Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:58

Eyvaz Zeynalov "Robot" (Hekayə)


Eyvaz Zeynalov
Eyvaz Zeynalov
-

- Mənim rüşvət limitim qurtarıb, ata, - zarafatyana dedi. - Allahdan belə mənim əvəzimdən hamıya rüşvət vermisən. Mən nə alıram, nə də verirəm!


Eyvaz Zeynalov


ROBOT

(hekayə)

Üstüaçıq ölkədə çiçəklənən rüşvətxorluq və korrupsiyanın öhdəsindən adi məmurundan prezidentinə qədər heç biri ya gələ bilmir, ya da gəlmək istəmirdi.

Günlərin bir günü bir cavan oğlan bu dəhşətli bəlanı aradan qaldırmağı öz boynuna çəkdi. Super ağıllı bir robot düzəltmək, kütləvi istehsal etmək, onları ölkə əhalisi rüşvəti, korrupsiyanı birdəfəlik unudana qədər böyüklü-kiçikli bütün idarə və təşkilatlarda məmurların kreslosunda oturtmaq fikrindəydi...

Sonra bəzi mətləbləri dolaşdırmayasınız deyə burda qəhrəmanımın həyatı, keçmişi ilə bağlı vacib məlumatları nəzərinizə çatdırmalıyam. Atası vəzifəli, sayılıb-seçilən, imkanlı adamdı. Çoxdan evlənsə də övladı yoxdu. Handa özündən deyən həkimlərin müayinəsindən keçmiş, ən təsirli, ən çətin tapılan dava-dərmanları sınamış, ancaq xeyiri, nəticəsi olmamışdı.

Axırda tanış həkimlərdən biri:

- Əlac süni mayalanmayadı, - demişdi.

- Necə?.. - Həkimin üzünə bozarmışdı. - Mənim balam süni?..

- Bilirsiniz, - həkim ətraflı izah etməyə çalışmışdı, - əslində bunun adı sünidi...

Doğulanların, yalan olmasın, yarısının süni mayalanma ilə doğulduğunu söyləmişdi. Üstünlüklərini sadalamışdı. Dünyaya süni mayalanma ilə təşrif buyurmuş böyük vəzifə sahiblərinin, alimlərin, yazıçıların, musiqiçilərin, rəssamların, aktyorların, biznesmenlərin, nə bilim daha kimlərin adlarını çəkmişdi. Bir sözlə, küyükməyə, narahat olmağa ciddi əsas yoxdu. Sözgəlişi, bir gülləyə iki dovşan vura biləcəklərini də əlavə etmişdi.

- Mənə dovşan yox, uşaq lazımdı, - demişdi.

- Elə mən də onu deyirəm. - Həkim xırdalamışdı. - Yəni uşaq ekiz də ola bilər.

Xeyli fikirləşmiş, arvadı ilə məsləhətləşmiş, nəhayət yumşalmış, həkimin təklifini qəbul etmişdi.

Nə qədər rüşvətdən, xərc-xəsərrətdən sonra bir gülləyə iki yox, bir dovşan vura bilmişdi, yəni bir oğlu olmuşdu. Doğum evində də rüşvətsiz ötüşməmişdi. Sonra xırda bir rüşvətlə, buna şirinlik də deyə bilərsiniz, uşağa doğum haqqında şəhadətnamə, yaş kağızı almışdı.

Anasının südü az olduğuna görə körpəyə cürbəcür uşaq yeməkləri ilə bərabər inək, keçi, bəzi xəstəliklərə qarşı immunitetini artırmaq üçün eşşək südü də içirtmişdilər. Yaşı çatanda əvvəl rüşvətlə uşaq bağçasına, sonra orta məktəbə qoymuşdular.

Bayramda-filanda tərbiyəçilərinə, baxıcılarına, müəllimlərinə paylanan hədiyyə-rüşvətlərdən danışıb nə vaxtınızı almaq, nə də başınızı ağrıtmaq istəyirəm. Ali təhsilini xarici ölkədə, əla qiymətlərlə başa vurmuşdu. Ölkəsində layiqincə qarşılanacağını, işlə təmin ediləcəyini gözləmişdi. Ümidi boşa çıxmışdı. Atası tanışlıq, rüşvətlə yaxşı bir işə düzəltmişdi. Təbii, yaşı artdıqca, böyüdükcə uyğun şəkildə xərc-xəsərrət, rüşvət-filan da artır, böyüyürdü.

Orduya çağırmışdılar. Atası işə qarışmış, ondan xəbərsiz əsgərliyini qonşu hərbi hissəyə saldırmışdı. Nə qədər səy göstərsə də dil tapmadığı zabitlər cəzalandırmağa bəhanə tapmış, gününü göy əskiyə düymüşdülər.

İlini birtəhər başa vurub işinə qayıtmışdı. Hamı alırdı, verirdi. Sanki bazardaydılar. Karıxıb qalmışdı. Birdən ikiyə nə almışdı, nə vermişdi. Hamının, aşağıların da, yuxarıların da, alanın da, verənin də əl-ayağına dolaşırdı.

- Belə işləmək olmaz, ay oğul. - Axır atası başına ağıl qoymağa çalışdı. - Almırsan, heç olmasa verməyi bacar.

- Mənim rüşvət limitim qurtarıb, ata, - zarafatyana dedi. - Allahdan belə mənim əvəzimdən hamıya rüşvət vermisən. Mən nə alıram, nə də verirəm!

Şər-şəbədə ilə işdən qovdular. Bir müddət ortalıqda bekar avaralandı. Atası dost-tanışla, əl altından rüşvətlə təzə işə düzəltdi. Bu haqq-hesab bir neçə dəfə təkrarlandı.
Atası dünyasını dəyişdi. Adam köməksiz, işsiz qaldı. Bax elə bu zaman qeyri-adi robotunu ixtira etmək, düzəltmək fikrinə düşdü.

Gecə-gündüz baş sındırdı, robotun çertyojlarını hazırladı. Əlaqədar təşkilatların qapısını döydü. Onu maraqla dinləsələr də baş qoşmadılar.

Xəbər qonşu Üstüörtülü ölkəyə çatan kimi sərfəli təkliflər gəldi. “İxtiranı ya sat, ya da köç gəl bizim ölkəyə. Vətəndaşlıq verək, hər cür şərait yaradaq, robotunu burax.”
Təklifi təəccüblə qarşıladı: “Ölkənizdə nə rüşvət var, nə də korrupsiya. Bu ixtira nəyinizə lazımdı?” Başqa ölkələrə satacaqlarını, dedilər. İmtina etdi. Vətənpərvərlik damarı tutmuşdu.

Atasından qalan var-dövləti ixtirasına sərf etmək qərarına gəldi. Kiçik, çoxdan fəaliyyətini dayandırmış bir iş yerini, “obyekti” satın aldı. İçində tikilisi də vardı. Tikili özəldi, torpaq yox.

İşə başlayanda əlaqədar təşkilatlar dedi, gərək torpağı da özəlləşdirəsən. Dedi, mən buranı torpaq qarışıq almışam. Obyekt havada deyil, bu torpaqdadı. Nə adam onları başa düşdü, nə də onlar adamı. Məsələ uzandı.

Üstüörtülü ölkədən yenə sərfəli təkliflər gəldi. Qulaqardına vurdu.

