi sevindirir. Bir sözlə, ölkədə pozitiv (amma imitasiya-yamsılama deyilsə) nə baş verirsə, bizi sevindirir.

Vilayət Quliyev: Mən 9 ildir ki, Azərbaycandan kənardayam, amma bu, nisbi kənarlıqdır. Çünki bu illəri Azərbaycan səfirliyində işləmişəm. Səfirliyin də ərazisi Azərbaycanındır. Burada öz dilimizdə danışır, öz ölkəmiz naminə çalışırıq. Evlərimizdə öz mətbəximizin yeməklərini dadır, öz musiqimizi dinləyirik. Nəzərə alsaq ki, qloballaşan dünyada «Vətən», «Qürbət» anlayışları nisbidir, mən özümü Azərbaycandan ayrı hiss etmirəm. Təbii ki, fiziki uzaqlıq var.

Azərbaycana baxanda, nə vaxt üzüm gülür? Dostlarımın, qohumlarımın, yaxınlarımın, bütövlükdə millətimin üzü güləndə, mənim də əhvalım yaxşılaşır. Təbii ki, insanlarımız 5-10 il əvvəlkinə nisbətən daha yaxşı yaşayır. Şəhərimiz gözəlləşir, yollarımız düzəlir, yeni gənclik yetişir. Onlar bizdən daha mükəmməl təhsil alıblar, dünyaya daha çox bələddirlər. Onların ürəyində Azərbaycançılıq duyğusunun olması insanı sevindirir. Amma fikrimcə, hər bir azərbaycanlı üçün bu sevinc, üzün gülməsi nisbidir. Çünki Qarabağ boyda dərdi olan millətin gülməsi, sevinməsi nisbidir. Bəlkə də bu sözlərim kiməsə saxta görünəcək. İnanın, hər səhər yuxudan ayılanda, gözümü açanda və düşünəndə ki, 20 ildən çoxdur ki, Şuşaya gedə bilmirəm, ora əlim çatmır və nə vaxt çatacağı da bəlli deyil, bütün sevinclər bunun yanında cüzi, nisbi görünür…

BÜTLƏRƏ SÖZ ZƏRBƏLƏRİ ENDİRMƏK?

- Yeni ildə şəxsən özünüzə və Azərbaycan xalqına hansı mesajınız var?

Çingiz Hüseynov: Özümə arzuladığımı həmvətənlərimə də arzulayardım. Özümə bunları arzulayıram: Qul olmamaq, heç kimə yaltaqlanmamaq, bütlərə söz zərbələri endirmək! Bunları demək asandır, amma real həyatda əməl etmək çox çətindir. Məsələn, yaltaqlığın müəyyən formaları var —onları ayırd etmək çətindir. Hərdən həmin adam heç özü də Kəmalə Dadaşova

Kəmalə Dadaşova

bilmir ki, yaltaqlanır… Sonra şeytanı yaxın buraxmamaq—ondan uzaqlaşmaq. Bunlar ümumi arzulardır, Sevda xanım. Amma əhəmiyyətini itirməyən arzulardır. Hər dəfə bu arzuları təkrar etməlisən. Yəni, özün--özünlə mübarizədə olmalısan. Çünki insanın yarısı Allaha bağlıdır, yarısı şeytana… Odur ki, bu mübarizə daim insanın qəlbində davam edir. Arzu edərdim ki, hər insanın qəlbindəki bu mübarizədə ilahi ünsürlər qələbə çalsın!

Kəmalə Dadaşova: Ürəyimdə o qədər mesajlarım var ki! İlk öncə, xalqla hakimiyyət arasında anlaşmanın olmasını istərdim. Bir-birimizə boş ittihamlar etməyək. İkincisi, vaxtımızı, həyatımızı boş şeylərə həsr etməyək. Xalqa gün ağlayaq - məqsədyönlü olaq. Bax, bu mesajı verərdim. Özümə arzum bu olardı ki, gün o gün olsun ki, Azərbaycanda yaşayın. Amma gözəl Azərbaycanda, istədiyim Azərbaycanda, şəffaf, təmiz, bir-birini anlayan Azərbaycanda! İndi bizim insanlar çox aqressivləşib. Elə Azərbaycanda yaşamaq istəməzdim. Bu, bizə yaraşmaz. Biz Qafqaz şahinləriyik. Bizə mərdlik, səmimilik, sözü üzə demək, arxadan zərbə vurmamaq yaraşır.

Vilayət Quliyev: İstərdim ki, bizim insanlar laqeydlik düşüncəsindən ayrılsınlar, uzaqlaşsınlar. Xüsusən gənclər öz Vətənlərini daha çox sevsinlər. Tarixlərini daha dərindən öyrənsinlər. Dillərinə, dinlərinə, mənəviyyatlarına, əxlaqlarına sahib dursunlar. Bu gün dünyada mübarizə gedir. Özəlliklə Şərq böyük basqı altındadır. Bu basqının altında hər bir xalqın öz identifikliyini qoruması vacibdir. Mən bizim gənclərimizin, bütün insanlarımızın Azərbaycan ideyası ətrafında, dövlətimizin ətrafında sıx birləşməsini arzu edirəm. Uğurlar da bizimdir, çatışmazlıqlar da. Çalışmalıyıq ki, uğurların sayı artsın, çatışmazlıqlar azalsın.

«AY MİRZƏ FƏTƏLİ! BU DÜNYA YENİ İLDƏ DƏ ELƏ BELƏ QALACAQ?»

- Belə hesab edin ki, 200 yaşlı Mirzə Fətəlinin Yeni ilini təbrik etmək şansınız var: Nə deyərdiz?

Çingiz Hüseynov: Vaxtilə şəxsən mənim həyatımın mərhələlərini keçən (eyforiya – böhran – ümid qığılcımı – ümidsizlik – iflas), mənim ömrümü yaşayan Mirzə Fətəliyə («Fətəli fəthi» romanımın süjeti budur) deyərdim: «İflas vəziyyətdə də həyat gözəldir!.. Ruhun şad olsun!..».

Kəmalə Dadaşova: Birinci deyərdim ki, əziz Mirzə Fətəli! Nə yaxşı ki, sən bizim dramaturgiyamızda olmusan! Onu «tatar Molyeri» çağırırdılar axı. Sonra deyərdim ki, «Müsyö Jordan» dramında təsvir etdiyin torpaqları saxlaya bilmədik… İstərdim onlar bizim əlimizdə olsun! İkincisi, soruşardım ki, ay Mirzə Fətəli, bu dünya yeni ildə də elə belə qalacaq, yoxsa dəyişiləcək? O müdrikdir! İnanıram ki, suallarımı gözəl cavablayardı…

Vilayət Quliyev: (gülür) Əlbəttə, Mirzə Fətəliylə təbrikləşmək çox gözəl imkan olardı… Virtual da olsa, deyərəm. Mən düşünürəm ki, Mirzə Fətəli və Həsən bəy Zərdabi XIX əsr Azərbaycan varlığının 2 elə mühüm sütunudur ki, Azərbaycanın sonrakı mədəniyyəti, mənəviyyatı, hətta dövlətçiliyi onların üzərində ucalır. Dağın ucalığı ondan uzaqlaşdıqdan sonra hiss edildiyi kimi, biz də Mirzə Fətəlidən uzaqlaşdıqca, onun böyüklüyünü, əzəmətini, həmişəyaşarlığını daha aydın görürük. Ədəbiyyatımızın daha bir fədakar şəxsi Firudin bəy Köçərli Mirzə Fətəli haqqında deyirdi ki, onun əl vurduğu mövzuların hamısından qan iyi gəlir… Biz bu gün Şərqə, İslam dünyasına baxanda, görürük ki, 150 il əvvəl Mirzə Fətəlinin ürək yanğısı ilə dediyi həqiqətlər yenə də gündəmdədir. İnsan böyük təəssüf hissi keçirir. Mirzə Fətəlini təbrik etmək şansım olsaydı, ona böyük Vətən yanğısı üçün, millət, türklük və islam yanğısı üçün təşəkkürümü bildirərdim. Həm də, bir gileyimi çatdırardım. Bilirsiniz ki, Mirzə Fətəli həyatının 20 ilindən çoxunu ərəb əlifbasının islahına, dəyişdirilməsinə həsr edib. Bundan da məqsəd o idi ki, Şərq dünyası, İslam dünyası daha çox kitab oxusun, kütləvi şəkildə savadlansın, öz taleyinin sahibi olsun. Vilayət Quliyev

Vilayət Quliyev

Mən indiki dövrdə--nisbətən asan əlifbaya malik olduğumuz bu zamanda insanların kitaba, yazılı sözə, milli klassik irsə -- çox şeyə laqeyd olduğunu görəndə, düşünürəm ki, Mirzə Fətəli həyatının 20 ilini çox da perspektivi olmayan işə həsr edib… Hər halda, belə imkanım olsaydı, deyərdim: Böyük Mirzə Fətəli! Çox sağ olun ki, varsınız! Çox sağ olun ki, Siz bizə hələ sonuna getmədiyimiz böyük, uzun və mürəkkəb yolun konturlarını cızmısınız, üstünə işıq salmısınız…

QÜRBƏTDƏ QƏRİB ŞAD OLARMIŞ?

- Yeni ili harada qarşılamaq daha xoşdur--Vətəndə, ya Qürbətdə?

Çingiz Hüseynov: Vətən – Qürbət sözləri, məncə, məna və mahiyyətlərini itirməkdədir (bəlkə də yanılıram). Vətən bəzən qürbətə çevrilir, Qürbət – Vətənə. Amma şəxsən mənim üçün iki Vətənimin ikisində də vətənlikdən, təəssüf, heç nə qalmayıb... Ömrümün 20 ilini Vətəndə, 63 ilini qürbətdə yaşamışam. Əvvəllər Vətənə gəlməyə can atırdım. İndi görürəm ki, o Vətən də, bu Vətən də qürbətə çevrilib… Çünki o həyat tərzi yaddır mənə, düşüncələrimə ziddir. Amma bütün bunlara baxmayaraq, sevinmək və nikbin olmaq lazımdır. Çünki yaşamaq gözəldir. «Həmişə» cavablarımı Yeni il arzu-diləklərimlə tamamlamaq istəyirəm: (1) cansağlığı, (2) uğurlar, (3) sevinclər-xoşbəxtlik, (4) sönməz eşq-məhəbbət istiliyi, (5) uzun ömür – şair dostum demişkən: «Kim ki, 100 il yaşamasa…». Başqa bir türk şairi -- Nazim Hikmət demiş, «Həyat gözəldir!»… İndi internet əsridir. Vətən, torpaq məfhumu ikinci dərəcəlidir. Amma hərdən can atıram ki, oturam Vətəndə mürəbbəli çay içəm, şahmat, nərd oynayam, tələsmədən söhbətləşəm… Bax, Vətəndə məni cəlb edən budur—şirin söhbət, mehribançılıq, xeyirxahlıq, axşamlar ulduzlara baxmaq…

Kəmalə Dadaşova: (gülür) Təbii ki, Vətəndə! Çünki Vətənin hər şeyi şirindir -- pisi də, yaxşısı da! Uçuruma yuvarlanırsansa, Vətən o şirinlikdən çıxır. Bakıda yaşayanlar bəlkə də mənim bu sözümü səmimi qəbul etməsinlər. Amma qıraqda yaşayanda, insan ailəsi ilə, dostları ilə, xalqı ilə zəngləşməyəndə, sizlərlə təbrikləşməyəndə, o bayramın nə şirinliyi ola bilər?

Vilayət Quliyev: Azərbaycanda çox adam Yeni ili qürbətdə qarşılamağa üstünlük verir (gülüşmə). Füzuli 500 il əvvəl deyirdi ki, qürbətdə qərib şadiman olmazmış… Amma indi, deyəsən, daha çox qürbətdə şad olurlar. Mən özümü qürbətdə hesab eləmirəm. Daim Vətənlə, Azərbaycanla yaşayıram. Mən həmişə yazıram. Səfirlik fəaliyyəti ilə bərabər araşdırmalarımı davam etdirirəm. Odur ki, özümü mənən qürbətdə saymıram.

Şərhləri göstər

XS
SM
MD
LG