Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:19
-
Elməddin Lalayev Bakıya Qubadan işləməyə gəlib. Hazırda uşaq parklarında «Şirin pambıq» və «Xoruzlu şirni» satır. Ağır iş görüb çox pul qazanmaqdansa, səyyar satıcılıq edib az pul qazanmağa razıdır.

«HƏM UŞAQLARI SEVİNDİRİRƏM, HƏM DƏ ÇÖRƏKPULU QAZANIRAM»

Elməddin Lalayev:

«Quba rayonunun Xuzbala kəndindən gəlmişəm. Gözümü açandan qoyun otarıram. Kənddə ondan başqa görüləsi iş də yoxdur. Ona görə durub gəldim Bakıya. İş tapdım. İndi səyyar satıcılıq edirəm. Həm uşaqları sevindirirəm, həm də çörəkpulu qazanıram. Vaxtında sənət qazana bilmədim, xəstələndim. İndi də belə... Gəlib, bu işlə məşğul oluram. Bakıya 3-4 ay olar gəldiyim. Özümü çətinə salmamaqdan ötrü səyyar satıcılıq edirəm».

Elməddinin küçədə pul dillənən insanlardan xoşu gəlmir. Fikrincə, onlar da ən azı onun kimi səyyar satışla məşğul ola bilərlər:

«Dilənmirəm. Çörəkpulumu satışdan çıxarıram. Qazanıb yeyirəm özümçün. Küçədə o qədər «bir siqaret verə bilərsən?» deyən adamlar görürəm ki... Mən bu cür insanların əvəzinə utanıram. Onlara baxanda, düşünürəm ki, mənim kimi işləmək lazımdır».

«AĞIR İŞ GÖRÜB 15 MANAT QAZANMAQDANSA, PAMBIQ SATIB 10 MANAT QAZANARAM»

Elməddin həm işindən, həm də şəhərə gəlişindən razıdır:

«Kənddən şəhərə gələndə müxtəlif insanları görürsən. Adam qaynayıb-qarışır. Həm də Qubaya baxanda, Bakıda iş tapmaq da asandır. Gün ərzində 10-12 manatım olur. Neyləyim? Ağır iş görüb 15 manat alınca, pambıq satıb 10 manat qazanmaq yaxşıdır».

Elməddinin də yeni ildə yeni arzuları var. O, özünə ancaq bol qazanc istəyir:

«Alverimin yaxşı getməsini istəyirəm. Yeni ildə varlanmaq, özümə sənət qazanmaq istəyirəm».

«İSTƏYİRƏM ÇOXLU TIXAC OLSUN»

Murad Fərəczadə də səyyar satıcıdır. Onun yeni il arzusu bir az fərqlidir:

«İstəyirəm yeni ildə çoxlu tıxac olsun. Çünki tıxaclarda əla pul qazanmaq olur. Kənardan yaxınlaşanlar qiymətlə maraqlanır, xoşuna gəlməsə almır, ancaq tıxacda heç kim qiymət soruşmur, alır...».

Murad yeni il günü işləməyəcək. Həmin gün ailəsi ilə gəzib-əylənmək üçün indidən pul yığır:

«Yeni il günü işləmək istəmirəm. Ona görə də bu aralar daha çox işləyib pul qazanıram ki, həmin günümü valideynlərimlə birgə istədiyim kimi keçirə bilim».

İşlərindən və həyatlarından razıdırlar. Bircə polis olmaya. Onlar polisin səyyar satıcılıqla məşğul olmalarına maneçilik törətdiyindən şikayətçidirlər:

«Nə vaxt satışa çıxırıq, polis bizi cərimələyir. Onsuz da çətinliklə pul qazanırıq. Üstəgəl cərimə ödəyirik».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG