Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 10:42

Deputat parlamentin 4 «yox»unu açıqladı


Fazil Mustafa
Fazil Mustafa
-
Dekabrın 28-də Milli Məclis 2012-ci ildə işini bitirdi.

Spiker Oqtay Əsədov parlamentin 2012-ci ildəki fəaliyyətini müsbət dəyərləndirdi: Qəbul edilən 253 qanun layihəsindən, deputatların xarici səfərlərindən söz açdı. Deputatlar bütövlükdə 44 ölkəyə 297 səfər ediblər. Milli Məclisdə 5 böyük beynəlxalq tədbir də keçirilib.

İLİN SON MƏCLİSİ BİTDİ

Məclis bitəndən sonra bəzi deputatlardan Milli Məclisin və özlərinin fəaliyyətinə qiymət verilməsini istədik.

Öz fəaliyyətindən razı qalan Fazil Mustafa parlamentin ötən ilki fəaliyyətini «4»lə qiymətləndirdi:

«Parlamentdən bundan artığını gözləmək də olmaz, çünki parlamentin hüquqları xeyli məhduddur. Televiziyası yox, icra strukturundan tam asılı, müzakirə sistemi yox, müxalifətin təmsilçiliyi yox, fraksiya yaratmaq imkanı yox. Bunların hamısı parlamentin nə qədər məhdud siyasi məkan olmasının göstəricisidir».

DEPUTAT ÜRƏYİNDƏKİLƏRİN 80 FAİZİNİ BOŞALDIB

Fazil Mustafa ilboyu parlament kürsüsündən ürəyində olan sözlərin, hamısını da olmasa, 80 faizə qədərini səsləndirdiyini söylədi:

«Ürəyimdə, adətən, söz qalmır, hamısını deyə bilirəm... Tam demokratik mühit yoxdur ki, 100 faiz fikrimi
Aqil Abbas
Aqil Abbas
deyim».

SEÇİCİLƏRLƏ 100 DƏFƏ GÖRÜŞƏN DEPUTAT PROBLEMLƏRİN 70 FAİZİNİ HƏLL ETDİYİNİ DEYİR

Aqil Abbas deputat kimi özü özündən razıdır:

«Fəaliyyətimin necəliyini seçicilər yaxşı bilər. Mən özüm razıyam. İl ərzində seçicilərimlə, ən azı, 100 dəfə görüşmüşəm. Bütün problemləri həll etmək mümkün deyil, amma 70 faizini həll etmişəm».

AZAY QULİYEV ERMƏNİSTAN PARLAMENTİNDƏ ÇIXIŞINI UĞUR SAYIR

«Həmkarlarımla birgə fevralın 21-dən 23-dək Avronest Parlament Assambleyası çərçivəsində Yerevana səfərimiz oldu. Son 20 ildə ilk dəfə Ermənistan öz parlamentində təcavüzkar dövlət kimi qınandı. Təkidlərimizdən sonra üzərinə «Dağlıq Qarabağ Respublikası» yazılmış lövhənin parlament salonundan çıxarılmasına nail olduq».

Azay Quliyev
Azay Quliyev
Seçicilərin müraciətlərinə gəlincə, deputat il ərzində kommunal məsələlərlə bağlı bir sıra problemi çözdüyünü deyir:

«Şirvan şəhərinin iki qəsəbəsində bankomat çatışmazlığı vardı. O məsələni parlamentdə qaldırdım və Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov dərhal bu məsələyə reaksiya verdi. Beləcə, məsələ həllini tapdı».

QISA MÜSAHİBƏ

AzadlıqRadiosunun müxbiri: - Ötən ilki fəaliyyətinizdən razısınız?

Deputat Çingiz Qənizadə: - Təbii, razı qaldım. Daşlı-kəsəkli, bərbad yolları olsa da, il ərzində 50-yə yaxın kənddə yaşayan seçicilərimlə dönə-dönə
Çingiz Qənizadə
Çingiz Qənizadə
görüşmüşəm.

Müxbir: - Bəs o «bərbad» yolların düzəldilməsi üçün hansı işləri gördünüz?

Deputat: - Mən seçkilər zamanı da demişəm, millət vəkili yol çəkən, işıq çəkən deyil. Amma regionların inkişaf proqramı ilə bağlı prezidentin sərəncamı var. Orda kənd və kəndarası yolların çəkilməsindən də söhbət gedir. Mən də bu məsələdə öz işlərimi davam etdirəcəyəm.

GÖZÜ PARLAMENTİN QAPISINDA QALAN 78 YAŞLI SEÇİCİ

Beləliklə, 2012-ci ilin sonunda parlamentdə öz fəaliyyətindən narazı deputat tapılmadı. Sonuncu məclis çoxdan başa çatsa da, 78 yaşlı Gülçöhrə Abdullayeva gözünü qapıya dikib onunla maraqlanacaq deputatı gözləyirdi. Dediyinə görə, 12 il əvvəl ev dəllalları onu yurd-yuvasız qoyub. İllərdir deputatlarla görüşə gəlir ki, bu məsələyə bir əncam çəkilsin. Amma hələ ki, onun problemini çözəcək, bu ahıl yaşında onu sevindirəcək deputat tapa bilmir.
XS
SM
MD
LG