Kağız-kuğuzunu qoltuğuna vurub özəlləşdirmə idarəsinə yollandı. Uzun get-gəldən, çənə-boğazdan sonra torpağının özəlləşdirilməsinə nə az, nə çox, qırx min manat qiymət oxudular. Elə bil notarius təsdiqləmişdi, qəpik güzəşt etmədilər. On üç sot torpağın dövlət rüsumunu öyrənmək istədi, dövlət sirriymiş kimi demədilər. Əlacı kəsildi, işinin xatirinə atasından qalan var-dövlətin bir qismini də belə rüşvət verdi. Özəlləşdirmə sənədini əlinə alıb baxanda gözləri kəlləsinə çıxdı. Orda torpağın hərraca çıxarıldığı, beş min manata ona satıldığı yazılmışdı, verdiyi puldan səkkiz dəfə az. Hamıya bəlli olanı hansı məmura deyəydi? Necə sübut edəydi? Daha səlahiyyətli daha böyük rüşvətxordu! Dərdini ürəyindəki dərd qəbristanlığına gömdü.

Həvəslə tikilinin əyər-əskiyini, uçub-tökülənini hördürməyə, düzəltməyə girişdi. Yerli icra hakimiyyəti, bələdiyyə tökülüb gəldi. Kağız-kuğuzlarını qoydu ortaya. Xala xətrin qalmasın bir o tərəfinə çevirdilər, bir bu tərəfinə. Bic-bic, şeytani gülüşlə qımışdılar, güldülər. Alaşıq-dolaşıq danışıqlarından məsələni anladı. İşinin xatirinə ürəyində “axırıncı dəfə”, deyib istədikləri rüşvəti verdi. Heyvan, oğru-əyri girməsin deyə sahəsinin yola baxan açıq tərəfini hasarlatmaq üçün daş, qum gətirtdi, usta çağırdı. Kitablarda oxuduğu qoçulardan betər bir dəstə qoçu tökülüb gəldi.

- Siz kimsiniz? - Soruşdu. - Nəyə gəlmisiniz?

- Neft şirkətindənik, - dedilər. - Bizim icazəmiz olmadan daşı daş üstünə qoya bilməzsən!

- Niyə? - Əsəbləşdi.

- Ərazi bizimdi.

- Kupçam var! - Kağız-kuğuzunu göstərdi. - Sizin olsaydı, bu ətrafdakı yaşayış binalarının, tikililərinin yerinə heç olmasa bircə dənə neft quyusu, buruğu, tikilisi olardı. Aldığım obyekt bir vaxt fəaliyyət göstərəndə (otuz ildən artıqdı!) sizin şirkətin hələ iyi-tozu da yoxdu.

Dövlətin verdiyi sənədi tualet kağızı da saymadılar. Ötkəmliklə, ağanəzərik, belə gəzərik, irəli duranı əzərik, dedilər!

Əlqərəz, rüşvətli-rüşvətsiz, gördü bu girən kol deyil, hasarsız tikilisində bir sex quraşdırdı. İşıq idarəsi işığını kəsdi, su idarəsi suyunu. Şükür, açar əvəzinə saldığı rüşvət insaf qapılarını tez açdı, düzəlişdilər. Dalınca pajarnı, sanepidomologiya idarəsi, bələdiyyə, sahə müvəkkili, kimlər, kimlər də tökülüb gəldi. “Axırıncı dəfə”, deyə-deyə atasının bir zaman rüşvət kimi alıb topladığı var-dövlətini elə rüşvət kimi də ona-buna payladı. Ən kiçik şurupunacan rüşvətlə əldə etdiklərini, nəhayət, qurub-qoşub arzuladığı robotu yaratdı. Sevindiyindən uçmağa qanadı çatmırdı.

Sənədləşdirmək, təsdiqlətmək üçün patent idarəsindən nümayəndələr çağırdı, robotunu komissiya qarşısına çıxartdı. Rüşvətsiz hər cür işi, əmri yerinə yetirmək qabiliyyətinə malik olduğunu söylədi.

Robota əvvəlcə kiçik bir idarə müdirinin gündəlik işini icra etməyi tapşırdılar. Maşın əmri yerinə yetirmək əvəzinə at kimi şinidi. Başqa göstərişlər verdilər, onları da vecinə almadı, yerinə yetirmədi.

