Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:51

Ramiz Mehdiyev sərəncam verdi


Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyev “20 Yanvar faciəsinin iyirmi üçüncü ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”nın təsdiq olunmasına dair sərəncam verib.

AzərTAc-ın məlumatına görə sənəddə ölkənin bütün şəhər və rayonlarında, idarə, müəssisə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı toplantı, konfrans və mühazirələrin təşkil olunması, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların göstərilməsi, bədii və sənədli filmlərin nümayişi nəzərdə tutulur.

Sərəncama görə anım tədbirləri mətbuatda işıqlandırılmalıdır.

Eyni zamanda qırğının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri və Azərbaycan icmaları vasitəsilə mərasimlər keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar faciəsi barədə materialların verilməsi planlaşdırılır.

Tədbirlər planına əsasən, 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardım veriləcək, Şəhidlər xiyabanı ərazisində təmizlik-abadlıq işləri aparılacaq, bütün tədris müəssisələrində yanvarın 18-də faciəyə həsr olunmuş xüsusi dərs keçiləcək, Azərbaycanda təmsil olunan əsas dini konfessiya və qurumlar faciə qurbanlarının xatirəsinə xüsusi dini mərasimlər təşkil edəcəklər.

Bundan başqa, sənəddə paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətinin təşkili, saat 12.00-da bütün ölkə ərazisində faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, ardınca isə gəmilər, avtomobillər və qatarlar vasitəsilə səs siqnallarının verilməsi, gün ərzində Şəhidlər xiyabanında matəm musiqisinin səsləndirilməsi, ölkənin hər yerində faciə qurbanlarının xatirəsini yad etmək məqsədi ilə dövlət bayraqlarının endirilməsi və digər tədbirlər nəzərdə tutulub.
XS
SM
MD
LG