Narazılıqla:

- Cənab, - dedilər, - bizi bura niyə çağırmısan? Sənin robotun heç nəyə yaramır.

- Xahiş edirəm, gözləyin, - adam pərt halda robotun orasını-burasını qurdaladı.

Komissiya üzvləri təzədən əmrlərini verdilər. Yenə heç nə alınmadı. Onlardan biri bic-bic gülərək dedi:

- Siz öləsiniz, bu robotdan gözüm su içmir, üz-gözündən rüşvətxorluq yağır.

Bərkdən gülüşdülər.

- Siz nə danışırsınız? - Adam etiraz etdi. - O, ölkədəki rüşvətin kökünü kəsəcək!

- Artırmasın, qalsın kəsməyi.

Komissiya üzvü cibindən çıxartdığı onmanatlığı robota uzatdı. Bayaqdan qımıldanmayan robot gözlənilmədən lap insan kimi başını buladı.

- Gördünüz? - Adam sevincindən bağırdı.

- Tələsmə, - komissiya üzvü on manatlıq əskinası əllimanatlıqla əvəz etdi.

Robotun gözü-başı qaynadı. Cəld pulu qapıb cibinə basdı. Əmri bir göz qırpımında yerinə yetirdi.

- Bu ki rüşvətxorun yekəsidi!

Canlanan komissiya üzvləri robotla əylənməyə başladılar. Hansı daha iri pul verirdisə onun tapşırığını, əmrini yerinə yetirirdi.

Robotun sahibi dəhşətdən ikiəlli başını qamarlamışdı.

Cibləri boşalan komissiya üzvləri pullarını qaytarmağı tələb etdilər. Robot başını bulayıb durdu. Sahibindən aldılar.

Adam ruhdan düşmədi, gecə yarısına qədər işlədi, çalışıb-vuruşdu, robotunu söküb təzədən yığdı. Gözünü təzə yumub yatmışdı, yuxusunda robotun evdən qaçdığını gördü. Qonşu-qonumu axtardı. Qəzetdə elan verdi, televiziya kanalları ilə aləmə duy vurdu.

Bir də baxdı robotu insan cildinə girib, özünə sənəd-sünəd düzəldib, insanlara qaynayıb-qarışıb, daha ona ehtiyacı yoxdu. Elanı oxuyanlar, televiziyadan eşidənlər gözlərinin qabağında gəzən, adi adamlardan qətiyyən fərqlənməyən robotdan şübhələnməyi ağllarına da gətirmirdilər.

Qeyri-adi bilik və bacarığı ilə tez bir zamanda cəmiyyətdə yerini tutan, vəzifə maneələrini aşan maşın sürətlə irəlləyir, böyüyürdü. Rüşvətin qarşısını almaq, kökünü kəsmək əvəzinə daha böyük, daha mahir rüşvətxora, korrupsionerə çevrilmişdi. Ən dəhşətlisi, robot sahibinin belə ağlına gəlməyən fövqəladə qabiliyyətə malikdi. Öz-özünə doğub-törəyir, çoxalır, idarə və təşkilat-larda vəzifə kürsülərini sürətlə ələ keçirir, komandasını yaradırdı.

Qəribəydi, robotu lənətləmək əvəzinə hər yerdə alqışlarla qarşılayırdılar. Alqışlayanlar elə özü kimi insanabənzər robotlardı. Onları adi adamlardan ayıra, seçə bilməyən ölkə vətəndaşları çaş-baş qalmış, özlərini itirmişdilər.

Robotlar öz liderlərini prezident seçməyə hazırlaşırdılar.

Düzəltdiyi robotun nəyə görə belə alındığını heç cür başa düşməyən adam yuxudan dəhşət içində ayıldı. Gördüklərinin həqiqətə çevriləcəyindən qorxaraq onu tezcə məhv etməyə tələsdi.

Otaqların hamısını, bütün yırtıq-deşiyi axtardı. Onu heç harda tapmadı. Robot qaçmışdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG